Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2024 19:02

Şəhidlərimizin döyüş yolu hər birimizə örnəkdir

Tarix öz qəhrəmanlarını heç vaxt unutmur. Azərbaycan torpaqlarında doğulan hər bir igid Vətənin bir parçası olur. Bu torpaqlar tarix boyu həm şəhidlərin qanı ilə müqəddəsləşib, həm də onun keşiyində dayanan əsgərlərin vəfası ilə qorunub.
Cəlilabadın Çünzəli kəndində dünyaya göz açmış əsgər Hacı Qasımlı da bu müqəddəs vəzifəni sevgi və qürurla yerinə yetirən hərbi qulluqçulardan biridir. Hacının həyat yolu elə bir mənbədən qidalanır ki, orada vətənpərvərlik dəyərləri ön sırada gəlir. Onun yaxın qohumu olan gizir Nəcməddin Quliyev 2023-cü ilin sentyabrında antiterror əməliyyatında şəhid olub. Yaxın qohumunun şəhid olması xəbərindən sonra Hacının həyat fəlsəfəsində Vətənə bağlılıq və ona verilən dəyər tamam fərqli məqamlara yüksəlib. 6 aylıq xidməti dövründə Hacı nümunəvi olmağa can atıb. Komandir heyəti onun əmr və tapşırıqlara məsuliyyətli yanaşmasından, yoldaşlarına olan səmimi münasibətindən məmnunluq ifadə edib.
Söhbətimiz zamanı əsgər H.Qasımlı "Hərbi xidmət sizin üçün nə deməkdir?" - sualını bu cür cavablandırdı. "Hərbi xidmət mənim üçün bir məktəbdir. Burada yalnız hərb elmini deyil, həm də intizamlı, məsuliyyətli olmağı öyrənirəm. Hər gün başa düşürəm ki, xidmət etdiyim bu torpaqlar sadəcə coğrafi bir ərazi deyil, şəhidlərin qanı ilə müqəddəsləşmiş, xalqın gələcəyini daşıyan bir dəyərdir. Mənim üçün hərbi xidmət, özümə və Vətənimə güvənməyi, öz yurdumu qorumağı öyrəndiyim bir həyat təcrübəsidir". Hacı xidməti dövründə qazandığı təcrübələrdən də danışdı: "Xidmətim zamanı çox şey öyrəndim. Əsasən, intizamın, komandada birlik ruhunun nə qədər vacib olduğunu dərk etdim. Hərbi biliklərlə yanaşı, insana mənəvi güc də lazımdır. Burada qazandığım dostlar, komandirlərdən öyrəndiklərim məni daha dözümlü və məsuliyyətli etdi. Mənə görə, hərbçi olmaq yalnız bir peşə deyil, həm də bir həyat yoludur. Əgər ehtiyac yaranarsa, Vətən üçün hər zaman döyüşməyə hazıram. Şəhidlərimizin adını yaşatmaq, onların yolunu davam etdirmək mənim üçün həm borc, həm də vəzifədir".
Hacı müqəddəs bir amalın, vətənpərvər bir ruhun daşıyıcısıdır. Onun kimi gənclərin xidməti, Azərbaycan Ordusunun güclənən və yenilənən simasının bir zərrəsidir. Onların hər addımında bu torpağa sevgi, hər əməlində Vətənə sadiqlik hiss olunur. Şəhidlərin ruhu torpağı qoruyan hər bir əsgərin yoluna işıq saçır. Hacı bu işığı özündə daşıyır, hər gün odunda alovlanır və hər an onu əbədiyaşar edir. Onun simasında bu gün vətənpərvərlik dəyəri gənc nəsillərə bir örnək, gələcəyimiz üçün möhkəm təməl olur. Hacı kimi gənclərimizin xidmət yolu hər bir əsgərin qəlbində Vətən sevgisini necə yaşatdığının parlaq nümunəsidir. Çünzəli kəndinin şəhidlərinin müqəddəs əmanətini qoruyan və onların ideyalarını gələcəyə daşıyan bu gənc hər bir vətənpərvər əsgər kimi bu ali missiyanın layiqli təmsilçisidir.

Eltun MƏMMƏDOV,

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"