Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2024 12:25

Həkimin peşəkarlığı onun insanlara olan sevgisidi

Hər bir peşənin insan həyatında əhəmiyyəti böyükdü. Bu peşələr sırasında həkimlik ən yüksəkdə dayanır. İnsan dünyaya göz açan gündən ana qayğısı və həkim nəzarəti ilə və s. böyüyür. Ən qədim zamanlarda da həkimlik peşəsi mövcud olub. Xəstələnənləri loğmanlar, yaşlı qadınlar, xalq təbabəti ilə məşğul olanlar türkəçarə üsullarla sağaldıblar. Elmin, texnikanın, təbabətin inkişaf etdiyi dövrdə tibb sahəsi də davamlı olaraq inkişaf edir. Ölkəmizdə hərbi tibb də eyni yoldadı. Ordumuzun yarandığı ilk illərdə bu sahədə böyük çatışmazlıqlar mövcud olsa da, indi həmin çatışmazlıqlar arxada qalıb. Dövrün tələblərinə cavab verən tibbi avadanlıqlar, peşəkar həkim kontingenti ilə formalaşmış hospitallar fəaliyyət göstərməkdədir.
Otuz ilə yaxın davam edən Qarabağ müharibəsi başa çatıb. Bu illər ərzində cəbhə boyu gərgin döyüşlər gedib. Atəşkəs illərində də düşmənlə təmas xəttində ara-sıra döyüşlər olub. Əlbəttə, güllələr atılan, mərmilər partlayan yerlərdə (bunu insanları məhv etmək üçün atırdılar) yaralısız, itkisiz keçinmək mümkün deyildi. Yaralıları həyata qaytarmaq üçün çalışan həkimlərin xidmətləri böyükdü. Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Şahvələd Abdulkərimov Vətənimizin şirin ləhcəsi ilə seçilən Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini "ümumi cərrahlıq" ixtisası üzrə bitirib. O, universiteti bitirəndə Azərbaycan xalqı yenicə müstəqilliyə qədəm qoymuşdu. Dövlətimizin qarantı olan Azərbaycan Ordusu yeni yaranırdı. Bununla bərabər ölkəmizin ərazi bütövlüyünə qarşı erməni təcavüzü getdikcə artmaqda idi. Zamanın belə bir ağır dönəmində gənc həkim Şahvələd Abdulkərimov könüllü olaraq ordu sıralarında həkim kimi xidmətə başlayır. O dövrdə yeni yaranmaqda olan ordumuzda zabit çatışmazlığı ilə yanaşı, hərbi həkimlərə də sonsuz ehtiyac yaranmışdı. Şahvələd həkim hərbi xidmətə başlayanda tibb xidmətində mövcud olan boşluğu görürdü. Günbəgün genişlənməkdə olan müharibə də bu vəziyyətin yaxşıya doğru dəyişilməsinə əsaslı əngəllər yaradırdı. Birinci Qarabağ müharibəsi zamanı Şahvələd həkim cəbhənin Ağdam-Ağdərə istiqamətində hərbi hospitalda tibb xidməti leytenantı həkim-cərrah kimi fəaliyyət göstərirdi. Bu gün isə qocaman, saçları ağarmış həkimlə qarşı-qarşıya oturub ötən illərə nəzər salırıq. Şahvələd həkim ortaboy, gülərüz, şirindil insandı. Balaca iş otağında stol-stullar və paltar dolabı var. Masanın üzərində tibbi kitablar və yazı jurnalı da diqqətimizi çəkdi.
- Arada vaxtım olanda bədii ədəbiyyat da oxuyuram, tibbin yenilikləri ilə bağlı mütaliə də edirəm. Bunlar mənə həkim kimi fəaliyyətimi davam etdirməyimə kömək edir. Dünyada tibb sahəsi daim yenilənməkdədir, biz də inkişaf etməliyik. Bizim də inkişaf etməyimiz xalqımızın sağlamlığı naminədir. Yeni müalicə üsullarını öyrənmək, onları tətbiq etmək başlıca məqsədimizdir, - Şahvələd həkim dedi.
Birinci Qarabağ müharibəsi illərində və atəşkəs dönəmində Şahvələd həkim yaralı döyüşçülərimizi cərrahi əməliyyata götürüb. Onların həyatda qalmaqlarına yardım edib.
- Həkim, ağır əməliyyatdan sonra sağalan döyüşçü nə vaxtsa qarşınıza çıxıbmı?
Şahvələd həkim sanki bu sualı gözləyirmiş. Gülər üzlə gözlərini üzümə zilləyib sualımı tamamlamağımı gözlədi.
- Əlbəttə, olub, özü də çox. İnanın səmimiyyətimə, mən onların heç birini tanımamışam. Bir dəfə "20 Yanvar" metrosunda orta yaşlı bir kişi mənə yaxınlaşdı.
- Şahvələd həkimsinizmi?
- Dedim, bəli. Elə bu an ixtiyarsız həmin adam məni qucaqladı. Döyüşdə ağır yaralanıb əməliyyat etdiyim əsgər imiş. Sağlamlığını qaytardığım üçün bilmirdi mənə daha nə cür təşəkkür etsin. Bu kimi hallara bir neçə dəfə rast gəlmişəm. İnsanların, döyüşçülərimizin sağlamlığını özlərinə qaytardığımı hiss edəndə özümdə mənəvi bir rahatlıq tapıram.
Hərbi xidmətinin demək olar ki, hamısını səhra hospitallarında keçirən həkim-cərrah Şahvələd Abdulkərimov 2017-ci ildə təqaüdə çıxsa da, təcrübəli həkimə mülki həkim kimi hospitalda qalıb işləməyi təklif olunub. O da öz növbəsində təklifi qəbul edib.
Tibb xidməti polkovnik-leytenantı Mirağa Tarverdiyev Şahvələd həkim haqqında "Onun ünvanına ancaq xoş sözlər yaraşır", - dedi.
Mirağa həkim daha sonra dedi ki, İkinci Qarabağ müharibəsində Şahvələd həkimin xidmətləri danılmazdı. O, hospitala daxil olan yaralıları təxirə salınmadan cərrahi əməliyyat edib. Əməliyyatdan sonra onların səhhətində ciddi irəliləyiş olub. Şahvələd həkim kimi bacarıqlı, təcrübəli həkimlərin sayəsində yaralı əsgərlərimizi həyata qaytara bilmişik.
İkinci Qarabağ müharibəsi də hospitalın cərrahiyyə şöbəsində aparıcı cərrah kimi çalışan Şahvələd həkimin yaddaşında əbədi iz qoyub. O qanlı-qadalı günlər arxada qalsa da, onun ağrıları hələ də yaddaşımızdadı. Ali Baş Komandanın rəhbərliyi altında biz erməni işğalında olmuş torpaqlarımızı azad etdik. Mən də müharibənin getdiyi vaxtda gecə-gündüz demədən hərbi səhra hospitalında çalışdım və igid yaralı oğullarımıza mümkün olan tibbi yardım göstərdim. Həmin anda xalqımızın da ruhunu gördüm, əsgərlərimizin də. Şahidi olduğum bir hadisə mənim heç zaman yadımdan çıxmaz. Hospitala qolunu mərmi aparmış bir yaralını gətirdilər. Onu təcili əməliyyata götürürdüm. Yaralı döyüşçü dedi ki, mən gəzirəm, məndən də ağır yaralılar var, onlara kömək edin!" - tibb xidməti polkovnik-leytenantı dedi.
Xalqımız da, dövlətimiz də torpaqlarımızı düşmən tapdağından azad etmək üçün son dərəcə yüksək ruhda idi. Şahvələd həkim dedi ki, hospitala yaxın ərazidə orta məktəb vardı. Bir gün şagirdlər gəlib "biz də yaralılara kömək etmək istəyirik", - deyiblər. Yəni, köməksiz deyildik, demək istədiyim odur ki, bu, xalqın vətənpərvərliyinin böyük göstəricisi idi. Bu cür xalqın torpağı düşmən işğalında çox qala bilməzdi.
Şahvələd həkim bu gün hospitalın cərrahiyyə şöbəsinə daxil olan hərbi qulluqçuları müayinə edir, cərrahi əməliyyata ehtiyacı olan xəstəni planlı şəkildə əməlyyat edir. Ona bu işdə yaxından kömək edən tibb bacılarından qadın hərbi qulluqçu Günel Həziyeva və Aynur Məmmədovanın fəaliyyətini yüksək qiymətləndirdi. Müharibə zamanı yaralılara, indi isə daxil olan hərbi qulluqçulara təyin edilmiş dərmanların vaxtında verilməsini lazımınca təmin edirlər.
Şahvələd həkim səhra hospitalının cərrahiyyə şöbəsində yaradılan şəraitlə, ən yeni tibbi avadanlıqlarla da bizi tanış etdi. Keçirdiyi sonuncu cərrahi əməliyyatdan çıxan hərbi qulluqçu ilə də tanış olduq. O da özünü əməliyyatdan sonra çox yaxşı hiss etdiyini və Şahvələd həkimə, həmçinin əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
...Şahvələd həkimlə söhbətlərimiz bizim inamımızı daha da artırdı: Yaxşı həkim də ordunun qüdrətlənməsinin əsgəridir...

Bəxtiyar ƏLİYEV,

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"