Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən kollecin Həmkarlar İttifaqının təsis yığıncağına həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) sədri Kərim Rzayev BHİK-in tarixi və fəaliyəti haqqında geniş məlumat verib. Komitənin fəaliyyət göstərdiyi uzun illər ərzində Müdafiə Nazirliyində çalışan mülki işçilərin sosial-iqtisadi hüquq və maraqlarının müdafiəsinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb. BHİK-in və onun üzv təşkilatlarının hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsi dövründə də ordumuzun yanında olduğunu, hərbi qulluqçularımıza, həkimlərimizə, eyni zamanda, arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirdiyini vurğulayıb. Azərbaycan Ordusunun təhsil sistemindən danışan komitə sədri qeyd edib ki, bu gün hərbi təhsil sistemi ordunun inkişafını müəyyən edən strateji vəzifə kimi mühüm rol oynayır. "Vətən müharibəsindən sonra ölkəmizin müdafiə potensialının gücləndirilməsinə və hərbi qüdrətinin artırılmasına xidmət edən ordu quruculuğu siyasəti yeni mərhələyə qədəm qoyub. Bu xüsusda diqqətçəkən məqamlardan ən mühümü məhz müharibənin, döyüş təcrübəsinin, eyni zamanda, qardaş Türkiyə Respublikasının hərbi sistemi əsas götürülərək geniş islahatların reallaşdırılmasıdır. Ötən il dekabrın 14-də Prezident cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən, ölkənin üç şəhərində - Bakı, Gəncə və Naxçıvanda xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrinin yaradılması da ordu quruculuğu, peşəkar hərbçi kadrların hazırlanması istiqamətində yeni perspektivlər vəd edən sistemli tədbirlərin tərkib hissəsidir. Bu Fərman hərbi kadr bazamızın daha da genişlənməsində mühüm əhəmiyyətə malikdir. Yeni hərbi kolleclərin yaradılması gənclərin hərbi vətənpərvərlik ruhunun daha da yüksəlməsinə müsbət təsir göstərəcək ki, bu da Vətənimizin etibarlı müdafiəsi baxımından çox vacibdir. Çünki Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Biz bu Vətəndə yaşayırıq və təhlükəsizliyini, stabilliyini qorumalıyıq. Bunun üçün də vacibdir ki, bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də bu kimi addımlar atılsın və gənclər öz arzularına uyğun ixtisaslar üzrə biliklərə yiyələnsinlər. Bu sahədə gəncləri stimullaşdıracaq məktəblərin, hərbi təmayüllü təhsil ocaqlarının olması vacibdir. Kollecin pedaqoji heyətinə işlərində uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram", - deyə komitə sədri bildirib.
Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilati işlər üzrə sədr müavini Şəhriyar Əzizbəyli çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Komitə rəhbərliyinin tapşırıq və tövsiyələrinin reallaşdırılması istiqamətində görülən işlər, əmək fəaliyyətlərinin müasir formada həyata keçirilməsi və nəzərdə tutulan gələcək planları haqqında məlumat verib. Qeyd edib ki, komitənin əsas vəzifəsi ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərini və qanuni hüquqlarını müdafiə etmək, kollektiv müqavilələrin vaxtında bağlanması və onun müddəalarının yerinə yetirilməsinə ciddi nəzarət etmək, əmək haqqının vaxtında ödənilməsinə nail olmaq, əməyin mühafizəsi, əməkdaşları təhlükəsiz iş yeri ilə təmin etmək, sağlamlıqlarının qayğısına qalmaq, onları maarifləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Sədr müavini, həmçinin komitənin təşkilati məsələləri, yeni yaradılan təşkilatlar, əməyin mühafizəsi, işəgötürənlə ilk təşkilatlar arasında bağlanmış kollektiv müqavilələrin vəziyyəti və il ərzində verilmiş yollayışların vəziyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra BHİK-in son ildə gördüyü işləri əhatə edən videoçarx nümayiş olunub.
Daha sonra yığıncaqda səsvermə keçirilərək Naxçıvan Hərbi Kollecinin həmkarlar komitəsinin sədri seçilib.
Sonda BHİK-in sədri Kərim Rzayev və digər qonaqlar Naxçıvan Hərbi Kollecinin Xatirə kitabına ürək sözlərini qeyd ediblər.
"Azərbaycan Ordusu"