Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2024 20:28

Hərbçilərimizin güvən dolu ayaq səsləri

Zamir Ədalət oğlu Sadıqov həyatını müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması uğrunda müqəddəs vəzifələri yerinə yetirməyə həsr edən igidlərdən biridir. 18 avqust 1988-ci ildə dünyaya göz açan Zamir hələ gənc yaşlarından Vətənə dərin sevgi və sadiqlik ruhu ilə böyüyüb. Uşaqlıqdan hərbçi olmaq onun ən böyük arzusu olub. Bu böyük arzu və sonsuz Vətən sevgisi illər sonra onu güclü, qətiyyətli bir komandirə çevirib. Bu gün Zamir Sadıqov ordumuzun peşəkar zabitlərindəndir. O, işğaldan azad olunmuş ərazilərimizdə yerləşən "N" hərbi hissəsində xidmətini şərəflə, uğurla davam etdirir. Özünün də dediyi kimi, bu onun üçün təkcə bir vəzifə deyil, həm də həyat məqsədi, əbədi bir missiyadır.
Zamir Sadıqov ilk hərbi təhsilini 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə alıb. Daha sonra 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut), 2010-2011-ci illərdə isə  Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təhsil alıb. Hər zabit kimi onun da xüsusi təyinatlı təhsil müəssisələrində qazandığı hərbi biliklər gələcək karyerasının və xidmət yolunun təməli olub. Həmçinin zabitin keçdiyi müxtəlif kurslar onun hərbi biliklərini daha da zənginləşdirib, müxtəlif döyüş əməliyyatları üzrə taktika və strategiyaları öyrənməsinə imkan yaradıb.
Zamir Sadıqov Azərbaycan Ordusunun Zəfərlə tamamladığı uğurlu döyüş əməliyyatlarının iştirakçısı olub. Bu əməliyyatlar zamanı o, peşəkarlıq, cəsarət, şəxsi igidlik göstərərək, tabeliyində olan şəxsi heyətlə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.
Söhbət əsnasında mayor Z.Sadıqov iştirak etdiyi döyüşlər haqqında danışdı: "Düşünürəm ki, hərbçi üçün döyüş meydanında keçirtdiyi hisslər onun yaddaşında dərin və silinməz izlər buraxır. Döyüşlər zamanı şəxsi heyətin Vətən sevgisi və düşməni məğlubetmə əzmi biz komandirlər üçün ən böyük motivasiya idi. Həmin günlərdə biz təkcə fiziki bir mübarizə aparmırdıq, ruhən də düşmənə qarşı döyüşürdük. Orada keçirdiyimiz hissləri izah etmək çətindir - hər an torpaqlarımızın azadlığı üçün canımızdan keçməyə hazır idik. 44 günlük Vətən müharibəsindəki Böyük Qələbəmizlə dövlətimizin qüdrətini, ordumuzun rəşadətini, vətənpərvərlik ruhumuzu bütün dünyaya göstərdik. Bu ruhu bizə, əlbəttə ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin liderliyi və qətiyyətli mövqeyi aşıladı. Müzəffər Ali Baş Komandanın səyi və qətiyyəti nəticəsində xalqımız bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad olunmasına nail oldu".
Zabit bu gün tabeliyində olan  gənc komandirlərə nümunə olur, şəxsi heyətə döyüş təcrübələrini aşılayır, onların şərəfli xidmətlərinin öhdəsindən uğurla gəlmələri üçün bütün bilik və bacarıqlarını səfərbər edir.  Müstəqilliyimiz və suverenliyimiz uğrunda öz canını fəda edən igid oğullarımızın döyüş yolunu, vətənpərvərliyini hər kəsə nümunə göstərir.
Vətənə xidmət, Vətən sevgisi, Vətən uğrunda canını fəda etmək - bunlar mayor Zamir Sadıqov kimi minlərlə hərbçimizin həyat amalıdır. İşğaldan azad olunmuş əzəli torpaqlarımızda belə igidlərimizin ayaq səsləri eşidildikcə, bir daha əmin olursan ki, ölkəmizin təhlükəsizliyi, ərazi bütövlüyü güvənli əllərdədir. Əmin olursan ki, Azərbaycan Ordusu hər zaman güclü və qalib olaraq qalacaq, ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunması ilə nəticələnən Zəfərlərimiz qəhrəmanlıq dastanları kimi gələcək nəsillərə miras qalacaq.

 

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"