Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2024 18:09

25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür

Vətənimizin hər diyarı bir-birindən səfalı və gözəldir. Doğma yurdumuzun çox zəngin təbiəti, tarixi abidələri olan, qədim dövrlərdən ibarət tarixini özündə saxlayan qədim diyarlarından biri də dağlar qoynunda yerləşən  Kəlbəcər rayonudur. Kəlbəcər həm təbii sərvətlərinin zənginliyinə, həm də iqliminin gözəlliyinə görə seçilən rayonlarımızdan olub.
Təəssüflər olsun ki, 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdi.  İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü. İşğalçılar onlarla tarixi mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar.
Otuz ilə yaxın erməni vandalları tərfindən işğalda saxlanılan Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də azad olundu. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix hər il Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Bu gün Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən dörd il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev bu barədə danışarkən deyib: "Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar".
Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdu. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər nəticəsində strateji yüksəkliklərin azad edilməsi həmin istiqamətdə erməni silahlı qüvvələrinin hərəkətlərini xeyli dərəcədə məhdudlaşdırmağa imkan yaratdı. Əks-hücum əməliyyatının tərkib hissəsi olan bu əməliyyatların gedişində Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi, amma əksər hissəsi Ermənistan kapitulyasiya aktına imza atandan sonra azadlığına qovuşdu. 2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağımızı ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək dedi: "Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq".
Kəlbəcər zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır. Rayonun əlverişli relyefi, saf dağ iqlimi, mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi mineral su yataqları burada turizmin inkişafı üçün geniş imkanlar yaradır. Kəlbəcər həm də turistlərdə maraq yarada biləcək bir çox tarixi abidələrlə zəngindir. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır.
Otuz il əvvəl məcburi köçkünə çevrilərək respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilər doğma yurda qayıdacaqları günü gözləyirlər. Bu məqsədlə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə "Böyük Qayıdış"ın uğurlu perspektivlərindən xəbər verir.
Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi sözləri xatırlayırıq: "Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır".
Dövlətimizin qüdrəti, ordumuzun gücü, hərbi qulluqçularımızın rəşadəti və vətənpərvərliyi, xalqımızın birliyi sayəsində İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də həyat yenidən canlanır. Dövlət başçısının Kəlbəcər rayonuna dəfələrlə reallaşdırdığı səfərlərin hər biri Böyük Qayıdışın sürətlənməsinə xidmət edən töhfələrlə zəngindir.

"Azərbaycan Ordusu"