Azərbaycan Ordusunda hərbi qulluqçuların döyüş hazırlığı ilə yanaşı, onların mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində şəxsi heyətə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımızın qəhrəmanlıq tarixindən, igid oğullarımızın torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi şücaət nümunələrindən danışılır. İctimai-siyasi hazırlıq dərsləri hərbi qulluqçularımızın mənəvi-psixoloji cəhətdən hazırlıqlı olmaları ilə yanaşı, xalqımızın milli və dövlətçilik dəyərlərini dərindən mənimsəmələrini təmin edir.
"N" hərbi hissəsində ictimai-siyasi hazırlıq dərsində iştirak etdik. Məşğələ rəhbəri baş leytenant Cavid Mustafayev mövzunu ətraflı izah edərək, əsgərlərin suallarını cavablandırdı. Dərs başa çatdıqdan sonra zabitlə həmsöhbət olduq.
Öyrəndik ki, Cavid hərbçi peşəsini seçim edərək ən böyük arzusunu həyata keçirib. "Uşaqlıqdan ən böyük arzum hərbçi olmaq, Vətənimizin keşiyində dayanmaq idi. Ordumuzda baş verən yenilikləri həmişə həvəslə izləyirdim. Zabit heyəti danışanda özümü bir anlıq onların yerinə qoyurdum. Bu gün çox xoşbəxtəm ki, ən böyük arzum reallığa çevrilib. Təhsil aldığım müddətdə həmişə müəllimlərimin öyrətdiklərini dərindən mənimsəməyə, hərbin sirlərinə mükəmməl yiyələnməyə çalışmışam. İndi isə məqsədim qazandığım bilik və bacarıqları şəxsi heyətə aşılamaq, əsgərlərimizin savadlı, təcrübəli döyüşçü və layiqli vətəndaş kimi formalaşmasında vasitəçi olmaqdır. Bu vəzifənin öhdəsindən gəlmək üçün əlimizdən gələni əsirgəmirik. Bölmələrdə keçirilən ictimai-siyasi hazırlıq dərsləri şəxsi heyətin milli dəyərlərimizi mənimsəməsinə, Vətənə xidmətin müqəddəsliyini dərk etməsinə böyük kömək edir. Bundan başqa, məşğələlərdə Azərbaycanın müasir dövrünə aid mühüm hadisələr, dövlətin və ordunun inkişafı ilə bağlı məlumatlar verilir. Məşğələlərdə bilik və təcrübələri tətbiq edirik ki, dərslərimiz həm səmərəli, həm də maraqlı olsun. Hər birimiz yaxşı bilirik ki, döyüşdə yalnız yüksək hazırlıqlı əsgər düşməni məhv etməyə və xalqımıza qələbə sevincini yaşatmağa qadirdir. Bunun əyani sübutu kimi, 2020-ci ilin Vətən müharibəsini və 2023-cü ilin 19-20 sentyabrında Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatını göstərmək olar. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan qəhrəman oğullarımız işğal altında olan torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdilər", - deyə zabit bildirdi.
Əsgər Elvin Qasımov isə qeyd etdi ki, Vətənə xidmət etmək, torpaqlarımızın keşiyində durmaq onun müqəddəs borcudur. Söhbət əsnasında öyrəndik ki, Elvinin babası Böyük Vətən müharibəsi, atası isə Birinci Qarabağ müharibəsi veteranıdır. "Uşaq yaşlarımda babam və atam mənə döyüşlərdə iştiraklarından danışırdılar. Mən də onları maraqla dinləyirdim. Atam həmişə deyərdi ki, Vətəni sevmək onun sevinci ilə sevinmək, kədəri ilə kədərlənməkdir. Vətəni sevmək üçün isə onun tarixini bilməli, qəhrəmanlarını yaxından tanımalısan. İşğaldan azad olunmuş bu torpaqlar babalarımızın və atalarımızın doğulduğu, uğrunda göz qırpmadan canlarından keçən qəhrəmanlarımızın yatdığı məkandır. Doğulduğun yerdən asılı olmayaraq bizləri yalnız bir amal birləşdirir: doğma Azərbaycanımıza məhəbbət, işğaldan azad olunmuş torpaqlarımızı gözbəbəyi kimi qorumaq. Xalqımızın illərdir çəkdiyi həsrətə qalib Azərbaycan Ordusu son qoydu. Mən də bu gün rəşadətli ordumuzun sıralarında xidmət etməyimlə qürur duyuram.
Hərbi xidmətə gəldiyim gündən etibarən doğma torpaqlarımızın müdafiəsində dayanmaqla yanaşı, keçirilən dərslərin hesabına hərbin bütün sirlərini dərindən mənimsəyirik. Bunun üçün də komandirlərimiz əllərindən gələni əsirgəmirlər. Məşğələ bitdikdən sonra da yaranan suallarımızı cavablandırırlar. Bizlər də onların etimadını doğrultmağa, verilən əmr və tapşırıqları məsuliyyətlə və dəqiq yerinə yetirməyə çalışırıq. Hər birimiz yaxşı bilirik ki, onlar da bizim savadlı, hərbin bütün incəliklərinə dərindən yiyələnən əsgərlər kimi formalaşmağımızı istəyirlər", - deyə əsgər E.Qasımov dedi.
Digər əsgərlər də bildirdilər ki, üzərilərinə düşən vəzifənin məsuliyyətini yaxşı dərk edirlər. Fəxr edirlər ki, qalib ordunun sıralarında xidmət edir, torpaqlarımızın müdafiəsində inamla dayanırlar.
Elçin İMANOV
"Azərbaycan Ordusu"