Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2024 18:34

Xalqımızın Ümummilli Lideri - Əbədiyaşar Komandan

Dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 21 il ötür. 2003-cü ilin 12 dekabrında düz 21 il öncə Əbədiyaşar Ali Baş Komandan, dahi rəhbərimiz dünyaya əbədi gözlərini yumdu. Ulu Öndərin müdrikliklə və uzaqgörənliklə təlatümlərdən, fırtınalardan çıxardığı Azərbaycanımız, xalqımız, Vətənimiz işıqlı bir ömrün nuruna qərq olaraq əbədiyaşarlılıq qazandı. Bu günlər xalqımız Dahi Rəhbərin, Ulu Öndərin əziz, işıqlı xatirəsini dərin ehtiramla anır, məzarını ziyarət edir.
Hər kəsə yaxşı məlumdur ki, müasir, müstəqil ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Ulu Öndər Heydər Əliyevin söylədiyi "Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq" fikirlərini bu gün də qürurla xatırlayırıq.
Ulu Öndər Heydər Əliyev ordu quruculuğunda ən böyük uğurlardan birinə - 1971-ci ildə böyük zəhmətlər bahasına, müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrlarının hazırlanmasına möhkəm zəmin yaratmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Lisey ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək, nizami ordu quruculuğu prosesinə start verdi.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı 1918-ci ilin 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsi sayıla bilər. 20 avqust 2001-ci il tarixli Fərman ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
NATO ilə əməkdaşlığa gəlincə, 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Ulu Öndər Heydər Əliyevin ordu haqqında söylədiyi "Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir", "Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir", "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər", "Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar", "Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir", "Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz", "Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli ordumuzun yaradılması olmuşdur", "Azərbaycan əsgəri, Azərbaycan zabiti gərək yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın", "Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır" fikirləri bu gün də qürur və fəxrlə xatırlanır.
Bu gün onu da əminliklə deyə bilərik ki, ölkəmizdə ordu quruculuğu prosesi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğunu prioritet məsələ hesab edərək, Azərbaycanın müdafiə qüdrətinin artırılmasına nail oldu. Şəxsi heyətin peşəkarlığının, döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Azərbaycan Ordusunun ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə qazanaraq tariximizə yeni şanlı səhifələr yazdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
"Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq" bəyan edən Müzəffər Ali Baş Komandan, eyni zamanda, "Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!" - deyə Azərbaycan xalqına qürurlu anlar yaşatdı və Böyük Zəfərimizin xoş müjdəsini çatdırdı.
 
Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"