Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2024 18:48

Döyüş növbətçiliyi ən qürurverici xidmətdir

İkinci Qarabağ müharibəsinə kimi payız küləklə gələrdi, bu ilin payızı bu tərəflərə çisəklə gəlib. Güzarımız bizi nəmlənmiş yollarla gah tutulan, gah açılan ayamın içindən keçirib yüksəkliklərə - ucalıqlara aparır. Yollar yaşdı, dikdirdi, hamımızın düşüncələrində bu yüksəklikdə döyüş növbətçiliyi aparan əsgərlərin qətiyyətini, hərbi xidmətə (Vətənə!) sədaqətini duymaq, görmək, qürurlanmaq niyyəti var. Kapitan Nurlan Əliyevin dediyi kəlmələr hamımızı duyğulandırır: Neçə aylar əvvəl bu mövqedə bir-iki gündən sonra tərxis ediləcək əsgər məndən xahiş etmişdi ki, növbədənkənar döyüş növbətçiliyi aparmasına icazə verim. Maraqla ona baxmışdım. "Komandir", - demişdi. "Sonuncu döyüş növbətçiliyimi şəhidlərimizin ruhu ilə birlikdə aparmaq istəyirəm. Hərbi xidmətimdən əvvəl də, hərbi xidmətimdə də onların ruhunu ruhumun qardaşı bilmişəm. Qoy son döyüş növbətçiliyim, hərbi xidmətimin sonu onların ruhunun hərbi xidməti olsun...". Həmin gün mövqedə doğma bir ovqat yaşanılmışdı.
Həmin ovqatı bu gün əsgərlərin əhatəsində biz də yaşayacağıq...
Baxışlarımız hərdən seyrək dumanlıqlardan ümid işığı kimi görünən Günəşin zərif telləriylə süslənmək istəyir. Süslənir də. Çisəyin kəsməsini də, dənəbir-dənəbir yağan qarın dayanmasını da, gözəlim Günəşin dumanlığı dağıtmasını da, uzaqlarda görünməzliyə bürünmüş ərazilərin aramla görünməsini də bu yüksəklikdə döyüş növbətçiliyi aparan Azərbaycan əsgərinə təbiətin ehtiramı bilirik. Gözəl ehtiramdı, düşündürücü ehtiramdı, yaşadılası ehtiramdı. Bir azdan əsgərlərin əhatəsində 2020-ci ilin payızı xatırlanılacaq - ordumuz tarixi Zəfər qazandı, 2023-cü ilin payızı xatırlanılacaq ordumuz Zəfərdən sonra Zəfərin qüdrətinə layiq qələbə qazandı, Azərbaycanımızın ərazi bütövlüyü tam bərpa olundu...
Aşırımın sonunda əsən rüzgarın, qarın-yağışın, tənhalığın qurutmağa, yaşamını tükəndirməyə gücü çatmadığı tək ağac görünür. Tək ağacdan bir qədər yuxarıda mövqemizdi. Mövqenin qənşərində gəzişən hərbi qulluqçunun yerişində inamdan dikələn qürur qətiyyətin, məhəbbətin qürurudu. 2020-ci il sentyabrın 27-nə kimi ön xətdə gördüyüm qürurları xatırladan qürurdu. Bir azdan döyüş növbətçiliyinə gedən, döyüş növbətçiliyi aparan, döyüş növbətçiliyindən qayıdan əsgərlərlə söhbətləşəcəyik...
Əsgərlərin əhatəsindəyik.
Kapitan Nurlan Əliyev xırdaca narahatlıqla boz yapıncısı çiyinlərindən sürüşmüş dağlıq əraziyə baxır, sonra döyüş növbətçiliyi aparan əsgərlərə. Belə mahiyyətli, istiqanlı baxışları İkinci Qarabağ müharibəsindən əvvəl də görmüşdüm, İkinci Qarabağ müharibəsində də, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra da. Hamısında boy göstərən sevgi olub. Bu baxışları həmişə Azərbaycan Ordusunun zabitinin Azərbaycan əsgərinin məsuliyyətinə, dövlətə sədaqətinə, döyüş növbətçiliyinə (deməli, döyüş hazırlığına) inamının (və sevgisinin!) ifadəsi bilmişəm.
- Döyüş növbətçiliyi döyüş hazırlığının, döyüş hazırlığı hərbi xidmətin şərtidir. Əsgərlərimiz döyüş hazırlığını məsuliyyətlə aparırlar, deməli, məsuliyyətlə xidmət edirlər. Qoşunlarda xidmətə başlayan hər əsgər döyüş növbətçiliyinin mahiyyətini dərk etməklə hərbi xidmətin mahiyyətini daha əhatəli dərk edir. "Mən hərbi xidmətə iki dəfə başlamışam, bir xidmətimin ilk günü, bir də ilk dəfə döyüş növbətçiliyinə çıxdığım gün...", - əsgərlərimizdən biri belə demişdi. Döyüş növbətçiliyi əsgərin düşmənlə təkbaşına məsuliyyət, sayıqlıq, sevgi, qətiyyət döyüşüdü. Digər mövqelərdə olduğu kimi, bu mövqedə də Azərbaycan əsgəri həmişə qalib gəlib...
Əsgər Nihad Hüseynov deyir ki, döyüş növbətçiliyi təlimatdan başlayır. Komandirimizin tövsiyələri yaddaşımdaydı, ilk dəfə döyüş növbətçiliyinə bu yaddaşla və əsgəri məsuliyyətlə getmişdim. Etiraf edirəm ki, əsgər olmağın qürurunu onda elə gözəl yaşadım ki!..
Əsgər Tural Məmmədov əsgər yoldaşının sözünə qüvvət kimi deyir:
- Həm də demişdilər ki, döyüş növbətçiliyi hərbi xidmətin tərkib hissəsidi, düşməni nəzarətdə saxlama prosesidi. Mən düşmənin özünü də, məqsədli-məqsədsiz vurnuxmalarını da ilk dəfə döyüş növbətçiliyi aparanda görmüşəm.
Əsgərin fikrini leytenant İlkin Mirzəhüseynov tamamlayır:
- Döyüş növbətçiliyi hərbi xidmətin ən qürurverici mərhələsidi. Mahiyyəti baxımından diqqət deməkdi, cəsarət deməkdi, istənilən tərpənişin mahiyyətini dərk etmə bacarığı deməkdi. Əsgərlər  bilir ki, düşmən döyüş növbətçiliyi ciddi təşkil edilən mövqedən içərilərə sıza bilmir. Sızma isə təxribatların başlanğıcı deməkdi...
- Müharibədə, müharibə şəraitində düşmənin hərbi niyyətini nəzarətdə saxlamaq üçün müəyyən ərazilərdə döyüş növbətçiliyi təşkil olunur. Düşmənin hər hansı ciddi tərpənişi hiss olunanda komandanlığın əmri ilə cavab tədbiri görülür. Düşmənin 2023-cü il sentyabrındakı təxribatı işğalçının son nəfəsi olmuşdu, - baş leytenant Vaqif Kərimlinin dedikləri hamının qürurunu kükrədir.
Təqvimdə payızdı, könlümüzdə yaz..
Əsgərin döyüş hazırlığı hərbi hissələrin, hərbi hissələrin döyüş hazırlığı ordunun döyüş hazırlığı deməkdi. Bu baxımdan əsgərin döyüş növbətçiliyi hərbi hissənin döyüşə hazır olması deməkdir. Əsgərlər döyüş növbətçiliyinə bu dərklə çıxır. Düşüncələrimin gerçəkliyini döyüş növbətçiliyinə gedən əsgərlərin baxışlarında da görürəm.
Xatırlayıram və xatırladıram ki, İkinci Qarabağ müharibəsindən əvvəl Lələtəpədə döyüş növbətçiliyindən qayıdan əsgərlə söhbətləşirdim. Ovucunda torpaq vardı. İkimizin də baxışlarımız bir ovuc torpağın köynəyindən keçəcəkdi sanki. Əlim əsgərin çiyninə enmişdi. "Bir ovuc torpaq da Vətəndi!..", - demişdim. Əsgər bir qarşı tərəfə baxmışdı, bir bizə, bir də ovucundakı dənəbir torpağa. "Döyüş növbətçiliyi bunun üçündü...", - demişdi...
Xatırlatmalarım əsgərləri duyğulandırır. Bu duyğulanma Azərbaycan əsgərinin mənəvi kamilliyinin qürurunun duyğulanmasıdı, hərbi xidmətə, dövlətə, Vətənə sevgi olduğu üçün boyu hər yerdən görünür.
 - İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatandan sonra bəzi mövqelərdə Azərbaycan əsgərinin döyüş növbətçiliyi davam edir, - əsgər İbrahim Bəkirov belə deyir.
Əsgər Pünhan Səlimov da söhbətə qoşulur, dedikləri bayaqdan bəri yaşadığımız ovqatın ruhunun haləsinə dönür:
- Döyüş növbətçiliyi Azərbaycan əsgərinin ürəyində davam edir. Əsgər hərbi xidmətin ilk günündən tərxis olunana kimi döyüş növbətçiliyindədi...
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Daşaltıda vətənpərvərlik tədbirində Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulov demişdi ki, döyüş növbətçiliyi düşməni nəzarətdə saxlamaq üçündü, döyüş düşməni məğlub etmək üçün. Döyüş növbətçiliyi ilə döyüş arasında bir tətik sıxma fərqi var. Daşaltıda deyilən, sədaqətlə yaşadılan fikir döyüş növbətçiliyi aparan əsgərlərə könül xoşluğu verir.
- Döyüş növbətçiliyində müəyyən ərazini nəzarətdə saxlayırıq, mühafizə edirik, düşmənin mövqelərini müntəzəm izləyirik, şübhəli hərəkətlərini, tərpənişlərini duyanda təlimata müvafiq qərar qəbul edirik.
Baş leytenant Vaqif Kərimli əsgərlərin düşüncələrinin Vətən sevgisindən rişələndiyini, Hərbi Nizamnamələrlə tənzimləndiyini, hərbi xidmətlə formalaşdığını deyir, onu da bildirir ki, bu mövqedə də döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun hissələri döyüş növbətçiliyindən döyüşə başlamışdı, düşmənin hücumunun qarşısı bölmələrimizin sayıqlığı nəticəsində qətiyyətlə alınmışdı. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə əks-hücuma keçmişdi.
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Yəni, tarixi Zəfər Azərbaycan əsgərinin döyüş növbətçiliyi ilə başlayıb, ilk gülləni döyüş növbətçiliyi aparan əsgərlərimiz atıb. Döyüş növbətçiliyinin qüdrəti budur...
İkinci Qarabağ müharibəsindən əvvəl ön xətdə aparılan döyüş növbətçiliyi ilə tarixi Zəfərdən sonra aparılan döyüş növbətçiliyinin mahiyyəti eynidir: Torpaqları qorumaq. Birində atəşkəs razılaşması olsa da, müharibəydi, düşmən düşmənliyindəydi, həmlələrlə, hücumlarla hərbi əməliyyatlar aparmaq istəyirdi, Azərbaycan əsgərinin döyüş növbətçiliyi bunun qarşısının alınması üçün aparılırdı. Azərbaycan əsgəri torpaqlarımızı qoruya-qoruya Ali Baş Komandanın döyüş əmri ilə işğal olunmuş torpaqlarımızı azad edəcək döyüşləri gözləyirdi. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan mövqedə - postda  əsgərlərdən birinin dediklərini İkinci Qarabağ müharibəsinə kimi unutmamışdım, indi də unutmamışam. Əsgər demişdi ki, hərbi xidmətə döyüş növbətçiliyi ilə başlamışam, hərbi xidmətimi Ali Baş Komandanın döyüş əmri ilə davam etdirmək, qaliblər sırasında tamamlamaq istəyirəm.
Müharibə ordumuzun qələbəsi ilə başa çatandan sonra döyüş növbətçiliyi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsinə görə təşkil edilirdi, döyüş növbətçiliyi həm də döyüş əzmi ilə aparılırdı. İndi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunandan sonra döyüş növbətçiliyi Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün aparılır. Baş leytenant Vaqif Kərimli deyir ki, döyüş növbətçiliyi aparan əsgərlərimizdən biri ilk döyüş növbətçiliyindən sonra demişdi ki, yaxşı əsgər tərxis edildikdən sonra mülki həyatda da Vətən naminə döyüş növbətçiliyi aparan əsgər kimi ayıq-sayıq, məsuliyyətli, diqqətli olur. Biz yaxşı əsgər, nümunəvi əsgər kimi xidmət edirik, tərxis edildikdən sonra çalışacağımız sahənin əsgəri olacağıq. Əsgərin düşüncələrində hərbi xidmətə, bu baxımdan döyüş növbətçiliyinə, deməli, Vətənə böyük sədaqət duyulurdu. İndi bu mövqedə xidmət edən əsgərlərimiz də belə düşünür...
Duyulan qar havası döyüş növbətçiliyi aparan əsgərlərimizi narahat etmir. Neçə il əvvəl ilin bu vaxtlarında Kəlbəcərdə kəlmələşdiyimiz əsgərlərə demişdim ki, təbiətin dörd fəslini siz ruhunuzla bir fəsilə cəmləyirsiniz. Bu, hərbi xidmət fəsilidi. Yayda isti, bürkü, qışda şaxta, sovruq, sazaq sizə yaxın düşə bilmir. Bu söhbəti və bu deyimi bu gün döyüş növbətçiliyi aparan əsgərlərə də deyirəm. Fikrim bəyənilir...
Əsgər Ehtiram Təhməzov hərbi xidmətə Bərdə rayonundan çağırılıb, 16 aydı hərbi xidmətdədi. Döyüş növbətçiliyindən qayıdıb. Ehtiram  qürurla hərbi xidmətdən, döyüş növbətçiliyindən danışır: "Döyüş növbətçiliyində sən olursan, müşahidə etdiyin ərazi olur, bir də düşüncələrin. Sən döyüş növbətçiliyində Vətəni təmsil edirsən. Ona görə də döyüş növbətçiliyi əsgər üçün hərbi xidmətin ən məsuliyyətli, ən duyğusal anları olur...".
Əsgərlərin dediklərini həmişə xoş ovqatla xatırlayacam:
Əsgər Fərid Çıraqov:
- Hərbi xidmətin ilk gününü, Hərbi And içdiyim günü, qoşunlara xidmətə gəldiyim günü və döyüş növbətçiliyi apardığım günləri heç zaman unutmayacam. Döyüş növbətçiliyi aparanda düşmənlə üz-üzə dayananda mənə elə gəlir ki, Vətəni təmsil edirəm.
Əsgər Elnur Əliyev:
- Döyüş növbətçiliyi hərbi xidmətin ən qürurverici mərhələsidi.
Əsgər Tural Məmmədov:
- Döyüş növbətçiliyi diqqət deməkdi, sayıqlıq, cəsarət deməkdi, düşmənin istənilən tərpənişinin səbəbini dərk etmə bacarığı deməkdi.
Əsgər Nicat Həsənov deyir:
- Biz də bilirik ki, düşmən döyüş növbətçiliyi ciddi təşkil edilən mövqedən çəkinir, ehtiyat edir.

Aşırımdan - əsgərlərimizin döyüş növbətçiliyi apardığı mövqedən enirik. Tək ağacın yanına çatanda bir anlığa dönüb arxaya baxıram. Xəyalən əsgərlərimizə deyirəm ki, Vətənin ağacı da, daşı da sənin niyyətinin əsgəridi. Dağı da, daşı da, ağacı da əsgərləşən xalq ən güclü xalqdı. Xalqımız kimi!..

Rəşid HÜSEYNOV,

fotolar Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"