Mingəçevir şəhərində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Muradovun adını daşıyan Texniki-Humanitar liseydə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Mərasimdə məktəblilər, müəllimlər, ictimaiyyətin nümayəndələri iştirak etdilər. Ulu Öndərin və şəhidlərin xatirəsi böyük ehtiramla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Liseyin direktoru Nailə Məmmədova xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı, qurucusu Heydər Əliyevin mənalı, zəngin həyatı, dövlətçilik fəaliyyəti, xalqımız, Vətənimiz qarşısında əvəzsiz xidmətləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Dahi Şəxsiyyət Vətənimizin tarixində genişmiqyaslı fəaliyyəti ilə böyük quruculuq işləri həyata keçirmiş, ömrünü Vətəninin, xalqının inkişafına həsr etmiş görkəmli dövlət xadimi kimi dünya siyasətçiləri sırasında önəmli yer tutmuşdur. “1969-1982-ci illərdə Azərbaycanı geridə qalmış kənd təsərrüfatı respublikasından qabaqcıl, sənaye, elm, təhsil, mədəniyyət, incəsənət mərkəzinə çevirmişdir. Onun hakimiyyətə gəlişi ilə Azərbaycanın həyatında yeni dövr başlanmışdır. Elmə, təhsilə xüsusi diqqət yetirən Ulu Öndər azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almalarına xüsusi diqqət yetirmişdir. Eyni zamanda, böyük uzaqgörənliklə azərbaycanlı gənclərin ali hərbi məktəbdə təhsil almaları üçün zəruri tədbirlər həyata keçirmişdir. Böyük təzyiqlərə baxmayaraq Ulu Öndər ölkəmizin inkişafı üçün iri layihələrin həyata keçirilməsinə, Azərbaycanda ilk hərbi məktəbin açılmasına nail olmuşdur. Xalqımızın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər böyük xilaskarlıq missiyasını həyata keçirərək dövlətçiliyimizi, müstəqilliyimizi qorudu, geniş islahatların həyata keçirilməsini təmin etdi. Ölkəmizə qarşı başlanmış, elan olunmamış müharibənin dayandırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirdi. Düşmən ölkə ilə atəşkəs müqaviləsi imzalandı. Bundan sonra ölkəmizdə quruculuq işlərinə start verildi. İlk növbədə ictimai-siyasi sabitlik təmin olundu. Azərbaycanın dünyada nüfuzunu artıran əsrin müqaviləsi sayılan "Neft müqaviləsi" imzalandı. Bu, Vətənimizin, xalqımızın, dövlətimizin təhlükəsizliyinin təmin edilməsi üçün yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirildi. Ordu quruculuğuna xüsusi diqqət yetirən Dahi Şəxsiyyət çox keçmədi ki, müstəqilliyin, dövlətçiliyin qarantı sayılan nizam-intizamlı, vahid komandanlığa tabe olan ordu yaratdı.
Yaxın və uzaq ölkələrlə əlaqələr möhkəmləndirildi. Ölkəmizin dünya miqyasında tanınması üçün islahatlar həyata keçirildi. Diplomatiya sahəsində onun rəhbərliyi ilə yeni uğurlar qazanıldı. Çox keçmədi ki, Ulu Öndər qətiyyətlə bildirdi: "Azərbaycan xalqının özünü, öz dövlətini qoruya bilən əsgərləri, zabitləri, ordusu var".
Ulu Öndərin təşəbbüsü ilə 1995-ci ildə müstəqil ölkəmizin ilk konstitusiyası qəbul edildi. Azərbaycan dünya miqyasında, regionda aparıcı ölkə kimi tanındı. Ulu Öndər tərəfindən işğal altında olan torpaqlarımızın düşmən qüvvələrdən azad edilməsinə hüquqi, hərbi cəhətdən də əsaslı təminat yaradıldı. Ermənistan dünya dövlətləri tərəfindən işğalçı ölkə kimi tanındı. Ölkəmizin iqtisadi-hərbi qüdrətinin daha da artırılması üçün Ulu Öndər tərəfindən yeni inkişaf strategiyaları həyata keçirildi.
Xalqın sevgisi və dəstəyi ilə 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin böyük siyasətini uğurla, qələbələrlə davam etdirir. O, artıq dünya miqyasında müdrik dövlət xadimi, siyasətçi kimi tanınmışdır. Onun müdrik rəhbərliyi, sərkərdəlik məharəti ilə şanlı ordumuz Vətən torpaqlarının 30 ilə yaxın davam edən işğalına son qoydu. Vətənimizin tarixinə qızıl hərflərlə Zəfər günü yazıldı. Bu böyük uğurların təməli də Ulu Öndər tərəfindən qoyulmuşdur. Onun ideyalarının həyata keçirilməsi ölkəmizə daha böyük qələbələr, uğurlar gətirəcəkdir”.
Mərkəzin əməkdaşı Şəhla Abduləliyeva ölkəmizdə həyata keçirilən sosial siyasətin yaradıcısının da Ulu Öndər olduğunu diqqətə çatdırdı. Bildirdi ki, onun başladığı böyük işlər, həyata keçirdiyi islahatlar Müzəffər Ali Baş Komandan tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi, "Əsgərə məktub" layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə xidmət edən Vətən müdafiəçilərinə qürur hissi dolu məktublar ünvanlandı.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"