Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı müasir tibbi texnologiyalarla təchiz edilmiş, yüksək ixtisaslı kadrlarla komplektləşdirilmiş bir qurumdur. Bu hospital hərbi əməliyyatlar zamanı yaralanan, sülh dövründə xəstələnən hərbi qulluqçuların həyatını xilas etmək, onların sağlamlığını bərpa etmək və ağır hallarda cərrahi müdaxilələri həyata keçirmək üçün mühüm mərkəz funksiyasını yerinə yetirir.
44 günlük Vətən müharibəsi zamanı hospitalın kollektivi fasiləsiz fəaliyyət göstərmişdir. Torpaqlarımızın azadlığı uğrunda aparılmış döyüşlərdə yaralanan hərbi qulluqçuların həyatı məhz burada xilas edilmişdir.
Müharibənin başlaması ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tam səfərbərlik vəziyyətinə keçdi. Tibbi heyət gecə-gündüz xidmət etməyə başladı. Yaralanmış əsgərlərin daşınması, ilkin tibbi yardımın göstərilməsi və həyati təhlükənin qarşısının alınması vacib məsələlərdən biri idi. Vətən müharibəsi zamanı hospitalda çalışan tibb işçiləri böyük fədakarlıq nümunələri göstərdilər. Hər bir yaralı üçün özlərini məsuliyyətli hiss edərək, onların sağlamlığını bərpa etmək üçün əllərindən gələni etdilər.
Baş Klinik Hospitalın rəisi, tibb xidməti polkovniki Vüqar Mürsəlov bildirdi: "Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi fəaliyyətlə tarixə düşmüşdür. Bu hospitalın kollektivi öz peşəkarlığı, qətiyyəti və vətənpərvərliyi ilə həm hərbçilərin, həm də cəmiyyətin dərin hörmətini qazanmışdır. Onların əməyinə verilən dəyər yalnız tibbi deyil, həm də milli qəhrəmanlıq nümunəsi kimi qəbul edilir. Müharibədə qazanılan qələbədə bu insanların rolu danılmazdır. Onlar yalnız yaraları sağaltmadılar, həm də ümidləri yaşatdılar".
Baş Klinik Hospitalın Travmatologiya və Bərpaedici cərrahiyə şöbəsinin fəaliyyəti ilə tanış olmaq üçün baş travmatoloq tibb xidməti polkovniki Eldəniz Hacıyevlə həmsöhbət olduq. O, şöbənin ümumi fəaliyyəti və xüsusilə hərbi əməliyyatlar zamanı göstərdiyi yüksək xidmətlər haqqında danışdı. "Müharibə zamanı travmatologiya şöbəsinin rolu misilsiz olub. Bu şöbə ən ağır yaralanmalarla üzləşən əsgərləri qəbul etdi. Güllə və qəlpə yaraları, əzilmələr, sümüklərin qırılması kimi ciddi travmalarla gələn yaralılara tibbi yardım göstərmək, onların həyatını xilas etmək bizim ən böyük vəzifəmiz idi. Şöbə ən müasir tibbi avadanlıq və texnologiya ilə təchiz olunub. İstər ilkin tibbi müdaxilə, istərsə də cərrahi əməliyyatlar sahəsində müasir standartlara uyğun xidmətlər göstərilirdi. Bizim əsas məqsədimiz hər bir əsgərin sağalması üçün əlimizdən gələni etmək idi. Bəzən həmin anlar ən çətin, stresli anlar olsa da, hər zaman bir-birimizə dəstək olaraq, bu çətin dövrdən müvəffəqiyyətlə çıxdıq", - deyə zabit qeyd etdi.
Travmatologiya şöbəsinin həkimi tibb xidməti polkovnik-leytenantı Bəhrəm Qurbanov şöbənin fəaliyyəti və təchizatı haqqında öz fikrini söylədi: "Elə bir əməliyyat yoxdur ki, onu icra edə bilməyək. Xidmət etdiyim şöbə tam müasir rentgen cihazları, alətlər və dərmanlar ilə təmin edilib. Ağır diaqnoz ilə gətirilən hərbi qulluqçular burada müalicə aldıqdan sonra xidmətlərinə davam ediblər. Türkiyə Respublikasında 2023-cü ildə baş vermiş zəlzələ zamanı həmin yerə ezam olunan hərbi qulluqçulardan biri də mən idim. Zəlzələ bölgəsinə çatdığımız andan etibarən insanlara kömək etmək üçün bütün gücümüzlə çalışdıq. Xilas edilən şəxslərə ilkin tibbi yardımın, yaralılara lazımi tibbi xidmətlərin göstərilməsində heyətimizlə birlikdə fəal iştirak etdik. Hər birimiz üçün bu həm mənəvi bir məsuliyyət, həm də vicdani bir borc idi. O günlərdə gördüyüm həmrəylik və qardaşlıq mənə insanlığın necə güclü olduğunu bir daha göstərdi".
Vurğulamaq istəyirəm ki, tibb bacıları, səhiyyə sisteminin əsas sütunlarından biridir. Onların işi yalnız xəstələrə tibbi yardım göstərməklə kifayətlənmir, həm də xəstələrin ruh halını gücləndirən, onlara dəstək olan və şəfa tapmasına dəstək olan əsl igidlərdir. Hər bir tibb bacısının işində səbir, şəfqət və peşəkarlıq ön plandadır. Onlar hər zaman ağır iş şəraitində çalışaraq, həm fərdi, həm də kollektiv olaraq hərbi qulluqçularımızın sağlamlığının keşiyində inamla dayanırlar. Xəstənin rahatlığını təmin etmək onların sağlamlığına göstərilən diqqət və qayğıda əvəzsiz rol oynayır.
Sözügedən şöbənin baş tibb bacısı baş çavuş Samirə Hüseynova digər tibbi personal kimi Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı içdiyi anda sadiq qalaraq öz vəzifə borclarını layiqincə yerinə yetirdiyi üçün dəfələrlə təltif olunub. Həmçinin travmatologiya şöbəsinin tibb bacısı çavuş Xalidə İsmayılova Türkiyə Respublikasında 2023-cü ildə baş vermiş zəlzələ zamanı oraya ezam olunan hərbi qulluqçulardan biridir. Xalidə İsmayılova qardaş Türkiyə Respublikasında baş verən "Əsrin faciəsi" zamanı xəsarət alan türk qardaş və bacılarımıza ilkin tibbi yardım göstərilməsində, müayinə və müalicə olunmasında vəzifə borclarını layiqincə yerinə yetirdiyinə görə təltif olunub.
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının kollektivi, xüsusilə Travmatologiya və Bərpaedici cərrahiyə şöbəsi həm Vətən müharibəsi, həm də digər hərbi əməliyyatlar zamanı yaralanan hərbi qulluqçuların həyatlarını xilas etməkdə əsl insanlıq nümunələri göstərmişdir. Onların gördüyü işlər yalnız tibbi xidmət deyil, həm də insanlara ümid olub, onları həyata qaytarmaqdır. Peşəkar tibb heyətinin yüksək səviyyəli fəaliyyəti və vətənpərvərliyi Azərbaycan Ordusunun sağlamlığını qorumaqla yanaşı, milli birlik və həmrəyliyin gücünü göstərmişdir. Onlar ağır şəraitdə belə öz vəzifə borclarını layiqincə yerinə yetirərək, hər bir xəstəyə şəfqət və peşəkarlıqla yanaşmışlar. Baş Klinik Hospitalın fəaliyyəti həm tibbi, həm də mənəvi cəhətdən cəmiyyət üçün əvəzolunmazdır. Onların əməyi milli tariximizdə bir parlaq səhifə olaraq həmişə xatırlanacaq və gələcək nəsillərə örnək olacaqdır.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"