Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2024 11:28

“Dostluğumuzu Vətənə sevgi yaradıb...”

Ən həssas, ən etibarlı, ən məsuliyyətlə yaşadılası münasibət dostluqdur. Dostluğu şərtləndirən başlıca amil səmimiyyətdir. Vətənə sədaqətlə xidmət edənlər, Hərbi Nizamnamələrin tələblərinə ciddi əməl edənlər, zabitlərin, komandirlərinin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetirənlər üçün dostluq elə səmimiyyət deməkdir...
Semrac Astarada böyüyüb boya-başa çatıb, Rahil Bərdədə. Semrac da, Rahil də Vətənin nə olduğunu ailədə duyub, məktəbdə müəllimlərinin söhbətləri ilə sevgiləşdirib.
Vətəni sevməkdən söz düşəndə həmişə akademik Xudu Məmmədovun bir kəlamını xatırlayıram: “Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil, siz onlara Vətəni tanıdın, özləri sevəcəklər”. Semraca da, Rahilə də Vətəni tanıdıblar. Vətəni tanımanın sevgisi bu yeniyetmələrin də xarakterinin işığına dönüb. Bu işıqla orta məktəbi bitiriblər, çağırışçı yaşına çatıblar, hərbi xidmətə çağırılıblar, bu işığın yolgöstərənliyi ilə hərbi xidmətə gediblər...
Semrac Əliyevlə Rahil Sadıqovun əsgəri münasibətlərini əsgər dostluğuna Vətən kəlməsi - Vətənə sevgi çatdırıb: Hərbi xidmətin ilk günlərində asudə vaxtda söz sözü çəkəndə Rahil "Vətən mənə oğul desə, nə dərdim..." - deyib, Xalq şairi Məmməd Arazın ruhumuzun şeiri olan şeirinin misrasını Semrac tamamlayıb: "Mamır olub qayasında bitərdim". Baxışıblar. Gözəl şeirin yaratdığı gözəl ovqat ikisinin də ruhunu Vətən kəlməsinin müqəddəsliyinə kökləyib.
Əsgər Semrac Əliyevlə əsgər Rahil Sadıqovun əsgər dostluğu Vətənə sevginin ifadəsi olan şeirlə başlayıb. Aylar sonra onlar hərbi xidmətdən tərxis ediləcək, dostluqda tərxis olunma yoxdu...
- Dostluğumuz şeirlə başlayıb. Həmin anlarda Semracın həssas əsgər olduğunu duydum. Dediyimiz misralar elə bil dostluğumuza sədaqət andı oldu. O da nümunəvi xidmət edir, mən də, Vətəni o da sevir, mən də, o da "Vətən gözdü biz kirpik, Gözümüzün keşiyini çəkirik!" deyir, mən də, - əsgər Rahil Sadıqov belə dedi. Əsgərin səmimi kəlmələri səmimiyyətlə səsləndi, mənə də, digərlərinə də könül xoşluğu verdi. Bu ovqatla əsgər Semrac Əliyevə baxdım. Əsgər baxışlarımın sorğusunu duyubmuş:
- Bizim dostluğumuzun yaradıcısı Vətəndi - hərbi xidmətdəyik, Vətənə sevgidi - eyni sevgiylə xidmət edirik, duyğudu - Vətənə ad olan şeirləri ruhumuzun mehrabı bilirik. Bunların yaratdığı, yaşatdığı əsgər dostluğu son nəfəsdə də bitmir...
Əsgər dostluğunu həmişə anların tarixləşməsi bilmişəm. Mayor Teymur Qurbanəliyev nümunəvi xidməti əsgərlərin dostluğunun şərtlərindən biri adlandırdı. Manqa komandiri Semrac Əliyevin də, Rahil Sadıqovun da nümunəvi xidmət etdiyini dedilər...
Dostluq ünsiyyətdi, dostluq münasibətdi, inamdı, ehtiramdı - insani keyfiyyətlər sistemidi. Əsgər dostluğu xarakterdə bu sistemin könüldaşıdı. Vətənə sevgidən yaranan əsgər dostluğu kimi...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"