Respublikamızın hərbi səhiyyə sahəsi Birinci Qarabağ müharibəsindən sonra günü-gündən inkişaf edərək, bu istiqamətdə illərlə dünya təcrübəsi öyrənilərək nailiyyətlər qazanıldı. Beynəlxalq təcrübələrdən yararlanan hərbi səhiyyəmizin maddi-texniki təminatı ən müasir texnologiyalarla, tibbi avadanlıqlarla təchiz edilərək möhkəmləndirildi. Bu yöndə geniş fəaliyyət proqramları nəzərdən keçirildi. Fikirləşəndə ki, respublıkamız ağır müharibə şəraitində idi, onda bir daha aydın olur ki, hərbi səhiyyəmizin inkişafına, müasirləşməsinə yüksək diqqət və qayğının göstərilməsi labüd və təxirəsalınmaz işlərin görülməsi, yüksək ixtisaslı, peşəkar, vətənpərvər tibbi heyətin yaradılması da zəruri, eyni zamanda, həlli vacib məsələlərdən idi.
Qeyd etmək yerinə düşər ki, illərlə yüksək ixtisaslı, peşəkar, vətənpərvər hərbi tibbi heyətimiz Vətənimizin keşiyində dayanan hərbi qulluqçularımızın sağlamlığının qorunmasında əllərindən gələni əsirgəmədi, onların sağlamlıqlarının keşiyində dayanaraq, hər birinə diqqət və qayğı ilə yanaşdılar.
İkinci Qarabağ müharibəsində və ondan sonrakı dönəmdə həyata keçirilən döyüş əməliyyatlarında iştirak edən ordumuzun tibb heyəti də ağır sınaq günlərindən alnıaçıq, üzüağ çıxdı. Vətənimizin bütövlüyü, suverenliyi uğrunda cəbhədə qürurla, əzmlə döyüşən fədakar hərbi qulluqçularımıza tibbi yardım göstərdilər. Şəhidlik zirvəsinə yüksələnlər də, yaralananlar da oldu...
Həkimlik peşəsi insanların həyatda yaşamasına yardım edən, ümid verən ən ali və müqəddəs peşələrdən biridir. Böyük Yaradandan güc alaraq insanlığa varlığı ilə bağlanan həkimlər hər zaman cəmiyyətdə böyük hörmətə, nüfuza malik olublar. Hələ qədim zamanlardan müxtəlif xəstəliklərə düçar olmuş insanların həyatı uğrunda mübarizə aparan loğmanlar şəfaverici bir auraya malik şəxslər kimi dəyərləndirilirdi. Antik ədəbiyyatda Homer "İlliada" əsərində yazırdı ki, məharətlə müalicə edən bir həkim ömrü çox-çox insan ömrünə dəyər. Ta o vaxtdan insanlara şəfa bəxş edən bu sənətin qiymətli və zəngin əxlaqi ənənələri zərrə-zərrə artaraq, tamamilə yeni əhəmiyyət kəsb etdi.
Qeyd etdiyim tibb sahəsində çalışan hər bir işçinin humanizm prinsiplərinə əsaslanan müqəddəs vəzifələrini Azərbaycan Ordusunun bütün hərbi tibb heyəti yüksək səviyyədə yerinə yetirir. Bütün bunlar 44 günlük Vətən müharibəsində öz təsdiqini bir daha tapdı. İkinci Qarabağ müharibəsindən öncə cəbhə xəttində, bu gün isə işğaldan azad olunmuş ərazilərimizdə yerləşən hərbi hospitalın tibb heyəti də ağır sınaq günlərində qarşıya qoyulmuş döyüş tapşırıqlarını gecə-gündüz layiqincə yerinə yetirdi. Təsadüfi deyil ki, bu hospitalın yüzdən çox Vətən müharibəsi veteranı adı alan hərbi qulluqçusu və mülki işçisi var. Doğrudan da, qürurverici rəqəmdir. Demək olar ki, hospitalın bütün şəxsi heyəti döyüşüb. Hərbi hospitalın binası yenidən təmir olunub, lazımi tibbi avadanlıqlar quraşdırılıb və ordumuzun hərbi qulluqçularının istifadəsinə verilib. Səliqə-sahman, təmizlik də öz yerində - göz oxşayır. 15 aprel 2021-ci ildə gördüyümüz köhnə, təmirsiz, heç bir kommunal şəraiti olmayan hərbi hospitaldan əsər-əlamət qalmamışdı. Otaqlar işıqlı, isti, lazımi şəraitlə təmin olunub.
Hospitalın cərrahiyyə bölməsindən yazı hazırlamaq üçün bölməyə daxil oluram. Xəstələr müasir tibbi avadanlıq və aparatlarla təchiz edilmiş otaqlarda müalicə alırlar. Bölmənin baş əməliyyat tibb bacısı qadın hərbi qulluqçu baş çavuş Günel Həziyeva əslən Füzuli rayonundandır. Ata-baba yurdu 30 ilə yaxın erməni faşistləri tərəfindən işğal olunmuşdi. 2 nömrəli Baza Tibb Texnikumunun müalicə işi fakültəsini bitirib. Beş ildir ki, "N" hərbi hissəsində (hərbi hospitalda) xidmət edir. Öncə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hospitalında səkkiz il hərbi xidmət keçib. Artıq Günelin doğma yurdu, eli, obası Vətənimizin qəhrəman, igid oğullarının, şəhidlərimizin sayəsində azad olunub.
Günel seçdiyi peşənin özəlliklərindən danışdı: "Tibb işçiləri fədakar insanlardır. Məlumdur ki, onların fəaliyyətinin nəticəsi ayrı-ayrı və ya çoxsaylı insan taleyinə əsaslı təsir göstərir. Bu isə ağ xalat geymək və insanları müalicə etmək hüququ və səlahiyyəti qazanmış hər bir şəxsin üzərinə düşən məsuliyyəti artırır. Xüsusilə, mürəkkəb, ekstremal situasiyalarda hər bir tibb işçisi fəal, sərbəst, qətiyyətli, qorxmaz olmalıdır. İnsanların sağlamlığının yaxşılaşdırılması qayğısına qalmaq və hətta lazım gələrsə, öz həyatı bahasına xəstənin həyatını, sağlamlığını qorumaq hər birimizin insanlığın xilası naminə mənəvi və əxlaqi borcu hesab olunur. Demək olar ki, biz daim ekstremal şəraitdə çalışırıq, öz üzərimizdə ikiqat məsuliyyət hiss edirik. Ona görə ki, əlimizdən şəfa tapan insanlar gecə-gündüz Vətənin müdafiəsində dayanan hərbçilərimizdir. Bizim vəzifəmiz onların sağlamlıqlarının keşiyində dayanmaqdır. Çünki onlar xalqımızın dinc, rahat, sakit yaşaması üçün canlarını qurban verməyə hazır olan fədakar övladlarıdırlar".
Baş çavuş G.Həziyeva cərrahiyyə bölməsinin xidməti ilə bağlı fikirlərini də bizimlə bölüşdü: "Bölməmizə daha çox əməliyyat profilli xəstələr qəbul olunur. Eyni zamanda, somatik xəstəlikləri (böyrək daşı, lor profilli burun-boğaz, göz xəstəlikləri) olan xəstələr də müalicə olunurlar. Günün nizam qaydalarına uyğun olaraq, hospitala xəstələr daha çox I-IV günlər qəbul edilirlər. Gün ərzində bir neçə kiçiktipli əməliyyatlarımız olur. Kollektiv olaraq üzərimizə düşən vəzifəni peşəkarcasına və qürurla, fəxrlə yerinə yetiririk. Hər bir əsgərə, ümumiyyətlə, bütün hərbi qulluqçularımıza yüksək diqqət və qayğımızı əsirgəmirik".
Qeyd edim ki, Günel, eyni zamanda, ötən il Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi antiterror əməliyyatı zamanı hospitalın tibb heyəti tərkibində hərbi hissənin qarşıya qoyduğu döyüş tapşırığını layiqincə yerinə yetirib. Gecə-gündüz yaralılarımıza xidmət göstərən tibb heyətlərimizin sırasında olub. Belə ki, üç istiqamətdə - Şuşa, Füzuli rayonunun Dövlətkarlı kəndi və Hadrut istiqamətində səyyar tibb qrupları açılmışdı.
Baş çavuş G.Həziyeva vəzifə borclarını məsuliyyətlə və layiqincə yerinə yetirdiyinə görə dəfələrlə hərbi hissə rəhbərliyinin fəxri fərmanlarına, təşəkkürlərinə layiq görülüb.
İşğaldan azad olunmuş ərazimizdə yerləşən hərbi hospitalın cərrahiyyə bölməsindən götürdüyüm qeydlərimin sonuna bunları əlavə edirəm: "Siz tibb işçıləri insanların ağrı-acısını azaldan və yaxud da yox edən şəfaverici qüvvəyə maliksiniz. Allah Təala tərəfindən seçilmiş insanlarsınız. Şəfqətli əllərinizlə neçə-neçə Vətən müdafiəçisinin yaşam mücadiləsində həyat işığını yenidən siz yandırmısınız".
Lalə HÜSEYNOVA,
foto
Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"