Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
“Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.
Azərbaycan xalqının tarixi daim qəhrəmanlıq nümunələri ilə zəngin olub. Xalqımız hər zaman öz Vətənini göz bəbəyi kimi qorumağa, lazım gələrsə, canlarını torpaqlarımızın ərazi bütövlüyü uğrunda fəda etməyə hazır olan oğullar yetişdirib. Ötən yazıda Vətən və vətənpərvərlik anlayışının Azərbaycan əsgərinə bağlılığı haqqında kiçik bir şərh vermişdim. Ənənəyə sadiq qalaraq, qəhrəmanlıq haqqında kiçik bir haşiyə çıxmaq istərdim. Nədir qəhrəmanlıq? Vətənə məhəbbət kimi ülvi hiss və duyğulardan güc alan qəhrəmanlıq igidlik, qoçaqlıq, rəşadət, cəsurluq deməkdir. Əslində, tariximizin dərinliklərə uzanan qatlarından gəlir qəhrəmanlıq.
1990-cı ilin 20 Yanvarında da mərd oğul və qızlarımızın Vətənimizin müstəqilliyi uğrunda ayağa qalxmaları, təpədən dırnağadək silahlanmış qoşunların yolu üstündə əliyalın canlı sədd qurmaları, 44 günlük Vətən müharibəsində gözlərini qırpmadan təki “Vətən sağ olsun!” deyən həmvətənlərimizin göstərdiyi igidlik və şücaət əsl qəhrəmanlıq nümunəsi deyilmi? Cavanşir, Babək, Mübariz, Polad, Samid, Orxan və adlarını sadalamadığım neçə-neçə igid oğullarımızın keçdikləri döyüş yolu deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır.
Qəhrəmanlığın özəyi isə Vətənə məhəbbət və vətənpərvərlikdir. Çünki bu amillər insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır. Dediklərimizin Aprel döyüşləri, Günnüt zəfəri, Vətən müharibəsi və digər əməliyyatlarda bir daha şahidi olduq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "...Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi... Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir".
Qəhrəmanlıqdan danışarkən ilk ağla gələn Vətən müdafiəçiləridir. Hər biri düşmənə keçilməz sədd olan oğullarımızdır. O oğullar ki, gecə-gündüz ərazi bütövlüyümüzün keşiyində qətiyyətlə dayanır, Vətənimizə sipər olurlar.
...İstiqamətimiz öz sələflərinin yolunu şərəflə davam etdirən, isti-soyuq demədən Vətən torpaqlarını qoruyan, düşmənə gözdağı olan həmin oğullarımızın yanınadır.
Müəyyən bir məsafəni qət etdikdən sonra döyüş mövqeyində növbətçilik aparan əsgərlərimizi görürük. Havanın soyuq olmasına baxmayaraq, hərbi qulluqçularımız çətin dağlıq relyefdə xidmət etməkdən qürurlanırlar. Vətən müharibəsi və digər uğurlu əməliyyatlarda düşmənə gözdağı olan igid oğullarımız Vətənimizin suverenliyi, ərazi bütövlüyünə qarşı hər hansı bir təxribatın qarşısını almağa daim hazırdırlar.
Mövqedə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nail Quliyev şəxsi heyəti təlimatlandırır, onlara təhlükəsizlik qaydalarını çatdırır. Döyüş növbətçiliyində ayıq-sayıq olmalarını, vəzifə borclarını dəqiq yerinə yetirmələrini, hər hansı bir hadisə baş verən anda isə dərhal məruzə etmələrini bildirir. Fürsətdən istifadə edib Nailə yaxınlaşdım. Söhbətimiz zamanı öyrəndim ki, o, əslən Tovuz rayonundandır. Doğulub boya-başa çatdığı rayonun hər zaman atəşə tutulduğunu, uşaqlığının atəş səsləri ilə keçdiyini vurğulayır.
Nail bildirir ki, torpaqlarımızı göz bəbəyi kimi qoruyan igidlərimizin hər biri nümunəvi xidmət edir, vəzifə borclarına məsuliyyətlə yanaşır. "Gördüyünüz kimi, hal-hazırda bizimlə üzbəüz qarşı tərəfin mövqeləridir. Şəxsi heyət ehtimal olunan istənilən təxribatın qarşısını qabaqcadan almaq məqsədilə sutka boyu qarşı tərəfin bütün fəaliyyətlərini daimi müşahidə altında saxlayır. Hər biri üzərinə düşən bütün vəzifələrin öhdəsindən qətiyyətlə gəlir. Keçirilən dərslərin, çöl çıxışlarının və təlimlərin sayəsində onlar artıq peşəkar döyüşçü kimi formalaşıblar. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, xalqımızın qürur mənbəyi olan 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Döyüşlər zamanı bütün dünya məğrur, qorxmaz Azərbaycan əsgərinin gücünü gördü. Bununla da düşmən də, onun havadarları da anladı ki, heç kim bizim torpaqlarımıza əl uzada bilməz".
Əsgər Nihat Hüseynli deyir ki, hər bir Azərbaycan vətəndaşı doğma Vətəninə olan övladlıq borcunu ödəməlidir. "Xidmətə gəlməmişdən əvvəl hər kəs hərbi xidmətin çətin, məsuliyyətli, bir o qədər də qürurlu olduğunu deyirdi. Xidmətə başladıqdan sonra gənc əsgər hazırlığı dövründə hərbin sirlərinə dərindən yiyələnməyə başladım. Mənə təhkim olunan silahın taktiki xüsusiyyətlərini öyrəndim. Çünki bilirdim ki, əsgər yoldaşımdan sonra mənim ən yaxın dostum məhz mənə təhkim olunmuş silahdır. Döyüş mövqeyimizin çətin dağlıq ərazidə yerləşməsinə baxmayaraq, burada bizim üçün hərtərəfli şərait yaradılıb. Sosial-məişət şəraitimiz olduqca yüksək səviyyədədir. Bundan başqa, komandirlərimiz bizə doğma münasibət göstərirlər. Bütün problemlərimizlə yaxından maraqlanır, xidmətimizi düzgün təşkil etməyimiz və hər zaman intizamlı olmağımız üçün öz tövsiyələrini əsirgəmirlər. Bu gün digər əsgər yoldaşlarım kimi, Qalib Azərbaycan Ordusunun sıralarında xidmət etdiyim, döyüş mövqeyində torpaqlarımızın keşiyində dayandığım üçün qürurluyam”.
Ağsu rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər İbrahim Bəkirov xidmət müddətinin xeyli hissəsini geridə qoyub. O, hərbi xidmətdə keçirdiyi hər bir günün yaddaşına ayrıca həkk olunduğunu deyir. "Burada əsgər yoldaşlarımla keçirdiyim günlər, etdiyimiz söhbətlər mənim yaddaşımdan heç vaxt silinməyəcək. Ordu sıralarında xidmət etdikcə bir çox müsbət keyfiyyətlərə yiyələnmişəm. Onlardan biri və ən önəmlisi isə vətənpərvərlik hissidir. Düzdür, məktəbli olduğum vaxtlarda müəllimlərimiz bizi bu ruhda tərbiyələndiriblər. Amma burada tamam fərqli hisslər yaşayırsan. Həmçinin çətinliklərə dözməyi, qarşına qoyduğun məqsədə nail olmağı və digər üstün keyfiyyətləri qazanmışam. Artıq xidmətimin çox hissəsini başa vurmuşam. Əminəm ki, tərxis olunduqdan sonra bu günlər üçün çox darıxacağam".
Ağdam rayonundan ordu sıralarına çağırılan əsgər Elnur Əliyev artıq bir neçə aydır ki, Vətənə xidmət edir. O, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə, nümunəvi xidməti ilə hər zaman digər əsgər yoldaşlarına örnək olmağa çalışır. "Xidmətə başladığım ilk gündən etibarən məqsədim xidmətimlə seçilmək və Azərbaycan əsgəri adına layiq olmaq olub. Bunun üçün hər zaman intizamlı olmağa, verilən bütün tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyə çalışıram".
"Mən də Vətənimizin müdafiəsində dayanan igid Azərbaycan əsgəri adını daşımağımla fəxr edirəm" - əsgər Ehtiram Təhməzov belə deyir. - Xidmətdə olduğum müddət ərzində komandirlərimin rəğbətini və çoxlu dostlar qazanmışam. Deyirlər ki, əsgər dostluğu əbədidir. İnanıram ki, burada qazanılan yoldaşlıq heç bir zaman unudulmayacaqdır.
Əsgərlərimizlə söhbətdən, onların Vətənə olan sevgisi haqqında söhbətlərdən doymaq olmur. Hər birinin ürəyi Vətən eşqi ilə döyünür. Hər biri bir an belə düşünmədən bu müqəddəs amal uğrunda canını belə qurban verməyə hazırdır. Təki Vətən torpaqlarımız azad, ərazi bütövlüyümüz tam, müstəqilliyimiz əbədi olsun. Cəsur Vətən müdafiəçiləri ilə sağollaşıb, yolumuza davam edirik. İgid qardaşlarımıza xitabən deyirəm:
Bəlkə də, borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil ki, bir də qayıtsın.
Öləndə qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın...
Elçin İMANOV "Azərbaycan Ordusu"