"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!"
Bu fikirlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ordusunun güclənməsi və inkişafı yolunda söylədiyi ən önəmli kəlamlardan biridir. Bu gün şanlı Azərbaycan Ordusunun hərbi qulluqçuları məhz bu ideyanın davamçıları olaraq öz ali və şərəfli peşələrində inamla xidmət edirlər. Məhz torpaqlarımız uğrunda tarix boyu mübarizə aparmış hər bir Vətən övladının keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıq və igidliklər hər birimizin qəlbində əbədi yaşamaqdadır.
Ölkəmizin hər bir diyarı kimi, Salyan torpağı da tarixin hər dönəmində vətənpərvər övladlar yetişdirmişdir. Mayor Zəkulla Rəhimov da tarixi zəfərin qazanılmasında xüsusi xidmətləri olan hərbi qulluqçularımızdandır. Uşaq yaşlarından hərbi geyimə maraq göstərən, hərb sənətini özünün gələcək həyat yolu olaraq seçən Zəkulla sonralar bu istəyini reallaşdırıb.
Zəkulla Dilavər oğlu Rəhimov 1990-cı il avqustun 31-də Salyan rayonunda anadan olub. Hələ uşaq yaşlarından qaydalara əməl etməyi, dəqiqliyi və nizam-intizamı ilə seçilən Zəkulla orta təhsilini başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlib. Onun bu seçimi sadəcə bir peşə deyil, həm də gələcəkdə özünü Vətənə xidmətlə ifadə etməyə yönəlmiş bir qərar idi. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) aldığı hərbi təhsil onun zabit kimi formalaşmasında önəmli yer tutub. Zəkulla Rəhimov 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bilik və bacarıqlarını daha da təkmilləşdirib. Xidmət dövrü ərzində müxtəlif ixtisasartırma kurslarında iştirak edərək hərbi bilik və təcrübəsini genişləndirib.
Azərbaycan Ordusunun inkişafı ilə bağlı uğurların əsas səbəbi onun peşəkar hərbçilərinin əzmkarlığında və dayanıqlılığındadır. Mayor Z.Rəhimov da öz qətiyyətli xidmət yolu ilə fərqlənir. Zabit ilə söhbətimiz zamanı onun necə peşəkar bir hərbçi olduğunun bir daha fərqinə vardım. "Hərbçi olmaq qərarını necə verdiniz? Bu yolda ilk addımlarınızı necə xatırlayırsınız?" Suallarımı o, bu cür cavablandırdı: "Zabit olmaq arzum hələ uşaqlıqdan formalaşıb. Vətənə xidmət etmək mənim üçün həmişə bir şərəf olub. 2007-ci ildə Ali Hərbi Məktəbə daxil oldum. Bu məktəbin mənim zabit kimi formalaşmağımda çox önəmli rolu var. Əslində, zabit olmaq təkcə fiziki hazırlıqlı olmaq demək deyil, həm də psixoloji davamlılıq tələb edir. Məhz təhsil müddətimdə və sonrakı fəaliyyətimdə bunu öyrəndim".
Mayor Zəkulla Rəhimov iştirakçısı olduğu hərbi əməliyyatlar barədə xatirələrini də bölüşdü: "Hər bir əməliyyatın öz xüsusi çətinlikləri və əhəmiyyəti var. 2016-cı ilin Aprel döyüşləri mənim üçün bir dönüm nöqtəsi idi. İlk dəfə düşmənlə real təmasda olmaq, əməliyyatlarda iştirak etmək bir hərbçi üçün böyük təcrübədir. Amma ən vacib dövr, əlbəttə, 44 günlük Vətən müharibəsi oldu. Hər birimiz bilirdik ki, bu mübarizə tarixi bir missiyadır. Biz döyüşə getməzdən əvvəl bilirdik ki, qalib gələcəyik. Bu inam bizə Müzəffər Ali Baş Komandanımızın qətiyyətindən və xalqımızın dəstəyindən gəlirdi. İştirakçısı olduğum Vətən müharibəsindən sonra bir sıra medallarla da təltif olundum. Ancaq mənim üçün ən böyük mükafat torpaqlarımızın işğaldan azad olunması oldu. Bu yolda canından keçən bütün silahdaşlarımın, Vətən övladlarının ruhları qarşısında baş əyirəm".
Mayor Zəkulla Rəhimovun fikrincə, zabitlik yalnız bir peşə deyil, həm də məsuliyyətli bir missiyadır. O, gənc nəslə belə bir tövsiyə də etdi: "Hər bir Azərbaycan övladı öz sahəsinin ən yaxşısı olmaq üçün çalışmalıdır. Vətənə xidmət təkcə hərbi sahədə deyil, hər bir işdə mümkündür. Ancaq hərbçi olmağı seçən gənclər bilməlidirlər ki, bu, qürur dolu şərəfli bir yoldur".
Qeyd edək ki, 2016-ci ilin Aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatının iştirakçısı olan mayor Zəkulla Rəhimov döyüşlərdə verilən tapşırıqları vaxtında, dəqiq və peşəkarlıqla yerinə yetirib. O, Vətən müharibəsindən göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının müvafiq sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Sonda qeyd edək ki, Azərbaycan Ordusu bu gün dövlətimizin gücü ilə yanaşı, xalqımızın birliyini, mətinliyini və Vətən sevgisini də dünyaya nümayiş etdirir. Mayor Zəkulla Rəhimov kimi zabitlər isə bu gücün, bu sevginin canlı təcəssümüdür. Onun Vətənə olan sonsuz sevgisi bu torpağın hər bir qarışını qorumaq uğrunda mübarizəyə ilham verir.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"