Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Elçin Mansurovun doğum günü qeyd olundu. Anım tədbirində Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, kursant və döyüş yoldaşları, bir qrup şəhid ailəsi, ictimaiyyət nümayəndələri, məktəblilər və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin İdeoloji və Hərbi Kütləvi İş bölməsinin təlimatçısı kapitan Günel Dadaşova çıxış edərək şəhidin həyat və döyüş yolu haqqında geniş məlumat verdi. Qeyd etdi ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətənimizin övladları heç zaman unudulmurlar. "Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər sıramızda olmasalar da, qəlblərimizdə daima yaşayırlar. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindən biri də mayor Elçin Elşən oğlu Mansurovdur. Onun şəhadətindən dörd il ötür. Yaşasaydı, bu gün qırx yaşını qeyd edəcəkdi. Elçin Mansurov 1984-cü il noyabrın 25-də Bakıda anadan olub. Əslən Yardımlı rayonunun Kürəkçi kəndindəndir. Orta məktəbi bitirdikdən sonra Elçin 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olunub. O, ordumuzun Tovuz, Murovdağ, Göygöl və Füzuli rayonlarında yerləşən bölmələrində xidmət edərək, şərəfli zabit adını daima uca tutub. Xidmətində uğurlar qazanıb.
Vətənpərvərliyi, peşəkarlığı ilə fərqlənən mayor Elçin Mansurov 2020-ci il 27 sentyabrda 44 günlük Vətən müharibəsi başlayanda Füzuli istiqamətində gedən ağır döyüşlərə qatılıb. Onun rəhbərlik etdiyi bölmə bir neçə düşmən postunu ələ keçirərək, həmin mövqelərə bayrağımızı sancıb. Qorxmaz döyüşçü "Buğra dərəsi" adlanan ərazidə düşmən snayperi tərəfindən vurularaq şəhidlik zirvəsinə yüksəlib. İkinci Şəhidlər xiyabanında dəfn olunub. Şəhid zabitin qəhrəmanlıqlarla dolu ömür yolu gələcək nəsillərə nümunədir".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə mayor Elçin Mansurov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.
Sonra qəhrəman zabitin ömür yolundan bəhs edən videoçarx tədbir iştirakçılarına nümayiş olundu.
Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Şəhid Ailələri və Qadınlarla İş sektorunun müdiri, dövlət qulluqçusu Zümrüd Səmədova çıxış edərək vurğuladı ki, bu gün Elçinin qırx yaşı tamam olur. "O qısa, lakin şərəfli bir ömür yaşadı. Hər kəsə örnək bir ömür. Onun ailə üzvləri, doğmaları, döyüş yoldaşları bu gün şəhid qəhrəmanımızın ad gününü anım tədbiri ilə qeyd edir, onlar qəhrəman, fədakar, vətənpərvər oğul olan Elçinlə bağlı xatirələrini danışırlar. Mayor Elçin Mansurov Vətənini, dövlətini, xalqını ləyaqətlə sevən bir zabit olub. Elçin kimi qəhrəman, mərd, fədakar oğulların sayəsində 30 illik torpaq həsrətinə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. İndi işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri aparılır. Doğma elindən, obasından ayrı düşmüş həmvətənlərimiz bu gün torpağına, yurduna geri dönür. Bütün şəhid analarının qarşısında baş əyirəm".
Anım tədbiri şəhid qəhrəmanın kursant yoldaşları polkovnik-leytenant Elsevər Hümbətov, mayor Anar Quliyevin Elçin Mansurovla bağlı xatirə çıxışları ilə davam etdi. Onlar Elçinin peşəkar, vətənpərvər, yüksək döyüş, mənəvi-psixoloji və fiziki hazırlıqlı bir zabit olduğunu vurğuladılar. Onun döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, qorxmazlığından danışdılar. "Elçin qısa ömrünə bütün Azərbaycanın sevgisini sığdırdı. Doğum günün mübarək olsun, əziz şəhidimiz. Sən bizim qəlbimizdə daim yaşayacaqsan!"
Digər çıxış edənlər 44 günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli rolunu vurğulayaraq, düşmən üzərində qazanılan Zəfərdən sonra ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasını, sülhün, sabitliyin təminatçısına çevrildiyini xüsusi qeyd etdilər.
Elçin Mansurov adına 88 nömrəli məktəbin şagirdləri şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirdilər.
Daha sonra qəhrəman şəhidin anası Məleykə Məcidova çıxış edərək, göstərilən yüksək diqqət və qayğıya, övladının adının daima uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə etdi.
Sonda H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistlərinin təqdimatında vətənpərvərliyi, Böyük Zəfərimizi tərənnüm edən musiqilər səsləndirildi.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"