Azərbaycan Ordusunun düşmənin genişmiqyaslı təxribatının qarşısını alaraq, əks-hücum əməliyyatına keçməsi ilə başlayan və şanlı qələbə ilə yekunlaşan Vətən müharibəsindən artıq bir neçə il ötüb. Əlbəttə, bu tarixi qələbəni xalqımıza yaşadan igid döyüşçülərimiz olublar. Yüksək döyüş hazırlığına malik peşəkar hərbçilərimiz qorxu bilmədən irəliləyərək, torpaqlarımızı işğaldan azad ediblər.
İllər sonra işğaldan azad olunmuş torpaqlarımızda bu gün fəxarətlə xidmətini davam etdirən leytenant Sübhan Qurbanzadə ilə tanış olduq. Lənkəran rayonunun Girdəni kəndində dünyaya göz açan Sübhan Vətən müharibəsi iştirakçısıdır. Həyat yolunda seçim edərkən hərbçi olmaq seçimini edən Sübhan 2017-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına daxil olub. Xidmətə başladığı ilk gündən intizamlı və nümunəvi olmağa çalışıb. Lazımi hərbi biliklərə yiyələndikdən sonra qəbul olunmuş qaydalara uyğun imtahanlardan keçərək, 2020-ci ildə "gizir" hərbi rütbəsi ilə xidmətini davam etdirib. Bilik və bacarıqları ilə komandirlərinin etimadını qazanaraq, "Ehtiyat zabit hazırlığı” kursuna göndərilib. 2022-ci ildən zabit kimi tabeliyində olan hərbi qulluqçuları bütün gücü və iradəsi ilə bacarıqlı Vətən müdafiəçilərini yetişdirməyə çalışır. Gənc zabit əsgərlərin döyüş qabiliyyətini və döyüş ruhunu, fiziki, atəş və mənəvi-psixoloji hazırlıqlarını artırması üçün əlindən gələni əsirgəmir. Şəxsi heyətə həm qardaş, həm də komandir olur. Gənc zabitin peşəkarlığı sayəsində əsgərlərimiz hərbi sirlərə yiyələnirlər.
"Bizim əsas vəzifəmiz əsgərlərimizi istənilən döyüş tapşırığının öhdəsindən gələ biləcək döyüşçülər kimi hazırlamaqdır. Onların fiziki, mənəvi-psixoloji, praktiki hazırlıqlı olmalarını daim diqqət mərkəzində saxlayırıq. Komandir və müəllimlərimizdən öyrəndiklərimizi onlara aşılayırıq. Çünki bu gün hərbin sirlərini öyrətdiyimiz hər bir əsgər döyüş meydanında çiyin-çiyinə döyüşəcəyimiz igidlər olacaqlar", - leytenant S.Qurbanzadə dedi.
"Hər bir hərbçinin arzusu olduğu kimi, mən də illər sonra işğaldan azad olunmuş torpaqlarımızda xidmət etdiyim üçün sevinirəm", - deyə zabit sözünə davam etdi. "Keçirdiyim hissi adi sözlərlə ifadə etmək mümkün deyil. Otuz ilə yaxın həsrətini çəkdiyimiz torpaqlarda artıq şanlı bayrağımız dalğalanır. Bu gün illərdir səngərlərdən həsrətlə baxdığımız torpaqlarımızda xidmət edirik. Döyüşlərdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə layiq görüldüyüm "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarıva baxdıqca, keçdiyimiz döyüş yolu gözümdə canlanır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun tarixi zəfərin qazanılmasında iştirak etməkdən çox qürurluyam".
Oruc MUSTAFAYEV,
foto
Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"