Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2024 20:20

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Həmrəyliyimiz - birliyimizin və varlığımızın qarantıdır. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Suallar:
1. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

2. Dünya azərbaycanlılarının vahid birliyinin bərqərar olunması.



31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür


 Hər bir xalqın milli varlığını şərtləndirən əsas amillərdən biri onun etnik-siyasi mütəşəkkilliyi, milli həmrəyliyidir. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar.
Ölkəmizin Sovet Rusiyası tərəfindən işğalından sonra uzun müddət Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet rejiminin zəifləməyə başladığı 1989-cu illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı. 1989-cu ildə Azərbaycan Xalq Hərəkatının fəalları azərbaycanlıların yaşadığı tarixi ərazini ikiyə bölən keçmiş SSRİ və İran sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad və Şərur rayonları arasındakı hissəsini sökdü. Son 200 ildə ilk dəfə olaraq indiki İran ərazisində və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar Araz çayını keçərək görüşdü. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirildi və qeyd olunan Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi.
Tarix dəfələrlə sübut edib ki, milli birliyi formalaşdırmaq, eyni hədəf uğrunda mübarizəni təmin etmək üçün böyük liderlərə ehtiyac duyulub. 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bu müqəddəs missiyanı həyata keçirən müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndərin dünya azərbaycanlılarını birləşdirmək istəyi, arzusu, amalı bu tarixi hadisənin bünövrəsini qoymuşdur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət və Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsində və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik, həmrəylik nümayiş etdirir və bütün bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər.
Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc sayır.



Dünya azərbaycanlılarının vahid birliyinin bərqərar olunması



Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəklərində Vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə həmrəylik və birlik arzuları ilə dillərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güc mənbəyi olmuşdur. Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndərin uzaqgörənliyi xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə yaşayan azərbaycanlılara müraciətində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirmişdir. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Ulu Öndərin  bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsi və güclü diasporumuzun yaradılması siyasətini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev uğurla davam etdirir. Soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir və cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verdi. Azərbaycan Diasporunun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir.
Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda Dünya Azərbaycanlılarının Xartiyasının qəbulu birlik və mütəşəkkilliyinin artması, Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu birliyi 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirlərində bir daha gördük. Ermənistan silahlı qüvvələri dəfələrlə Azərbaycan ərazisində təxribatlar törədirdi və hər dəfə Azərbaycan Ordusu bu hücumların qarşısını qətiyyətlə alırdı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlara əl atması İkinci Qarabağ müharibəsinin başlamasına səbəb oldu. Xalq müharibənin ilk günündən dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin idi. İkinci Qarabağ müharibəsi bu əminliyi bir daha təsdiqlədi. Öz liderinin ətrafında “dəmir yumruq” tək birləşən xalq ordusuna arxa-dayaq oldu, düşmən bu gücün qarşısında cəmi 44 gün dayana bildi. 30 il işğalda qalan Azərbaycan torpaqları azad edildi. 44 günlük Vətən müharibəsindən sonra Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilərin məskunlaşdıqları ərazilərdəki qondarma rejiminin tör-töküntülərinin, qeyri-qanuni hərbi birləşmələrin və onları himayə edən separatçıların müharibədən keçən zaman ərzində həyata keçirdikləri təxribatları ölkəmizə sözügedən bölgədə antiterror tədbirləri həyata keçirməkdən başqa çıxış yolu qoymurdu. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr 2023-cü ildə Qarabağ iqtisadi rayonunda antiterror tədbirləri həyata keçirildi. Azərbaycan Ordusu dörd il əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdiyi kimi, 23 saat davam edən antiterror tədbirləri keçirməklə düşməni ağ bayraq qaldırmağa məcbur etməsi bir daha bizim gücümüzü bütün dünyaya göstərdi. Dövlətimizin başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.
2022-ci ildə Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı Şuşada keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaydakı nitqində demişdir: "...Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilib. O, dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdi və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir...".
Azərbaycan dövlətinin diaspor siyasəti, həmvətənlərin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların da mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var və bu təşkilatlar arasında koordinasiya işi aparılır, birlik, həmrəylik var. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və unutmamalıyıq ki, gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirərək, vahid amal uğrunda çalışır. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli və digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var.
Bu gün hər bir azərbaycanlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq.
31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, birliyimizin təcəssümü olan - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi