Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2024 14:00

Laçın şəhərinin azad olunmasından 4 il ötür...

Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı

 

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun işğaldan azad edilməsindən 4 il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. İki il əvvəl, 2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu.
Qeyd edək ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbçi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğalçılar tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi və digər infrastruktur obyektləri talan olunub və məhv edilib. Həmçinin 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə uğrayıb.
Təcavüzkar Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub, soyqırımları, bir çox digər hərbi cinayətlər törədib. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verir və çox təəssüf ki, susqunluqla qarşılanırdı.
Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin liderlik keyfiyyəti, sərkərdəlik məharəti, siyasi iradəsi, müdrik qərarları və ordumuzun yüksək döyüş hazırlığı Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdi. 2022-ci ilin avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: "Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər - 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə".
İşğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Həmin səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, "Qorçu" və "Laçın" şəhər yarımstansiyalarının və digər infrastruktur obyektlərinin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, "Laçın" Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub.
Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən danışaraq deyib: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".
Bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilir. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş "15 dəqiqəlik şəhər" prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından birinə çevrilib. Artıq Həkəri çayı üzərində göl yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda yaşıllıqlar salınıb, kotteclər tikilib. Göldə çimərlik də fəaliyyət göstərəcək. Rayon sakinlərinin və qonaqların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.
Ötən il avqustun 25-26-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonuna səfər zamanı Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Laçın şəhərinin işğaldan azad edildiyi gün - 26 Avqust Laçın Şəhəri Günü kimi qeyd olunur. Hər il laçınlılar həmin günü doğma evlərində sonsuz qürur və sevinc hissi ilə bayram edirlər.

"Azərbaycan Ordusu"