Hər şəkil bir anın tarixidi. Bu bir an Vətənlə bağlıdırsa, onda dövlətçiliyimizin işığı varsa daha qürurla, daha böyük sevgilərlə tarixləşir, yaddaşlarda da belə qalır, tarixdə də. İllər keçir, bir anın xatirəsi bir ömürün işığına dönür. O anın yaddaşı da, bu şəkilin yozumu (və aşıladığı mahiyyət) də onu görənlərin düşüncələrində bu işığa heyrət, belə heyrətə qüdrət, belə qüdrətə məhəbbət, bu məhəbbəti yaradan (və yaşadan!) sədaqət deyir.
Payızın son ayıdı. Dağ rayonlarımızdan birində könlümüzə yatan bir ucalıqdayıq. Bu ucalıq Vətənə sevginin ucalığıdı - əsgərlər burada döyüş növbətçiliyi aparırlar. Bir az əvvəl döyüş növbətçiliyinə gedən əsgər demişdi ki, digər əsgər yoldaşlarım kimi mən də döyüş növbətçiliyi aparacağım mövqedə Vətənin döyünən ürəyi olacam. Bu ucalıqda uca niyyətlərin xidməti bizə də gözəl könül xoşluğu verir. Bu, gerçəkliyin inamıdı, bu inam həm də xalqımızın inamıdı; Vətən qorunur, sərhədlərimizin həndəvərlərində yad yellər əsməyəcək!..
Yağan yağış, qar burada döyüş növbətçiliyi aparan əsgərlərimizin döyüş növbətçiliyinə aparan cığırları döyəcləsə də, yayda Günəşin istisi bu cığırları tasalandırsa da, Azərbaycan əsgəri döyüş növbətçiliyində qarşı tərəfi dumanda da, çiskində də ürəyinin gözü ilə nəzarətdə saxlayır. Dumanda, çiskində dağlar, dağlıqlar boz dumana bürünsə də, qara dumanlar dərələr boyunca sürünsə də, düşmən Azərbaycan əsgərinin nəzarətindən yayına bilmir.
Dumanda-çiskində döyüş növbətçiliyindən qayıdan əsgərlərimizlə kəlmələşmişdik. Söz-sözə söykək ola-ola, söz sözü çəkə-çəkə İkinci Qarabağ müharibəsinə kimi döyüş növbətçiliyi aparanlarımızı xatırlamışdıq, İkinci Qarabağ müharibəsinin döyüşlərini xatırlamışdıq, qəhrəmanları xatırlamışdıq, üzü qarşı tərəfdə dağları bürüyən duman görmüşdük, dumanlığın aramla dağıldığını hiss etmişdik, dumanlığın bağrını yarıb göyün üzünə çıxan Günəşin şəfəqlərinin rənginin ecazkarlığı könlümüzü telləndirmişdi. Bu bənzərsiz ecazkarlığı Azərbaycan əsgərinin bu ucalıqda döyüş növbətçiliyinə xeyir-duası bildik. Təbiətin "dilini" bilənlər bu aydınlatmanın yozumunu da dərk edir: Dumanlıqlar aydınlığa belə çıxır, Günəş gərək, Günəş qüdrəti gərək!..
Dəniz səviyyəsindən min metrlərlə yüksəklikdə döyüş növbətçiliyi aparan əsgərlərimizin əhatəsində gözyoran, könül küsdürən dumanlığın belə dağılmasını görüncə 2020-ci il sentyabrın 27-də başlayıb noyabrın 10-da başa çatan İkinci Qarabağ müharibəsini, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfəri xatırladıq. Azərbaycan Ordusu bu müharibədə ermənilik dumanını dövlət sərhədlərimizin o üzünə kürüdü. Birdəfəlik - həmişəlik...
Kapitan Fuad Cəfərovun çəkdiyi bu kadr çəkildiyi anda görənlərə xoş gəlmişdi, hamıya da könül xoşluğu verəcək. Elə təbiətə də...
Azərbaycan Ordusu işğalın qara dumanlıqlarını qüdrəti ilə dağıtdı, göylərimizdən boz buludlar dağıldı, torpaqlarımız təkcə Günəşin zərrin şəfəqləri ilə deyil, həm də Azərbaycan əsgərinin, yenidən qurulan ərazilərə köçən sakinlərin doğma nəfəsləri ilə isinir. Bu da qüdrətdi, tarixi Zəfərdən sonra Azərbaycan əsgərinin vətənsevərliyindən boy göstərən tarixi qüdrətə görə bir əminlik yaşanılır: Azərbaycan əsgərinin işğaldan azad etdiyi ərazilərdə quruculuq Zəfərləri qazanılır!..
Bu şəkil deyir ki, sərhədlərimizin bu üzündə heç zaman ermənilik dumanı görünməyəcək! Heç zaman!..
Dağlar dumansız elə gözəl görünür ki!..
"Azərbaycan Ordusu"