Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2024 18:53

Doğma Cəbrayılımda dalğalanan şanlı bayrağımız uşaqlıq hisslərimin qələbə marşına bənzəyir

Ordu sıralarımızda xidmət edən gənc zabit Röyal Cəfərov əslən Cəbrayıl rayonunun Karxulu kəndindəndir. Kiçik yaşlarından ata-baba ocağının, didərgin düşdüyü evinin həsrətini iliklərinə qədər hiss edib. Qismət elə gətirib ki, Röyal əsgər olarkən Aprel döyüşlərində iştirak edib. Talış kəndi istiqamətində gedən döyüşlər zamanı üzərinə düşən tapşırıqların öhdəsindən gəlməyi bacarıb. Uşaqlıqdan Vətən həsrətinin nə olduğunu anlayan əsgər Cəfərov üçün həmin döyüş onun gələcək taleyini müəyyən edib, ilk döyüş tapşırığını alandan hərbçi olmağı qarşısına əsas məqsəd qoyub.
Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra sənədlərini "Gizir hazırlığı kursu"na təqdim edib. İmtahanı və sonra müvafiq kursu müvəffəqiyyətlə keçdikdən sonra ordu sıralarında gizir olaraq xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində əsgər kimi iştirak edən Röyal 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə gizir hərbi rütbəsində qatılır. 2023-cü ilin antiterror əməliyyatında isə artıq Röyal zabit idi. O, bütün döyüş əməliyyatlarında verilən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Leytenant Röyal Cəfərov söhbətində Vətən, yurd sevgisinin əvəzolunmaz hiss olduğunu vurğuladı.
"Vətən sevgisi ən ümdə hissdir. Bu hissi izah etmək üçün sözlər kifayətsiz və ya kəmiyyətsiz qalır. Uşaq yaşlarımdan evimizdə Cəbrayıl rayonunun, kəndimizin həsrətinin çəkilməsi ilə düşmənə qarşı nifrət hissim formalaşıb. Böyüdükdən sonra soydaşlarımızın başına gətirilən müsibətlərin qisasını alacağım, doğma Cəbrayılıma ayaq basacağım günün arzusunu dərk etdim və qarşıma məqsəd qoydum ki, ömrümü hərb peşəsinə bağlayım. Hərbi mundiri ilk dəfə əynimə geyindiyim gün həyatımın ən yaddaqalan günüdür. Xidmətimin və həyatımın dönüş nöqtəsi elə ilk dəfə döyüş tapşırığı aldığım 2016-cı ilin Aprel döyüşləri oldu. Həmin döyüşlər zamanı təcrübəli komandirlərimin, igid əsgər yoldaşlarımın gözündəki qisas elə mənim də istəyim idi. Bu gözləri 44 günlük haqq savaşımız zamanı da, 2023-cü ilin antiterror əməliyyatında da silahdaşlarım və komandirlərimdə gördüm. Bu gün isə gözlərimizdə işğaldan azad olunmuş Vətənimizin, orada dalğalanan şanlı bayrağımızın qüruru və şəhidlərimizin alınmış qisasından yaranan məğrur baxışlar var. Bu qüruru, məğrurluğu şərtləndirən amil güclü ordunun mənsubu olmaqdır, qalib ordunun sıralarında xidmət etməkdir”, - leytenant R.Cəfərov dedi.
Düşüncələrinə sarılan gənc zabit şəhidlərimizdən də danışdı: “Qələbədən danışarkən, öz qanı ilə torpağı vətənləşdirən şəhidlərimizi də mütləq qeyd etməliyik. Çünki onlar hamımızın başının tacı, haqqı heç nə ilə ödənməyəcək Vətən övladlarıdır. Vətən uğrunda öldürməklə yanaşı, gözünü qırpmadan ölmək də vardır. Bir şəhidimiz sağ qalan minlərlə soydaşımızın qoruyucu mələyidir. Bunun üçün də hər birimiz şəhid qardaşlarımızı daim ən böyük ehtiramla anmalı, gələcək nəsillərimizə həmin qəhrəman Vətən övladlarını tanıtmalıyıq”.
Sözlərinə davam edən Röyal ata-baba yurdu Cəbrayıl rayonundan da söz açdı: “Bir zamanlar düşmən əsirliyində olan doğma Cəbrayılımda dalğalanan şanlı bayrağımız uşaqlıq hisslərimin qələbə marşına bənzəyir. Bu qələbə torpaqlarımızın işğaldan azad olunduğu, şəhid soydaşlarımızın qisasının alındığı, ədalətin bərpa edildiyi haqq savaşımızın qələbəsidir. Bu qələbə daimi olacaq, bu qələbə gələcək nəsillər üçün vətənpərvərlik, igidlik dastanı olacaq. Adını qızıl hərflərlə tarixin silinməz səhifələrinə yazan qəhrəman döyüşçü qardaşlarımızın sələfləri gələcəkdə onları özlərinə ilham mənbəyi biləcək, bununla da xalqımız hər zaman sülh və firavanlıq içində yaşayacaq, Vətənimiz isə bütöv olacaq", - deyən zabit söhbətini bitirdi.
Qeyd edim ki, leytenant Röyal Cəfərov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Fuad CƏFƏROV,

foto

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"