Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2024 19:07

“100 ilin qəhrəmanları”

Xalqımıza qürur, torpaqlarımıza doğma nəfəs gətirən Zəfərin qazanılmasından 4 il ötür. Öz qanlarıyla üçrəngli bayrağı Vətən göylərinə çəkən şəhidlər tarix yazdılar. Gənc və gələcək nəsillərə örnək ömür yolu miras qoydular. İndi bu mirasın izi ilə yetişir yeni nəsil. Bu günümüz də, gələcəyimiz də etibarlı əllərdədir. Bir qarış da olsun düşmənə torpaq verməyəcək qədər güclü ordumuz, əzmkar gəncliyimiz və bu irsi təbliğ edən ziyalı ordumuz var. Yazılan hər bir yazı, nəşr olunan hər bir kitab qəhrəmanların döyüş yolunu gələcəyə ötürən salnamədir.
Bu günlərdə  təqdimatı keçirilən "Şərq qapısı" qəzetinin hazırladığı "100 ilin qəhrəmanları" adlı kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən Tədbirlər Planına uyğun olaraq işıq üzü görüb.
44 günlük Vətən müharibəsində Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin məzunları olmuş zabitlər, həmçinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri də şücaət göstərmiş, adlarını şanlı Zəfər tarixinin səhifələrinə yazdırmışdılar. Hər birinin fərqli həyat hekayəsi olsa da, məqsədləri eyni olmuşdur: seçdikləri peşəyə sadiqlik, Vətənə məhəbbət və torpaqların işğaldan azad olunmasında son damla qanınadək döyüşmək. Bir amal uğrunda döyüşə atılan Vətən oğulları gözlənilən qələbənin əldə olunmasında pay sahibi olmuş, kimisi şanlı bayrağa bükülərək, kimisi sinəsi medallarla geri qayıtmışdır. Muxtar Respublikanın bütün bölgələrində şəhidlərin uyuduğu xiyabanlar, şəhid evləri ziyarətgaha çevrilmişdir.
"Şərq qapısı" qəzetinin "100 ilin qəhrəmanları" layihəsi çərçivəsində ərsəyə gələn kitabda şanlı Vətən müharibəsində və sonrakı hərbi əməliyyatlarda canından keçib şəhidlik zirvəsinə ucalan igidlərimizin valideynlərinin (Naxçıvan Muxtar Respublikasında yaşayan) övladları haqqında xatirələri yer alıb. 44 cümləyə sığışdırılan hər bir xatirə şəhidlərimizə böyük sevgi və ehtiramın ifadəsidir. 138 şəhid barəsində yazılan hər bir yazıda anaların ürəyinin səsi duyulur. Cəsur oğullar böyüdən anaların fikirləri insana qürur hissi, ali duyğular bəxş edir. "Şəhadətə yüksələn oğlumun ruhu şaddır", "Vətənə qırılmaz tellərlə bağlı idi", "Gələcək nəsil üçün misilsiz qəhrəmanlıq örnəyi", "Şərəfli adını tarixə həkk edən oğul", "Ömrünü Vətənin azadlığı naminə fəda etdi" kimi başlıqlarla verilən hər bir yazı şəhidlərin nə qədər müqəddəs amal uğrunda döyüşdüklərini, ən ali məqama yetişdiklərini göstərir. Gənc nəslə cəsarət, əzm, döyüşkənlik ruhu aşılayır.
"100 ilin qəhrəmanları" layihəsinin rəhbəri "Şərq qapısı" qəzetinin baş redaktoru Sara Əzimova, icraçısı Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, Turan Məmmədlidir.
Kitabda şəhidlərin fotoları ilə yanaşı, onları vətənpərvər ruhda böyüdən valideynlərinin də fotoları yer alıb. Kitab vətənpərvərliyi təbliğ edən, şəhidlik məqamına ucalan igidlərin şücaətlərini əks etdirən dəyərli mənbə, Muxtar Respublikanın 100 illiyinə layiqli töhfədir.

Ruhiyyə RƏSULOVA

Naxçıvan televiziyasının baş redaktoru