Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2024 12:26

Heydər Əliyev fenomeni və tarixi Zəfərlə nəticələnən milli strategiya

Bu il torpaqlarımızın Ermənistan silahlı birləşmələrinin işğalından azad olunmasının, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnən Vətən müharibəsində qələbəmizin 4-cü, uğurlu antiterror əməliyyatının 1-ci ildönümünü qürurla qeyd etdik.
Yaxın tariximizdə ölkəmizdə həyata keçirilən və sonda şanlı Zəfərimizi təmin edən bütün proseslər, xüsusilə də ordu quruculuğu prosesi Azərbaycana rəhbərliyi dövründə xalq qarşısında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin gördüyü işlər, cərəyan edən hadisələr, islahatlar və qəbul olunmuş qərarlar haqqında onun anım günündə yenidən danışmaq Dahi Rəhbərə hörmət və ehtiramın göstəricisidir.
Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını, qüdrətini dünyaya nümayiş etdirirlər. Tariximizin ən çətin və keşməkeşli dönəmində Azərbaycanın və xalqımızın nicatı, qurtuluşu, xoşbəxt gələcəyi, müasir dövlətimizin qorunması, eləcə də quruluşu, inkişafı naminə hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyev məhz belə dahi tarixi şəxsiyyətlərdəndir.
Heydən Əliyevin Azərbaycan naminə müdrik fəaliyyəti çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş, respublikamızın gələcək inkişaf strategiyasının əsaslarını müəyyən etmiş, gələcək uğurların təməlini qoymuş və xalqımızın tarixi taleyində silinməz izlər buraxmışdır. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafı, bir sözlə, elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin izi, əməyi olmasın.
Bu gün tarixə nəzər saldıqda illər öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin səsləndirdiyi fikirlərinin tarixi baxımdan nə qədər düzgün, önəmli olduğunun şahidi oluruq. Bu gün desək ki, Heydər Əliyev bəzi hadisələrin qarşısını almağa hələ 1971-ci ildən başlamışdı, tam yerinə düşər. Bəli, dahi insan olaraq Ulu Öndərin ən gözəl xüsusiyyətlərindən biri məhz hadisələrin nəticəsinin aradan qaldırılmasına deyil, baş verə biləcək proseslərin qarşısının əvvəlcədən alınmasına üstünlük verməsidir.
Düşünürük ki, 1971-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratmaqla, azərbaycanlı gəncləri hərbi təhsilə sövq etməklə və yönəltməklə gələcəkdə baş verə biləcək hadisələri öncədən gördüyünün qənaətinə gəlmək, hətta bunu iddia etmək mümkündür.
Tarixi faktlardan öyrəndiklərimizə görə çoxlarımıza məlumdur ki, sovetlər birliyi bərqərar olduğu ilk illərdən başlayaraq bütün münaqişə ocaqlarında həyata keçirilən döyüş əməliyyatları zamanı sovet qoşunlarının tərkibində xidmət edən azərbaycanlı hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmişlər. Lakin bütün bu igidliklərə, qəhrəmanlıqlara, yüksək xidmətlərə rəğmən soydaşlarımızın geniş tərkibdə ali hərbi təhsil müəssisələrinə qəbul edilməsinə süni maneələr yaradılmış, savadı, biliyi, istedadı sayəsində irəli çıxmağa nail olan hərbçilərimizə qarşı isə həmişə qısqanclıqla yanaşılmışdır. Sovetlər dönəmində, yəni, keçən əsrin 60-cı illərində respublikamıza rəhbər təyin edilən Heydər Əliyevin ilk mübarizə apardığı amil də məhz bu oldu - azərbaycanlı gənclərin hərbi xidmətə olan marağının qarşısında yaradılan maneələrin aradan qaldırılması və azərbaycanlı hərbçilərə qarşı haqsız davranışların kökünü kəsmək.
Üstündən illər keçdikdən sonra bu gün fəxrlə, qürurla deyə bilərik ki, bu işin öhdəsindən Heydər Əliyev inamla, qətiyyətlə gəldi. Onun bu istiqamətdə fəaliyyətlərini, atdığı addımları təhlil edərkən əminliklə deyə bilərik ki, müasir Azərbaycan Ordusunun təməlini Ulu Öndər uzaqgörənliklə məhz həmin illərdən qoymağa başlamışdır. Tarixi faktlar da bunun əyani şahididir.
Xalqımızın Dahi Rəhbərə sevgisi onun ölkəmiz və xalqımız qarşısında misilsiz xidmətlərinə dərin hörmətinin və ehtiramının təcəssümüdür. Keçirilən müxtəlif məzmunlu tədbirlərdə həmişə Heydər Əliyevin bir çox sahələrdə xidmətləri, qazandığı uğurlar yada salınır, xatirəsi anılır və onun ölkəmizin çiçəklənməsi naminə gördüyü böyük işlər hörmətlə bir daha xatırlanır. Bu da təbiidir. Ulu Öndərin xidmətləri daima xatırlanmalı və gələcək nəsillərə ötürülməlidir. Çünki dahi şəxsiyyətin həyat və yaradıcılığı, mübarizə yolu tükənməyən bir xəzinə, irsdir. Dahi Lider daima xatırlanacaq, əsrlər keçdikcə unudulmayacaq ən böyük xidməti, ən böyük irsi isə, təbii ki, müstəqil Azərbaycan dövləti və onun müasir, qüdrətli, şanlı ordusudur.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və əbədi müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.
Dünya miqyaslı rəhbər, Əbədiyaşar Komandan Heydər Əliyev irsinin öyrənilməsi, xatırlanması böyük ehtiramın göstəricisi, eyni zamanda, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində atılan düzgün addımların təzahürüdür. Zaman göstərir ki, hər xalqın tarixində taleyüklü rol oynamış belə şəxsiyyətlərin həyat və fəaliyyətinin, qoyub getdiyi irsin öyrənilməsi gələcək nəsillərin vətənpərvər böyüməsində önəmli rol oynayır.
Ölkəmizin tarixində dünya miqyasında məşhur sərkərdələr, elm və dövlət xadimləri çox olub. Lakin XX əsrdə xalqımızın taleyində ən dərin izlər buraxmış görkəmli ictimai-siyasi xadim, müasir Azərbaycan dövlətinin və ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Bu gün fəxrlə qeyd edirik ki, XX əsrin 60-cı illərindən sovet Azərbaycanına rəhbərlik etməyə başlayan, bütün ömrünü xalqa xidmətə həsr edən Ulu Öndərin ictimai-siyasi fəaliyyəti də qədim xalq və dövlətçilik ənənələrimizin ən bariz təcəssümüdür. Heydər Əliyev keçmiş sovetlər birliyində respublikamıza rəhbərlik edərkən ölkəmizdə bütün istiqamətlərdə mühüm yeniliklərə, uğurlara nail olunmuş və Azərbaycanda hər sahədə baş verən müsbət dəyişikliklər təkcə ölkəmizdə deyil, ittifaq miqyasında da daim təqdir edilmişdir. Ötən illərə nəzər salsaq, Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın həmin vaxtlardan başlayaraq təkamül dövrünə qədəm qoyduğunu bu gün tam əminliklə deyə bilərik.
Heç kimə sirr deyil ki, Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk günlərdən qəbul etdiyi qərarlar onu uzaqgörən siyasətçi, gələcəyə nikbin baxan rəhbər, qətiyyətli müdrik dövlət xadimi kimi tanıtmışdır. Onun iradəsi, zəngin təcrübəsi, yüksək idarəçilik bacarığı, gözəl insani keyfiyyətləri, tükənməz enerjisi, işgüzarlığı, əzmkarlığı və ən əsası vətənsevərliyi başladığı işlərin uğurla başa çatmasının təminatçısı olmuşdur.
Təbii ki, Ulu Öndərin ən çox önəm verdiyi sahələrdən biri də hərbi sahə idi. O, daima çalışırdı ki, azərbaycanlı gənclər bütün sahələrdə, xüsusilə də hərbi sahədə uğur qazansınlar. Çar Rusiyası zamanından qalmış bir ənənə sovetlər dönəmində də davam edirdi. Azərbaycan övladlarının hərbi xidmət keçməsi, ali hərbi təhsil alaraq hərbi karyerada yüksəlməsi müxtəlif yollarla əngəllərə məruz qalan məsələ idi. Azərbaycanlılar az sayda Sovet ordusunda xidmətə qəbul olunsalar da, yüksək vəzifələrə təyin edilmir, baş zabit və ali hərbi rütbələrə çox nadir hallarda layiq görülürdülər. Bu səbəbdən də ittifaq miqyasında azərbaycanlı generalları, yüksək vəzifəyə təyin edilən hərbçiləri barmaqla saymaq mümkün idi.  Lakin Heydər Əliyev üçün bu hal qəbulolunmaz idi və o bu faktla heç vaxt barışmadı. Azərbaycana rəhbərlik etdiyi dövrdə bu stereotipi sındırmaq üçün Ulu Öndər var gücü ilə çalışdı və bütün maneələrə baxmayaraq buna nail oldu.
Tarix göstərdi ki, Azərbaycana rəhbərliyi dövrünün ilk illərində - 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olması, həm Ulu Öndərin özü, həm də Azərbaycan üçün taleyüklü bir hadisə oldu. Çünki sovetlər dövründə belə bir addımı atmaq yüksək qətiyyət, iradə, böyük cəsarət tələb edirdi. Eyni zamanda, xalqımızın taleyində də bu addım müstəsna rol oynadı. Bütün təqiblərə, hədələrə, əngəllərə baxmayaraq  Heydər Əliyevin yaratdığı Hərbi lisey müstəqil Azərbaycanda nizami ordu quruculuğuna misilsiz töhfələr verdi.
Hərbi liseydə aparılan işləri daima nəzarətdə saxlayan Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində liseydə təhsil alan azərbaycanlı yeniyetmələrin sayı ilbəil artır və qəbul zamanı yerli yeniyetmələrə üstünlük verilirdi. Ulu Öndərin özünün də dediyi kimi, bu təhsil ocağını doğma övladı qədər sevər, diqqət-qayğı göstərər, tez-tez liseyə gələrək burada oxuyan azərbaycanlı kursantlarla görüşər, onların qayğıları ilə maraqlanar, təhsildə qazandıqları uğurlarla fəxr edərdi.
İlk illərdən başlayaraq onun israrlı təkidləri, tələbləri nəticəsində dahi şəxsiyyətin böyük çətinliklər hesabına yaratdığı bu hərbiləşdirilmiş ibtidai məktəbə qəbul olanların böyük əksəriyyəti azərbaycanlı yeniyetmələr və yerli gənclər oldu. Müstəqil Azərbaycanın milli ordusunda xidmət edəcək gələcəyin zabitləri hərbi təhsildə ilk addımlarını məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseydə atdılar. Dahi Rəhbər həmişə hərbi təhsilə, milli hərbi kadrların yetişdirilməsinə də xüsusi diqqət ayırmışdır.
Sovetlər dönəmində müxtəlif ali partiya vəzifələrində çalışan Ümummilli Lider Heydər Əliyev daima azərbaycanlı gənclərin hərbi təhsil almasına və zabit olmasına xüsusi həssaslıqla yanaşırdı. Danılmaz faktdır ki, məhz Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Hərbi liseydə təhsillə yanaşı, azərbaycanlı gənclər sovetlər birliyinin bir çox hərbi məktəblərinə göndərilmişdir. Həmin dövrlərdə ali hərbi təhsil alan zabitlər respublikamız müstəqillik qazandığı ilk gündən Vətənə dönərək Azərbaycan Ordusunun yaradılmasında, inkişafında var qüvvələri ilə çalışmış, Birinci və İkinci Qarabağ müharibələrində fəal iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişlər.
Azərbaycan xalqı XX əsrin sonuna yaxın yenidən müstəqilliyinə qovuşduğu ilk aylardan Azərbaycanın ərazi bütövlüyünə qarşı ermənilərin başladığı elan olunmamış müharibə Ermənistanla sərhəd boyu ərazilərdə və Qarabağ iqtisadi zonasında geniş vüsət almışdı. Ermənistan silahlı birləşmələrinin öz havadarlarının dəstəyi ilə başladığı işğal prosesinin miqyası günbəgün genişlənirdi. Belə bir zamanda Azərbaycanı düçar olduğu bu bəladan xilas edəcək liderə ehtiyac var idi. Xalqımızın seçdiyi, sevdiyi belə bir lider isə təcrübəli, müdrik, uzaqgörən, qətiyyətli və iradəli şəxs olan Heydər Əliyev idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə iyunun 15-də Ulu Öndər Heydər Əliyev Bakıya dəvət edildi və böyük rəğbətlə Ali Sovetin sədri seçildi.
Heç kimə sirr deyil ki, Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş torpaqlarımızın Vətən müharibəsi zamanı azad edilməsi dövlətimizin son illər yürütdüyü böyük bir strategiyanın nəticəsidir. Bu qətiyyətli strategiyanın həyata keçirilməsində ordu quruculuğu prosesi daima ən əsas və prioritet məsələlərdən biri olmuşdur. Məhz bu səbəbdən də baş verə biləcək prosesləri düzgün qiymətləndirməyi bacaran dahi şəxsiyyət Heydər Əliyev yenidən hakimiyyətə gəldiyi ilk gündən ən çox diqqət yetirdiyi istiqamətlərdən biri də məhz vahid komandanlıqdan idarə olunan müasir, nizami ordunun yaradılması və ölkəmizin hərbi qüdrətinin artırılması oldu.
Yenidən hakimiyyətə dəvət edilən Heydər Əliyevin qətiyyətli qərarları sayəsində ölkədə uğurlu iqtisadi layihələrə start verildi, respublikamızda ordu quruculuğu ilə bağlı daha böyük islahatlar başlanmasına imkan yarandı və gələcək qələbələrimizin təməli qoyuldu. Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Heydər Əliyevin məqsədyönlü siyasəti və iradəsi nəticəsində ləğv edildi, ordunun yenidən formalaşdırılması, Azərbaycanın müasir tələblərə cavab verən silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülməyə başlandı. Ulu Öndər Heydər Əliyev tez-tez cəbhə bölgəsinə səfərlər etdi, döyüşən hərbi hissələrdə ordu mənsubları ilə görüşlər keçirdi. Dövlətimizin başçısının qısa müddətdə gördüyü işlər və cəbhə bölgəsinə səfərləri şəxsi heyətin böyük ruh yüksəkliyinə səbəb oldu. Atılan müsbət addımların nəticəsi olaraq ordumuzun bölmələri Füzuli-Horadiz istiqamətində düşmənə sarsıdıcı zərbələr endirdi, böyük ərazilərimiz işğaldan azad olundu və torpaqlarımızın tam azad edilməsi istiqamətində qələbələrimizin təməli qoyuldu.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycan Ordusunun formalaşması, peşəkarlığının yüksəldilməsi prosesi daha da sürətləndi. Bu gün hərbi xidmət keçən hər bir azərbaycanlı qürur hissi ilə qeyd edir ki, müstəqil Azərbaycanın hərb tarixində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rolu əvəzsizdir. Bu üzdən də onu müasir Azərbaycan Ordusunun banisi adlandırırıq. Güclü, qüdrətli Azərbaycan Ordusunun yaradılması dahi şəxsiyyətin başlıca məqsədi, amalı idi.
Eyni zamanda, əbədiyaşar Ali Baş Komandan Heydər Əliyev hərbçilərə və onların ailə üzvlərinə də xüsusi diqqət və qayğı göstərir, xidməti-döyüş fəaliyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atırdı. Hərbi qulluqçuların müharibə veteranlarının müavinətlərinin müntəzəm olaraq artırılması bu qayğının təzahürü idi. Orduya və ordu mənsublarına, müharibə veteranlarına diqqət və qayğı göstərən Ulu Öndər Heydər Əliyev həmişə belə insanlarla görüşür, onların qayğılarını dinləyir və qaldırılan məsələlərin həll edilməsi üçün lazımi tapşırıqlar verirdi.
Prezident seçildiyi ilk gündən Heydər Əliyev ölkənin qarşısında duran mühüm vəzifələrdən biri olan xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsinə başladı. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olunmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi. 1993-cü ilin ikinci yarısında Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi, müstəqil diplomatiya həyata keçirildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində, ilk növbədə, bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu.
Bu vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq, xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq, respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi.
Regionda və dünyada baş verən prosesləri böyük ustalıqla təhlil etmək, düzgün nəticə və qərarlar çıxarmaq dühasına malik olan Heydər Əliyev milli strategiyamızda müstəqil diplomatiyaya və beynəlxalq hərbi əməkdaşlığa xüsusi diqqət ayırırdı. Ordu quruculuğu prosesində NATO-nun əsas aparıcı gücü olan Türkiyənin ordu modelinə daha böyük üstünlük verirdi. Sevindirici haldır ki, bu işlər bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusunun müasir dünya ordularına inteqrasiyası, birgə təlimlərdə hərbçilərimizin iştirakı, təcrübə mübadiləsi, müxtəlif sahələrdə hərbi əməkdaşlıq, ən müasir silah, texnika və avadanlıqların ordumuzun arsenalına daxil olması, eləcə də ordumuzun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində böyük uğurlar əldə edilmişdir.
Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan Heydər Əliyevin "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqrama daxil olmaqla Azərbaycan NATO-ya daxil olan Avropa ölkələri və ABŞ ilə dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Bu, öz növbəsində, NATO-nun hərbi strukturları ilə Azərbaycan Ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahələrdə birgə hərəkət etmək imkanı verirdi. Bununla yanaşı, ölkəmizin bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də əlverişli şərait yaratdı.
Belə ki, ölkəmiz 1994-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan ilk dövlətlərdən olub və bu təşkilatın əksər qurumlarının işində fəal iştirak edərək NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnməkdə davam edir. Ölkəmiz müdafiə sahəsində öz üzərinə götürdüyü beynəlxalq hüquq öhdəliklərinin yerinə yetirilməsi istiqamətində də müsbət işlər görərək beynəlxalq təhlükəsizliyə böyük töhfə vermişdir.
Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanın bir çox ölkələrdə səfirlikləri açıldı, hərbi attaşelik institutu təsis edildi, eləcə də xarici dövlətlərin səfirlikləri Azərbaycanda fəaliyyətə başladı.
Beynəlxalq tərəfdaşlıq mexanizmlərində iştirakının davam etdirilməsi, respublikamızın dünyanın qabaqcıl dövlətləri ilə hərbi, hərbi-texniki, hərbi tibb və hərbi təhsil sahələrində qarşılıqlı faydalı əsaslara söykənən ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığın həyata keçirilməsi də ölkəmizin müdafiə qüdrətinin artmasına xidmət edir.
Son illər ərzində ölkəmizin yürütdüyü milli strategiya respublikamızın müstəqilliyinin, suverenliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi, müdafiə qüdrətinin artırılması və bütün ərazilərimizdə Konstitusiya quruluşumuzun təmin olunmasına xidmət etmişdir. Təməli Ulu Öndər tərəfindən qoyulmuş bu işlər Müzəffər Ali Baş Komandanımız tərəfindən yüksələn templə, yeni məzmun əlavə edilməklə, zamanın reallıqları, çağırışları nəzərə alınmaqla inamla davam etdirilir.
Xarici hərbi təcavüzün qarşısının alınması, Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olan zəbt edilmiş torpaqlarımızın azad edilməsi, təhdidlərin qətiyyətlə dəf edilməsi və adekvat cavabların görülməsi üçün ordumuzun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması da daima dövlətimizin milli strategiyasının prioritet istiqaməti olaraq qalır.
Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də müasir və modern Azərbaycan Ordusunun yaradılması ilə bağlı Ümummilli Lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Bu gün ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Hər bir ordunun qüdrəti onun döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz qalib ordusu ilə, sözün əsl mənasında, fəxr edir.
Bu gün Azərbaycan cəmiyyətində, eləcə də orduda Ümummilli Lider Heydər Əliyev tərəfindən hazırlanmış və elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyə sədaqət və məhəbbət hisslərinin möhkəmləndirilməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir.
Əvvəlki illərdə olduğu kimi, yenə də mütəmadi olaraq hərbi xərclərimiz hər il artırılır, hərbçilərin sosial məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Hazırda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin siyasətinin inkişaf etdirilməsi ilə bağlı yorulmaz fəaliyyəti sayəsində Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, vətənpərvər zabit kadrları ilə təmin edilir, maddi-texniki bazası günü-gündən daha da möhkəmləndirilir. Beynəlxalq hərbi əməkdaşlıq durmadan inkişaf edir, yeni müqavilələr imzalanır, ordumuz üçün müasir hərbi texnika, silah-sursatlar alınması prosesi uğurla davam edir.
Ulu Öndərin rəhbərliyi ilə görülən işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfində inamla yeni məzmunda, zamanın tələbləri nəzərə alınmaqla yüksələn templə davam etdirilməsi Azərbaycanın dayanaqlı inkişafını, parlaq gələcəyini, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasını təmin etmişdir. Əgər müasir Azərbaycan Ordusunun inkişaf təməlinin qoyulması, formalaşması Dahi Lider Heydər Əliyevin adı ilə bağlıdırsa, güclü təməllər üzərində qurulan ordu quruculuğu prosesini uğurla davam etdirərək ölkəmizi və ordumuzu qalib, Zəfər qazanmış, haqq-ədaləti bərpa etmiş dövlət-ordu səviyyəsinə yüksəltmək isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə yürüdülən milli strategiya sayəsində ölkəmizdə həyata keçirilən ordu quruculuğu prosesi, uğurlu islahatlar, ordumuzun həyata keçirdiyi döyüş əməliyyatları sonda şanlı Zəfərimizi, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını təmin etdi. Bütün bunlar isə son 30 ildə ölkəmizin inkişaf, çiçəklənmə, qüdrətlənmə tarixi, həm də müasir tariximizin ən parlaq reallığıdır.

Elçin İMANOV "Azərbaycan Ordusu",

İsa İSMAYILOV hərbi jurnalist