Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda gedən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik fəaliyyəti, fədakarlığı, xalq-ordu birliyinin yenilməzliyi, şanlı ordumuzun döyüş təcrübəsinin zənginliyi ilə Zəfərlə başa çatdı. Qələbə Vətənə, xalqa, dövlətçiliyə sədaqətini, vətənpərvərliyini, dünyada tarixi haqq-ədalətin bərpasının mümkünlüyünü, xalqımızın polad iradəyə sahib olduğunu nümayiş etdirdi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən övladlarının xidmətini yüksək qiymətləndirərək, şanlı ordumuzun əsasını təşkil edən gənclərin vətənpərvərliyinin, döyüş ruhunun və əzminin böyük olduğunu xüsusi vurğulayaraq deyib: "Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir... Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar".
Müzəffər Ali Baş Komandan tərəfindən gəncliyə göstərilən böyük etimad həmişə özünü doğruldub. Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə deyilənlərin əyani sübutu, təsdiqidir. Minlərlə gənc Vətən müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda haqq savaşına atıldı. Vətən üçün canlarını fəda etməkdən çəkinmədi. Yüzlərlə gənc şəhidlik zirvəsinə ucaldı. Onlar ölmədilər, Vətən uğrunda göstərdikləri şəxsi igidlik, vətənpərvərlik, rəşadət və fədakarlıqları ilə əbədiyyətə qovuşdular. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Belə mərd oğullardan biri də Asif Yolçu oğlu Qocayevdir. Bütün bunlar barədə onun xatirəsinə həsr olunmuş anım günündə ətraflı danışıldı.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi yad olundu.
Sonra Asif Qocayevin həyat və döyüş yolu haqqında məlumat verildi. Bildirildi ki, o, 1991-ci ilin martında Gəncə şəhərində anadan olub. Vətənə, xalqa dərin məhəbbət hissi ilə böyüyüb, vətənpərvər gənc kimi yetişib. 26 saylı orta məktəbdə təhsil alıb. Vətənpərvərlik tədbirlərində həmişə yaxından iştirak edib. Azərbaycanın qədim və zəngin qəhrəmanlıq tarixinə böyük maraq göstərib.
Xalqımıza qarşı törədilən faciələrə, itkilərə biganə qalmayan Asif Vətənin keşiyində dayanan oğulların sırasında olmağı qarşısına məqsəd qoyur. 2009-cu ildə yaxınları, doğmaları onu hərbi xidmətə yola salırlar. O, Vətənə, xalqa sədaqətli əsgər olacağına, qəhrəman oğulların davamçısı kimi xidmət edəcəyinə söz verir. Hərbi Andı qəbul etdiyi günü həyatının ən unudulmaz günü kimi qiymətləndirirmiş Asif.
Asif Qocayev hərbi hissədə də çalışqan, bacarıqlı nümunəvi əsgər kimi tanınır. Silahdaşlarını da həmişə buna sövq edir. Komandanlığın rəğbətini qazanır. Fəxri fərmanla, qiymətli hədiyyələrlə mükafatlandırılır. Ordu həyatından ayrılsa da, igid oğulların sırasında işğalda qalmış torpaqlarımızın azadlığı uğrunda döyüşlərə həmişə hazır olacağını qətiyyətlə bildirir. Nə vaxtsa haqsızlığa, ədalətsizliyə şanlı ordumuz tərəfindən son qoyulacağına onda böyük inam hissi olub.
Asif hərbi xidmətdən tərxis olunduqdan sonra çalışdığı sahədə də kollektivin rəğbətini qazanır. Hərbi xidmətdə olduğu kimi, nizam-intizamlı kollektivin ən fəal üzvlərindən biri kimi tanınır. 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandanın əks-hücum əmri ilə İkinci Qarabağ müharibəsi başlayanda Asif Qocayev də könüllü olaraq döyüşçülərin sırasına qatılır. Asif əsl Vətən fədaisi, məharətli döyüşçü kimi döyüşürdü. 8 noyabr 2020-ci ildə Asif Qocayev Şuşa döyüşlərində yaralı əsgər yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gəlir, canından çox sevdiyi Vətən uğrunda şəhidlik zirvəsinə ucalır. Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Asifin iki övladı - Xədicə və Məryəm Vətənə əmanət qalıb. Onlar ataları ilə qürur hissi keçirirlər. Çünki Asif Qocayev də qəhrəmanlıq tarixi yazanların sırasındadır.
Tədbirdən sonra Şəhidlər xiyabanında Asif Qocayevin məzarı ziyarət olundu və üzərinə güllər düzülərək xatirəsi yad olundu.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"