Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2024 14:00

“Ana Vətənimizə xidmət etmək müqəddəs borcumuzdur”

Müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantı olan qalib ordumuzun döyüş qabiliyyəti müasir silah və texnika ilə yanaşı, əsgərinin fərdi hazırlığından bilavasitə asılıdır. Danılmaz faktdır ki, müasir silahlardan yüksək səviyyədə istifadə etməyi bacaran, Vətənə sonsuz sevgi ilə bağlı olan, hərbi sirlərə sadiq, yüksək döyüş ruhunda xidmət edən əsgərlərə malik ordu, ən güclü ordudur. Bunun üçün də Azərbaycan Ordusunda xidmət edən gənclərin döyüş hazırlığına yüksək diqqət göstərilir.
Bu gün ordumuzun bütün qoşun növlərində gənclərə peşəkar səviyyədə təlimlər keçirilir. Təlim müddətində onlara atəş, taktika, sıra, ictimai-siyasi hazırlıqlar və digər mövzularda əyani və praktiki məşğələlər keçirilir. Gənclər də öz növbəsində hərbi xidmətə həvəslə yanaşır, bacarıqlı əsgərlər olmaq, nümunəvi xidmət etmək üçün can atırlar. Bu gün ordumuzun istənilən bölməsində nümunəvi xidmətləri ilə seçilən gənclər xidmət edirlər. Onlar hərbi xidməti müqəddəs vəzifə hesab edirlər. Vətən qarşısında övladlıq borcu bilirlər. Şanlı Ordumuzun adına layiqli əsgərlər olmaq üçün təlim-məşqlərdə həvəslə iştirak edir, bacarıqlı, vətənpərvər əsgərlər kimi formalaşmaq üçün çalışırlar. Sevindirici haldır ki, gənclərimiz hərbi formanı geyib, Azərbaycan əsgəri adını daşımaqla qürur duyurlar. Ürəklərində sonsuz Vətən sevgisi ilə xidmət edirlər. Hər birinin tək amalı Vətənimizin müdafiəsində mətin dayanmaqdır. Bunun üçün xidmətə məsuliyyətlə yanaşır, komandirlərinin tapşırıqlarını dəqiq yerinə yetirirlər. Öz xidmətləri ilə sübut edirlər ki, Azərbaycan əsgəri vətənpərvər, qorxmaz, cəsurdur və istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə hər an qadirdir.
Hərbi hissələrə ezamiyyətimiz zamanı belə vətənpərvər əsgərləri yaxından tanıyırıq. Onlarla söhbət zamanı hər biri vurğulayır ki, Vətən bizlərə əmanətdir, biz Vətən keşikçiləriyik, üzərimizə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetirməyi mənəvi borc bilirik.
Komando hərbi hissələrindən birində belə vətənpəvər oğullardan daha birini - əsgər Mirpaşa Həsənovu tanıdıq. Onun nümunəvi xidmətindən komandirləri ağızdolusu danışdı. Mirpaşanın xidmətə gəldiyi gündən məsuliyyətli, intizamlı olmasından fəxrlə söz açdılar. "Mirpaşa bölməmizə gəldiyi gündən nümunəvi xidməti, bacarığı ilə seçilir. Davranışı, əxlaqi keyfiyyətləri ilə kollektivin rəğbətini qazanıb. Mirpaşa kimi  üstün keyfiyyətlərə malik, vətənpərvər, igid oğullarla bir arada xidmət etmək komandir heyətinə də ruh yüksəkliyi aşılayır. Onun və digər əsgər yoldaşlarının nümunəvi xidməti döyüş hazırlığının artırılmasında mühüm rol oynayır. Mirpaşanın timsalında əsgərlərimizin hər birinin valideyninə belə  cəsur, milli mənəvi köklərimizə bağlı, dövlətinə sədaqətli oğul tərbiyə etdikləri üçün dərin minnətdarlığımızı bildiririk", - baş leytenant Cavid Mustafayev dedi.
Əsgər Mirpaşa Həsənovla həmsöhbət olduq. Mirpaşa bir ilə yaxındır ki, ordu sıralarında xidmət edir. Hərbi xidmətə Gəncə şəhərindən çağırılıb. Hərbi xidmətin mahiyyəti, müqəddəsliyi, gənclərə aşıladığı üstün keyfiyyətlər haqqında onun düşüncələrini öyrəndik. Əsgəri xidməti Vətən qarşısında övladlıq borcu bildiyini dedi. O vurğuladı ki, Vətən anamızdır, ən müqəddəs varlığımızdır, Vətənin keşiyində durmaq, onu inamla qorumaq müqəddəs və şərəfli vəzifədir. "Hərbi xidmətə gəldiyim gündən intizamlı olmağı, hərbi sirlərə dərindən yiyələnməyi, vicdanla xidmət etməyi özümə söz vermişəm.  Komandirimin xidmətimdən razı qaldığını bilmək məni çox qürurlandırdı, sevindirdi, daha da ruhlandırdı. Bu gün Azərbaycan Ordusunun sıralarında xidmət edən hər  gənc kimi mən də fərəhliyəm. Fəxr edirəm ki, əsgərəm, Vətənin qoruyucusuyam. Qalib və rəşadətli ordunun nümayəndəsiyəm. Ordu sıralarına gəldiyim ilk gündən tək məqsədim rəşadətli ordumuzun adına layiqli əsgər olmaq, nümunəvi xidmət edərək, ailəmin yanına başıuca qayıtmaqdır. Bu şərəfli yolu uğurla keçdiyim üçün çox sevinirəm. Bu yol hər bir gənc üçün müqəddəsdir, şərəflidir. Hərbi xidmət yaşına çatmış yoldaşlarıma, dostlarıma səslənmək istəyirəm ki, hər bir gənc hərbi xidmət keçməlidir. Bizi bir ömür qoynunda bəsləyən ana Vətənimizə xidmət etmək hər birimizin müqəddəs borcudur", - əsgər M.Həsənovun bu ürəkaçan sözləri nümunəvi xidmətinin aynası oldu.
Söhbətə davam edən Mirpaşa xidməti dövründə çoxlu dostlar qazandığından da danışdı. Komandirlərindən razılığını bildirdi. "Savadlı, bacarıqlı və peşəkar komandirlərimiz tərəfindən hərbi biliklərə və vərdişlərə yiyələnirik. Bir sözlə, hərbi xidmət bizi həm bacarıqlı əsgər kimi, həm də cəmiyyətə yararlı vətəndaş kimi formalaşdırır. Xidmətimizin uğurlu keçməsi üçün bütün sosial təminatlarımız qaydasındadır. Komandirlərimiz də mütəmadi olaraq qayğılarımızla maraqlanır, doğma münasibət göstərirlər. Hər kəs bilsin ki, əsgəri xidmətə gələn gənclər hərbi hissədə müsbət ab-havada, ailə mühitində, yüksək döyüş ruhunda xidmət edirlər. Öz adımdan və bütün əsgər yoldaşlarım adından Ali Baş Komandanımıza və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk ki, biz gənclərin uğurlu xidmət keçməsi üçün hər cür şərait yaradıblar".
Mirpaşa kimi vətənpərvər gənclərimiz öz xidmətləri ilə sübut edirlər ki, regionun ən güclüsü olan qalib Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti şəxsi heyətinin vətənpərvərliyindən, nümunəvi xidmətindən, intizamından bilavasitə asılıdır.

Elçin İMANOV "Azərbaycan Ordusu"