Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2024 18:09

Vətənimizin hər yerində şanlı bayrağımız dalğalanır

Azərbaycanın dünya xəritəsində yerləşdiyi mühüm geostrateji mövqe və zəngin təbii sərvətlər onu hər zaman işğalçı qüvvələr və hegemon dövlətlər üçün əsas hədəfə çevirib. Tarixən məruz qaldığımız hücumlardan, qəhrəman atalarımızın yazdığı tarixdən, millətimizin nümayiş etdirdiyi həmrəylikdən uzun-uzadı danışmaq olar. Lakin bu dəfə regionla heç bir tarixi, mədəni bağlılığı olmayan, havadarları hesabına coğrafiyamızda anidən peyda olan bədnam qonşularımız və onların millətimizin və məmləkətimizin başına gətirdiyi müsibətlərdən, işğal siyasətindən və bunların nəticələrindən danışacağıq. Bizim bədnam qonşularımız ermənilər qeyd olunduğu kimi, tarixən heç bir dövlətçilik, tarixi aspektlərdən (dil, din, mədəniyyət, incəsənət və s.) unikallığı olmayan bir qüvvə kimi, çar Rusiyası və sovet hökumətinin vasitəsilə, regionumuzda yerləşdirildilər. Hələ çar Rusiyası dönəmindən tarixi İrəvan mahalımıza və Vətənimizin müxtəlif yerlərinə səpələnmiş özünü erməni adlandıran insan kütlələri, yersiz torpaq iddiaları ilə xalqımıza qarşı çıxış etməyə başladılar.
Sovet dönəmi zamanı tarixi torpaqlarımızda qanunsuz yerləşdirilərək xalqımızın qonşuluq, qonaqpərvərlik təəssübkeşliyindən, humanizm dəyərlərindən sui-istifadə edən ermənilər məskunlaşdırıldığı yerlərdə münbit ərazilərimizi mənimsəməyə, yerli əhalimizi sıxışdırıb sürgün etməyə və digər zorakı əməllərə əl atmağa başladılar. Kökü yüz illəri əhatə edən erməni vəhşiliyi nəticəsində minlərlə soydaşımız soyqırım qurbanı oldu, öz doğma elindən, evindən didərgin düşdü, amansız işgəncələrə məruz qaldı. Tarixə nəzər salsaq, görərik ki, azərbaycanlılara qarşı etnik təmizləmə prosesi hələ XX əsrin əvvəllərindən başlamışdı. 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdən minlərlə azərbaycanlı öz yurdundan, evlərindən, indiki Ermənistan ərazisindən sürgün edilib, didərgin salınıb. Belə ki, 1980-ci illərin sonlarından erməni tərəfinin təcavüzü nəticəsində etnik zəmində təxribatlara, terror əməllərinə əl atılmışdır. Belə ki, o zamankı Ermənistanda yaşayan azərbaycanlılar təqiblərə və təzyiqlərə məruz qalaraq deportasiya olunmağa başlayıblar. Erməni zorakılığı nəticəsində soydaşlarımız tarixi yurd yerlərindən zorla qovuldular, onların arasında vəhşicəsinə qətlə yetirilənlər və yaralanaraq ömürlük şikəst qalanlar oldu. Erməni təcavüzü ötən əsrin sonlarında özünün daha amansız dövrünə qədəm qoydu. O dövrdə erməni hərbi və siyasi rəhbərliyinin başında oturaraq, müharibəni və terrorizmi dəstəkləyən ifrat şovinist qüvvələr təcavüzkar əməllərini daha iyrənc formada törətməyə başladılar. Beləliklə, işğalın ən pik dövrü keçmiş sovet imperiyasının süqutu və müstəqilliyimizin bərpası dövrünə təsadüf etdi. Xarici havadarları tərəfindən silahlandırılan və təşkilatlandırılan ermənilər, dövlət rəhbərliyimizin səriştəsizliyindən istifadə edərək öz işğal miqyasını daha da genişləndirdi. Bu müddət ərzində torpaqlarımızın 20 faizi işğal edildi, Əsgəranın Meşəli kəndi, Şuşanın Malıbəyli, Başlıbel yaşayış məntəqələrində və Xocalıda ermənilər tərəfindən soydaşlarımıza qarşı heç bir insanlığa sığmayan vəhşiliklər, kütləvi qətliamlar və soyqırımlar həyata keçirildi. İşğal olunan tarixi yurd yerlərimizdə terrorçular öz qanunsuz əməllərini xüsusi amansızlıqla törədirdilər.
Bir sözlə, ölkəmiz gün keçdikcə uçuruma doğru gedirdi. Ölkəyə Böyük Xilaskar lazım idi. Belə olan halda, xalqın yekdil istəyi ilə Dahi Rəhbər Heydər Əliyev hakimiyyətə qayıtdı.  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkədəki mürəkkəb şəraitin hökm sürdüyünün fərqində idi və bunun üçün də təxirəsalınmaz addımların atılması zəruri idi. Beləliklə, ölkənin dirçəlməsi, hökumətdə köklü idarəçilik sisteminin qurulması, ordunun yenidən komplektləşdirilməsi, iqtisadi sabitliyin yaradılması, sosial rifahın təmin olunması və digər zəruri məsələlərlə bağlı mühüm addımlar atıldı. Çünki bu kimi işlər görülməyəcəyi təqdirdə hər keçən gün dövlətimizin parçalanmasına, xalqın uçuruma yuvarlanmasına aparırdı.
 Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra keçirilən uğurlu Horadiz əməliyyatı ilə cəbhədə ilk uğurumuzu qazandıq. Buna baxmayaraq, ölkədə vacib məsələlərin öz həllini tapmasında müharibə ciddi maneə idi. 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Dahi Rəhbər Heydər Əliyev uzaqgörənlik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün ölkənin sağlam təməllərini yaratmaq kimi vacib vəzifənin öhdəsindən bacarıqla gəldi. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düzgün strategiyası sayəsində yuxarıda sadalanan işlər özünün yeni inkişaf dövrünə qədəm qoydu. Dövlət rəhbərliyi beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərlə konstruktiv əlaqələrin qurulması, müxtəlif sahələr üzrə fəal işlərin aparılması ilə və regional nəhəng layihələrlə Azərbaycanın etibarlı tərəfdaş kimi təkcə regionda deyil, bütün dünyada tanıtdı və ölkəmizin mövqeyini gücləndirdi.
Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa Birliyi və digər hegemon təşkilatlarla yanaşı, dünyanın aparıcı dövlətləri də bu işğalı qətiyyətlə pisləmiş, yaranan vəziyyətlə bağlı müxtəlif bəyanatlar səsləndirilmişdir. Buna baxmayaraq, qəbul edilən qətnamələrin icrasız qalması, təcavüzkara qarşı konkret tədbirlərin görülməməsi erməni hərbi-siyasi rəhbərliyinin əl-qolunu daha da açdı. Belə olan təqdirdə də, gün keçdikcə Ermənistan silahlı birləşmələri tərəfindən təxribatların sayı artmağa, miqyası daha da böyüməyə başladı.
Ötən illər ərzində ölkə rəhbərliyimiz bu münaqişənin sülh və ədalət yolu ilə həll olunmasında böyük təşəbbüs göstərdi. Lakin danışıqlar nəticəsiz qaldı, əksinə, uzadılan mənasız danışıqlar erməni tərəfinin xeyrinə idi. Düşmən anlamalı idi ki, Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, Azərbaycan işğalla barışmaq fikrində deyildi və səbrimiz də sonsuz deyildi.
“Sülh istəyirsənsə, müharibəyə hazır ol” məsələnin təsdiqi olaraq ölkə rəhbərliyi tərəfindən seçilən prioritet istiqamətlərdən biri də ordu quruculuğunun inkişafı idi ki, bu sahə də fundamenti sağlam iqtisadiyyata söykənirdi. Ötən müddət ərzində ordumuzun arsenalı ən müasir silah və hərbi texnikalarla gücləndirildi, şəxsi heyətin hərbi bilik və bacarıqlarının o cümlədən, döyüş ruhunun artırılması məqsədilə təxirəsalınmaz işlər görüldü.
2016-cı il aprel ayının əvvəlində erməni tərəfi yeni təxribata əl atdı. Düşmən aprelin 2-də bölmələrimizin və ondan uzaqda yerləşən mülki əhalimizin cəmləşdiyi ərazilərə atəş zərbələri endirdi. Düşmən təxribatı nəticəsində aralarında azyaşlılar da olmaqla dinc sakinlərimiz həlak oldular. Ordumuzun şəxsi heyəti buna cavab olaraq düşmənin mifi olan “keçilməz” sədlərini yararaq, strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad etdi. Əks-həmlə nəticəsində Füzuli, Cəbrayıl və digər ərazilər düşməndən təmizləndi. Strateji Lələtəpə yüksəkliyi bölmələrimiz tərəfindən işğaldan azad olundu. Ordumuz növbəti uğurunu 2018-ci il Naxçıvan Muxtar Respublikasının ərazi inzibati vahidi olan Şərur rayonunun Günnüt kəndini azad etməklə qazandı. Bununla da dövlət sərhədindəki əlverişli mövqelər bölmələrimizin nəzarəti altına keçdi.  2020-ci il iyul ayında Tovuz istiqamətində baş verən döyüşlər zamanı ordumuzun şəxsi heyətinin göstərdiyi şücaətdən dərs çıxarmayan, erməni silahlı birləşmələri hər keçən gün öz süqutunu daha da yaxınlaşdırırdı.
Ermənistanın 2020-ci il 27 sentyabr tarixində törətdiyi genişmiqyaslı təxribatlar, səbir kasasının axrıncı damlası oldu. Təxribatlar nəticəsində yaşayış məntəqələrimiz, döyüş mövqelərimiz müxtəlif çaplı silahlardan, o cümlədən minaatan və artilleriya qurğularından intensiv atəşə tutuldu, nəticədə mülki vətəndaş və hərbi qulluqçularımız arasında dünyasını dəyişənlər oldu. Həlak olanlar sırasında yenə azyaşlı uşaqlar da var idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Ordusuna dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verilmiş, düşmən tərəfindən dövlətimizə və xalqımıza təhdid yarada biləcək mövqelərin zərərsizləşdirilməsi, düşmənin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində adekvat tədbirlərin görülməsi tapşırılmışdı. Ermənistan yaranan vəziyyəti "öz xeyrinə dəyişdirmək", ictimaiyyətdə formalaşan neqativ abu-havanı düzəltmək üçün ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan etdi. Bu artıq genişmiqyaslı əməliyyatın başlaması demək idi. Sonradan həmin əməliyyat "Dəmir yumruq" adlandırıldı. Bu yumruq xalq-dövlət-ordu birliyinin vəhdətindən yaranmış, tarixi ədaləti, beynəlxalq hüququ və ən əsası ərazi bütövlüyümüzün təmin olunmasını şərtləndirən zəfər yürüşümüzün əsas simvoluna çevrilmişdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev mütəmadi  olaraq xalqa müraciət edirdi. Dövlət başçısının hər müraciəti növbəti qələbənin müqəddiməsi idi. 30 il müddətində milyonlarla dollar hesabına qurulan "təmas xətti", müxtəlif pilləli mühəndis-istehkam sədləri peşəkar ordumuz tərəfindən qısa müddətdə yarıldı, nəticədə qarşıda duran düşmən qüvvələri darmadağın edildi. Güclü hərbi istehkamlar, müxtəlif maneələr, mühəndis-istehkam xətləri, sədlər, tələlər ordumuzun qisas hissi qarşısında ciddi müqavimət vasitəsi deyildi. Ordumuz hər gün irəliləyir, döyüş meydanından müjdəli xəbərlər gəlirdi. Müasir dövrün tələblərinə uyğun olan döyüş vasitələri və hərbi texnikalarla düşmənə ciddi zərbələr endirilirdi. Bir sözlə, döyüşçülərimiz düşməni zərərsizləşdirir, onları tarixi torpaqlarımızdan iti qovan kimi qovurdular. Döyüş meydanında məğlub olan düşmən cəbhə bölgəsindən kilometrlərlə uzaq olan yaşayış məntəqələrimizə raket hücumları təşkil etdi. Nəticədə mülki əhali arasında itkilərimiz oldu. Erməni tərəfinin dinc əhalimizə qarşı yürütdüyü terrorizm və vandalizm əməllərinə qarşı dünya yenə səssiz qalmağı seçdi. Lakin düşmənin məkrli niyyətindən əmələ gələn vandal və barbarlığı özündə ehtiva edən fəaliyyətlər xalqımızın iradəsinə heç bir mənfi təsir göstərmədi. Əksinə, xalqımızın qisas hissini dərindən anlayan ordumuzun düşmənə vurduğu zərbələr daha sarsıdıcı oldu. Ordumuzun şəxsi heyəti şəhadətə yüksəlmiş soydaşlarımızın intiqamını almaq, onların qanını yerdə qoymamaq üçün mətin addımla irəliləyir, düşmənin qorxulu yuxusuna çevrilirdi.
 Hər gün dövlət başçımızın rəsmi "Twitter" (indiki "X" platforması) hesabında haqq savaşımızla bağlı məlumatlar öz əksini tapırdı, şanlı ordumuz tərəfindən işğaldan azad edilmiş kənd  və şəhərlərin adları xalqımızı sevindirirdi. Məlumdur ki, Zəfər tariximizin hər günü bir dərsdir - qətiyyət, rəşadət, sədaqət, vətənpərvərlik və həmrəylik dərsi. Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, gənclərimizin vətənpərvərliyi, xalqımızın həmrəyliyi, hesabına yazılan şanlı tarixin Zəfər tacı Qarabağımızın incisi olan Şuşamızın işğaldan azad olunması ilə qoyuldu. 2020-ci il noyabrın 8-i Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa növbəti müraciətini etdi. "...Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!.." deyərək xalqın ürəyindəkini dilinə gətirən Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüş meydanında onun komandanlığı altında qazanılan qələbəni, siyasi meydanda da dərin diplomatiyası ilə təkrarlayırdı. Şuşa kimi çətin relyefdə yerləşən qala şəhərimizin Azərbaycan əsgərinin misilsiz şücaəti, qəhrəmanlığı sayəsində işğaldan azad edilməsi, artıq erməni siyasi və hərbi rəhbərliyi üçün ciddi mesaj idi. Çıxış yolunu məğlubiyyətini etiraf etməkdə görərək, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı. Üçtərəfli bəyanatın şərtlərindən biri də o oldu ki, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın bir güllə atılmadan Azərbaycana təhvil verildi.
Siyasi müstəvidə əldə olunan qələbələrdən danışarkən mütləq qeyd etmək lazımdır ki, 44 günlük haqq savaşımız müddətində qardaş Türkiyə və digər haqsevər dövlətlər mənəvi cəhətdən yanımızda oldular.
Hazırda işğaldan azad olunmuş torpaqlarımız, sonsuz sayda minalarla çirkləndirilib. Xalqımız mina terrorundan əziyyət çəkən dövlətlər sırasında ön sıralarda durur. Müharibənin başa çatmasına baxmayaraq, mülki vətəndaşlarımız və hərbçilərimiz bu terrorun qurbanı olublar. Beynəlxalq aləm bu məsələyə də konkret mövqeyini sərgiləmir, adıçəkilən məsələlərlə bağlı heç bir rəsmi bəyanat və qətnamələr qəbul edilmir. Erməni tərəfi belə olan təqdirdə üçtərəfli bəyanatın şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı və vaxtı uzatmağa çalışdı. Ermənistan silahlı qüvvələrinin qalıqlarının və separatçı tör-töküntülərin nümayiş etdirdiyi qeyri-adekvat hərəkətlər "Dəmir yumruğun” yenidən işə düşməsini şərtləndirirdi. Bundan əlavə, düşmənin davam etdirdiyi təxribatlar, onların şərti sərhəddə "möhkəmlənməsi", ərazilərimizə 2021-ci il istehsalı minaların basdırılması, əzəli və əbədi torpaqlarımızda ekoloji terror, faydalı qazıntılarımızın talan olunması, ərazilərimizdə basdırılmış milyonlarla minanın düzgün xəritələrinin təqdim edilməməsi məsələləri səbrimizi daşırır, düşmənin qeyri-adekvat əməlləri hüquqi əsasla zəruri tədbirlərin görülməsini şərtləndirirdi.  2023-cü il aprelin 23-də növbəti tarixi hadisənin şahidi olduq. Laçın rayonunda Azərbaycan-Ermənistan şərti sərhədində sərhəd-buraxılış məntəqəsi quruldu. Hələ bundan sonra da erməni tərəfinin və qondarma rejimin təxribatları davam etdi. Üçtərəfli bəyanatın müddəalarının təmin olunmaması, təxribatların davam etməsi antiterror əməliyyatının keçirilməsini vacib qılırdı. 2023-cü il sentyabrın 19-da başlayan və bir gündən az vaxtda başa çatan antiterror əməliyyatı da ordumuzun tam qələbəsi ilə nəticələndi, Ermənistan silahlı birləşmələrinin qalıqları və separatçı rejim ağ bayraq qaldıraraq təslim oldular. Beləliklə, Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa olundu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev qısa vaxt ərzində Xankəndi, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsi, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağımızı qaldırdı. Bu gün tam əminliklə deyə bilirik ki, Vətənimizin hər bir bölgəsində üçrəngli bayrağımız vüqarla dalğalanır. Və bundan sonra da şanlı bayrağımız Vətənimizin hüdudlarında daima dalğalanacaqdır. 2023-cü il Zəfərimizin üçüncü ildönümünün Ali Baş Komandan və qəhrəman hərbçilərimizin iştirakı ilə Xankəndi şəhərində keçirilməsi bir təsadüf deyildi. Bu həm düşmənə, həm də bizi gözü götürməyən qüvvələrə bir mesaj idi. Bu mesaj açıq və aydın idi. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!  Artıq işğaldan azad olunmuş tarixi yurd yerlərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri böyük sürətlə davam etdirilir. "Böyük Qayıdış" proqramına əsasən, artıq minlərlə soydaşımız öz ata-baba ocaqlarına qayıdıb və bu rəqəmlər gedərək artmaqdadır.
Zəfər tariximizi öz qanı və canı bahasına yazan şəhidlərimizi və döyüşlərdə sağlamlığını itirmiş silahdaşlarımızı xüsusi qeyd etmək lazımdır. Qədirbilən xalqımız son 4 ildir ki, sentyabrın 27-ni cəbhədə şəhid olan hərbçilərimizin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş oğullarımızın ruhuna ehtiram olaraq Anım Günü kimi qeyd edir. Şəhidlərimizin xatirələrini əziz tutur, onları daim hörmətlə yad edir, məzarlarına baş çəkirlər. Qürur təqvimimizi bizə yaşadan mübariz oğullarımızın şücaətindən danışmaq üçün sözlər kifayət etmir, onlar torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsini öz qanları ilə tarixləşdirdilər.
Şübhəsiz ki, gələcəyimizin memarları onları özlərinə əsl nümunə bilərək, qəhrəmanlarımızın adlarını bundan sonra da layiqincə daşıyacaq, öz sələflərinin Vətən sevgisini qəlblərində yaşadacaqlar.
Fuad CƏFƏROV "Azərbaycan Ordusu"