Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Ordu, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyi xəbər verir ki, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar keçirilib, Ulu Öndərin adını daşıyan muzeylərə ekskursiyalar təşkil olunub, həmçinin dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.
Şəxsi heyət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ulu Öndərin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Keçirilən tədbirlərdə Ulu Öndərin şərəfli ömür yolundan və ölkəmizin hərbi, siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışılıb, əvəzsiz xidmətləri minnətdarlıq hissi ilə yad edilib.
Qeyd olunub ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycan sabit inkişaf yoluna qədəm qoyub, ordu quruculuğu prosesi qanuni əsaslarla həyata keçirilib.
Bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xəttinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.
Çıxışlardan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.
* * *
İyirminci əsrin sonlarında SSRİ-nin dağılması ilə Cənubi Qafqazda qədim tarixi, özünəxas mədəniyyəti, bənzərsiz gözəlliyi, bir sözlə, unikallığı ilə fərqlənən Azərbaycanın öz müstəqilliyini əldə etməsi üçün münbit şərait yaranmışdı. Lakin ölkəmiz öz müstəqilliyini yenidən bərpa etməsi ilə paralel olaraq, regionda qəliz geosiyasi vəziyyətlə üzləşmişdi. Rəhbərlikdə oturan şəxslərin səriştəsizliyi, ölkədə yaranmış xaotik durum ölkəni uçuruma doğru aparırdı. Sadalananların fonunda mənfur qonşularımız ölkəmizdə yaranan vəziyyətdən "öz xeyirlərinə" istifadə etməsi üçün tarixi torpaqlarımıza öz yersiz iddiasını bildirir, xalqımızın, ələlxüsus yaşlıların, qadınların və uşaqların başına heç bir insanlığa sığmayan oyunlar açır, onları öz evlərindən didərgin salırdılar. Qəhrəman əsgərlərimiz çətin şəraitdə, vahid komandanlığın mövcud olmadığı bir vəziyyətdə düşmənə qarşı döyüşsə də, ciddi müqavimət göstərə bilmir, torpaqlarımız mənfur erməni vandalları və onların havadarları tərəfindən işğal olunurdu. Ölkədə ağır vəziyyət hökm sürürdü. İqtidarda olanlar ölkədə xaos yaratmışdılar ki, bu vəziyyətdə ölkəmiz öz müstəqilliyini tam bərpa etməmiş birdəfəlik süquta doğru gedirdi. Belə olan halda, dövlətin başına öz xalqına, Vətəninə sadiq bir lider lazım idi. Bunun üçün də ən real namizəd ömrünün böyük hissəsini öz xalqının, ölkəsinin tərəqqisinə, firavanlığına həsr etmiş Dahi Rəhbər Heydər Əliyev idi. 1993-cü ilin yayında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi. Hər bir azərbaycanlının gələcəyə olan ümidi məhz Ulu Öndər Heydər Əliyevin qayıdışından sonra yenidən yaranmağa başlamışdı.
Müstəqil Azərbaycanımızın qurtuluş, inkişaf, dirçəliş və firavanlıq dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu hər kəs üçün məlum həqiqətdir. Dahi Rəhbər xalqın yekdilli tələbi ilə hakimiyyətə gəldikdən sonra ölkəmizin hər sahədə inkişafı prioritet seçilmişdi. Lakin iki sahə var idi ki, biri Azərbaycanın qüdrətlənməsi, digəri isə ölkəmizin tərəqqisi üçün vacib idi. Bunlar iqtisadi və hərbi sahə idi. Ulu Öndərin gələcək üçün təyin etdiyi inkişaf strategiyasında ölkənin öz hesabına güclənməsi, hərbi potensialımızın daha da artırılması və ümumi olaraq müasir ordu quruculuğu sahəsinin dövrün tələblərinə uyğun qurulması və bu sahənin inkişafından irəli gələn prioritet məsələlər idi. Əbədiyaşar Komandan Heydər Əliyevin cəbhə bölgəsində döyüşçülərimizi ziyarət etməsi hər bir hərbi qulluqçunun döyüş ruhuna müsbət təsir edən, onun mənəvi-psixoloji hazırlığını artıran nüanslardan biri oldu. Azərbaycan Ordusunun güclənməsinin, şəxsi heyətin döyüş ruhunun yüksəlməsinin ilk işartıları Birinci Qarabağ müharibəsi zamanı Füzuli cəbhəsində baş tutan Horadiz əməliyyatı zamanı göründü. Horadiz əməliyyatı tarixdə Birinci Qarabağ müharibəsi zamanı qazanılan ən böyük uğurlardan biri idi. Danışıqların nəticə verməyəcəyi təqdirdə yenə son sözü Azərbaycan əsgəri deyəcəkdi. Bunun üçün də əvvəlcə ordu quruculuğu istiqamətində mühüm addımlar atılmalı, atəşkəsin imzalanması vacib idi. 1994-cü il mayın 12-də atəşkəs müqaviləsi imzalandıqdan sonra ölkədə aparılan iqtisadi və hərbi quruculuq işləri daha da sürətləndi. Ordu quruculuğu ilə bağlı geniş islahatlar aparıldı, ordunun təcrübəli və bacarıqlı komandir heyəti ilə komplektləşdirilməsi, şəxsi heyətin sosial rifahının təmin olunması, əsgərlərin mənəvi-psixoloji hazırlığının artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının yaxşılaşdırılması və digər məsələlərin həll edilməsi vacib zərurətə çevrilmişdi ki, bu istiqamətlərdə təxirəsalınmaz işlər görüldü. Böyük Öndər ordunun müstəqillik atributu, mövcudluq qarantı olduğunu bilirdi. 1993-cü ilin sonlarından Azərbaycan Ordusu öz dövrünün yeni mərhələsinə qədəm qoymuşdu. Çünki Əbədiyaşar Komandan Heydər Əliyev hərb sahəsinin inkişafının vacibliyini çıxışlarında da tez-tez qeyd edirdi. Bunun üçün də ordu quruculuğundakı nöqsanların aradan qaldırılması, təcrübəli hərbi kadrların hazırlanması, onların öz ixtisasına uyğun təkmilləşdirilməsi də hərb sahəsinin qarşıda duran və böyük əhəmiyyət kəsb edən məsələlərindən idi. Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə hərbi hissələrə səfəri, hərbi qulluqçularla görüşməsi, onların qayğı və problemləri ilə maraqlanıb həlli istiqamətində tapşırıqlarını verməsi özlüyündə öz ordusuna göstərilən diqqətin və şəxsi heyətə yüksək dəyər verildiyinin təzahürü idi.
Ordu quruculuğunun tərkib hissələrindən biri də dünya təcrübəsinin ordumuzda tətbiqi və müasir standartların ordumuza inteqrasiyası idi ki, düzgün qurulmuş diplomatiyamız sahəsində, hərbi əməkdaşlıq sahəsində, əldə olunan uğurlar sayəsində dünyanın aparıcı ordularına malik ölkələri, NATO kimi nəhəng və modern ordu sisteminə malik beynəlxalq təşkilatlar ilə əlaqələrimiz gücləndirildi. Bir sözlə, Azərbaycan Ordusu qısa vaxt ərzində tarixi inkişaf yolu keçdi. Bunun başlıca səbəbi Əbədiyaşar Komandan, xalqına sadiq, uzaqgörən diplomat, tarixi şəxsiyyət, müqayisəolunmaz lider Heydər Əliyev idi.
Bu gün Qalib Ordumuz mövcuddur. Bu qalibiyyəti şərtləndirən amillər güclü fundament, misilsiz vətənpərvərlik, yüksək döyüş hazırlığı və xalqa sədaqət oldu. Ordumuzun gücü bu gün də artır, hərbi qüdrəti təkcə regionla kifayətlənmir, dünyanın aparıcı orduları bizim son illərdə yazdığımız hərbi tarixi öyrənir, analiz edir, beynəlxalq hərbi mərkəzlərdə bizim müasir döyüş üsul və vasitələrimiz tədris olunur. Bu uğurların da səbəbi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərb sahəsində təməlini qoyduğu işlərin bu gün onun siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsidir. Qalib ordumuzun bugünkü səviyyəsi ordu quruculuğumuzun düzgün və dəqiq aparıldığının təzahürüdür. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, gənc olmasına baxmayaraq, bu gün dünyanın aparıcı orduları ilə eyni sırada qərarlaşan Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin mayında Günnüt zəfəri, 2020-ci ilin İkinci Qarabağ müharibəsi və nəhayət, ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələnən 2023-cü ilin antiterror əməliyyatı Azərbaycanın qısa tarix ərzində yazdığı şanlı qələbələrdir. Bu gün ölkəmizin özünümüdafiə qüdrəti artır, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması üçün dövlət başçımız səylə çalışır. Azərbaycan əsgəri də öz növbəsində sərkərdəsinin hər bir əmrinə müntəzir, xalqının inamına layiqdir. Qədirbilən xalqımızın xilaskarlıq, dirçəliş və inkişaf missiyasını layiqincə yerinə yetirən Ümummilli Lider Heydər Əliyev tarixdə silinməz iz qoymuş, mümkünsüzü bacarmış bənzərsiz dövlət xadimidir. Onun həm sovet dövründə rəhbər vəzifədə çalışması, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etməsi yuxarıda deyilənləri təsdiq edən, müqayisəolunmaz faktdır. XX əsrin aparıcı lideri olan Heydər Əliyev tarixə müasir Azərbaycan Respublikasını quran prezident kimi düşdü, həmişə xalqı üçün Böyük Öndər olaraq qalacaq.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"