Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2024 19:06

Hərbi xidmət Vətənə sədaqətdir

Əsgər olub Vətənin keşiyində dayanmaq minlərlə gənc kimi Turqut Osmanlının da arzusu, istəyi olub.  Təhsil aldığı orta məktəbdə intizamlı şagird kimi tanınıb. Vətənimizin tarixi keçmişinə, ədəbiyyatına, incəsənətinə böyük maraq göstərib. Vətənpərvərlik ruhunda formalaşıb.
Turqut Osmanlı uşaqlıq illərindən Ermənistanın Vətənimizə qarşı elan etmədən başladığı müharibənin dəhşətləri törədilən faciələr haqqında valideynlərindən, müəllimlərindən çox eşidib. Cəsur döyüşçülər haqqında yazılan məqalələri, kitabları maraqla oxuyub, sənədli filmlərə düşüncələrlə baxıb. Bəzən özünü də onların sırasında görüb.
Vətən müharibəsində məktəbli Turqut döyüşçülər sırasında olmağı arzulayıb. Müharibənin gedişini əsl vətənpərvərlər kimi izləyib. Qazanılan tarixi Zəfər onun da qədərsiz sevincinə dönüb. Döyüşçülərin hamısını qardaşı bilib...
Vətən müharibəsində şəhid olan qəhrəmanların anım günlərində həmişə ürəyinin hökmü ilə iştirak edib. Onda şəhidlərin ruhuna xitabən o da pıçıldayıb: "Sizin döyüş yolunuzu nümunəvi əsgər kimi davam etdirəcəyik".
O da hərbi xidmətə çağırılıb. Yaxınları, doğmaları onu hərbi xidmətə yola salıblar. Turqut Vətənə, xalqa sədaqətli və mətin oğulların davamçısı kimi xidmət edəcəyini onda da bildirib.
Komando hərbi hissəsində xidmətə başlayıb. Təlim müddətində hərbi xidmətin qayda-qanunlarına yaxından bələd olub. Hərbi Andı qəbul etdiyi günü isə həyatının ən yaddaqalan, unudulmaz günü hesab edir. Əsgər yoldaşları ilə birgə o da Vətənin müdafiəsində dayanıb. Turqut nümunəvi əsgər kimi tanınır. O, xidməti vəzifələrini layiqincə yerinə yetirir. Atıcı silahlardan bacarıqla istifadə etmək qabiliyyətinə malikdir.
Göstərilən etimadı həmişə doğruldan əsgər Turqut Osmanlı müddətli həqiqi hərbi xidmətini yüksək döyüş və mənəvi hazırlığa malik olan əsgər kimi davam etdirir. O, Azərbaycan əsgəri kimi şərəfli bir adı daşıdığından, dünyada qalib ordu kimi tanınan orduda xidmətindən qürur hissi keçirdiyini dedi:
- Qüdrətli bir xalqın, qalib ordusunun əsgəri olmaq şərəfini yaşamaq necə xoşdur. Əsgər yoldaşlarımla birgə Vətənimizin keşiyində ayıq-sayıq dayanmışıq. Şəhid qardaşlarımızın davamçıları kimi Vətənimizin ərazi bütövlüyünü, suverenliyini göz bəbəyimiz kimi qoruyuruq. Bu müqəddəs vəzifəni məsuliyyətlə yerinə yetiririk.
Amalları, məqsədləri həmişə bir olan Vətən müdafiəçilərinin sırasında mətinliklə xidmət edən Turqut Osmanlı gələcək arzusunu da Vətənə nümunəvi xidməti ilə reallaşdıracaq.
Komando hərbi hissəsində xidmət edən əsgər Turqut Osmanlı onu da bildirdi ki, Azərbaycan əsgəri Vətənə sədaqətin əsgəridi.

Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"