Əslən Tovuz rayonundanam. Uşaqlıqdan güllə səsləri eşitmişəm, hərbi formada gördüklərimi firavanlığımızın səbəbkarı bilmişəm. Elə uşaq yaşlarında bu peşəyə yiyələnməyi qarşıma məqsəd qoymuşam. İlk dəfə hərbi formanı əynimə hərbi xidmətim ərəfəsində əsgər kimi geyindim, həmin gün qürurlanmışdım. Həyatımda ən əlamətdar günlərdən biri idi. Bir tərəfdən uşaqlıq arzuma çatmağın verdiyi qürur, digər tərəfdən valideynimin qüruru mənim fəxarətimi daha da artırmışdı. Kəndimiz cəbhə bölgəsinə yaxın ərazidə yerləşdiyindən düşmənin atəşkəsi pozmasının qulaq şahidi olurduq. Gecənin bir çağında düşmən səbəbsiz yerə güllələr atır, guya bununla bizim iradəmizə təsir edəcəyini və ya qorxudacağını düşünürdü. Bu məkrli niyyətlər ilə mənfur qonşularımızın xain xislətini elə uşaq yaşlarımdan anlamışdım. Hərbçi olub, düşməni döyüş meydanında məğlub edəcəyimiz günün həsrəti ilə yaşayırdım. 2016-cı ilin Aprel döyüşləri zamanı ilk döyüş tapşırığımı aldım. Qəhrəman zabitimiz Şükür Həmidovun bizi döyüşə səslədiyi anlar xatirimdədir. Ordumuz qısa müddət ərzində düşmənin yaratdığı "keçilməz sədd" mifini darmadağın etdi. Bayrağımızın Lələtəpəyə sancılması bu amal uğrunda şəhid olan qardaşlarımızın qisasının rəmzi idi. 44 günlük haqq savaşımız zamanı xidmət etdiyim hərbi hissə ərazilərimizin müdafiəsini təşkil etdiyi üçün əks-hücum əməliyyatında iştirak edə bilməsəm də, ruhum döyüş meydanındakı əsgər qardaşlarımın yanında idi. O günlərdə hər birimizin qəlbi Azərbaycan əsgəri ilə döyünürdü. Bu gün Vətənimiz tam azaddır, şəhidlərimizin qisası alınıb. Çünki bayrağımız bütün tarixi torpaqlarımızda, yurd yerlərimizdə dalğalanır. Bu gün artıq 12 ildən çoxdur ki, ordu sıralarındayam, uşaqlıqda həsrətində olduğum hərbi mundirdə Vətənimə xidmət edirəm. Müqəddəs amala - Vətənə xidmətimlə qürur duyuram.
Səngər xidmətinin vaxtı-vədəsi, istisi-soyuğu olmur. Bu dağlarda xidmət etmək böyük qürurdur. Vətən sevgisi qüdrətlidir. Vətən sevgisinin istiliyi bizə qışın sazağını, bu sevginin sərinliyi isə istinin bürküsünü hiss elətdirmir. İgidlər ünvanında silahdaşlarımla çiyin-çiyinə Vətənin keşiyində dayanmaqdan qürur duyuram. Vətən torpağımızın hər qarışını göz bəbəyimiz kimi qoruyuruq. Üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması üçün əlimizdən gələni etmək bizim bu Vətənə övladlıq borcumuzdur. Odlar yurdu Azərbaycanımızı qorumaq onun tarixini, mədəniyyətini, adət-ənənəsini, milli-dəyərlərini qorumaqdır. Burada xidmət edən əsgərlərin də hər biri Vətəninə bütün varlığı ilə bağlı olan, müqəddəs amala xidmət edənlərdir. Onların Vətən sevgisi gözlərindən oxunur, sözlərindən duyulur. Vətəninə, xalqına sədaqət andı içən, onları göz bəbəyi kimi qorumağa söz verən əsgərlərimizin öz sələflərinin yolunu uğurla davam etdirəcəyinə, ata-babalarına layiqli övlad olacaqlarına inamımız sonsuzdur. Üzərində durduğumuz yer sadəcə torpaq deyil, bizə atalarımızdan miras qalan ən ali əmanətdir. Əsgərlərimiz bunu dərk edir. Dərk edir ki, bu torpaqların hər qarışı uğrunda qan tökülüb, can verilib. Bölməmizin şəxsi heyəti öz Vətəninə layiq, xalqına sadiq övladlardan ibarətdir. Baxışlarında qürurlu, sözlərində və əməllərində vətənpərvər, xidmətlərində məsuliyyətlidirlər. Komandirlərin və bizim üzərimizə düşən əsas vəzifə də əsgərlərimizi əsl döyüşçü olaraq yetişdirməkdir. Bölməmizin şəxsi heyəti öz vəzifə borcunun məsuliyyətini anlayır, xidmətini ayıq-sayıq, lazımi səviyyədə təşkil edir. Başqa cür ola da bilməz. Çünki səngər igid, vətənpərvər oğullar ünvanıdır. Burada dostluqlar da möhkəm olur.
Qarşıdan qış fəsli gəlir. Havanın daha da şaxtalı olması bizi narahat etmir. Sosial-məişət şəraitimiz yüksək, qidalanmamız arzuolunandır. Buradan əsgər valideynlərinə səslənirəm ki, övladlarına görə nigaran qalmasınlar. Onların həm xidməti, həm də gündəlik fəaliyyətini düzgün təşkil etməsi üçün lazımi şərait yaradılıb. Hər bir əsgər bizim ailəmizin bir üzvüdür. Əsgər Vətən əmanətidir, yurd əmanətidir. Biz də Vətən övladı olaraq gənc müdafiəçilərimizə hər zaman yüksək diqqət göstərir, onların qayğı və problemləri ilə daim maraqlanır, həlli istiqamətində öz dəstəyimizi göstəririk. Onların hər birinə öz xidmətlərini uğurla başa vurub, komandirlərinə və ailələrinə başucalığı gətirmələrini arzu edirəm.
Asif QƏNİYEV
"N" hərbi hissəsi