Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2024 20:20

“Vətənimizin hər bir qarış torpağı xalqımızın keçmişini, bu gününü və gələcəyini özündə cəmləşdirir”

Hər bir xalqın tarixində igidlik, fədakarlıq və Vətən sevgisi kimi dəyərlər mühüm yer tutur. Bu dəyərlər insanların ruhunu yüksəldir, onları bir araya gətirir və gələcək nəsillərə ilham verir. Azərbaycanın tarixi də öz Vətənini qorumaq uğrunda canlarını fəda edən igidlərlə zəngindir. İgidlik yalnız döyüş meydanında göstərilən cəsarətlə deyil, həm də xalqın mədəniyyətinə və tarixinə olan sevgisi ilə ölçülür. Bu baxımdan igid oğullarımız hər zaman azadlıq və müstəqillik uğrunda mübarizədə öndə olublar. Hər igidin bir hekayəsi olur - yaşadığı çətinliklər, gördüyü işlər və Vətənə olan sadiqliyi. Bu hekayələr yalnız bir şəxsiyyətin deyil, bütün bir xalqın iradəsini simvollaşdırır. Vətənpərvərlik ruhu nəsildən-nəslə ötürülərək hər yeni dövrdə özünü bir daha təsdiqləyir. Belə bir ruhda yetişən baş leytenant Elvin Əsgərov 44 günlük Vətən müharibəsi zamanı cəsarəti ilə xalqımızın qəhrəmanlıq ənənələrini yaşadıb.
Elvin Naxçıvan Muxtar Respublikasında anadan olub. Kiçik yaşlarından vətənpərvərlik ruhunda böyüyən gənc Azərbaycanın tarixi, mədəniyyəti və müstəqilliyi uğrunda mübarizənin nə demək olduğunu dərk etməyə başlayıb. Bu duyğular onu hərb sahəsinə yönəldib. Hərbçi övladı olan Elvin ata yolunu davam etdirərək 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alaraq ilkin hərbi biliklərə yiyələnib. Daha sonra 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsilini davam etdirib, təhsilini bitirdikdən sonra “leytenant” hərbi rütbəsi ilə taqım komandiri kimi ön xətdə xidmətə başlayıb.
44 günlük Vətən müharibəsi zamanı gənc zabit cəsarəti ilə öz xidmət yoldaşları və tabeliyində olan şəxsi heyətin böyük hörmətini qazanıb. Hadrut istiqamətində gedən şiddətli döyüşlər zamanı 2 güllə və 6 qəlpə yarası alaraq ağır yaralanan zabit döyüş meydanından təxliyə edilib. Döyüşlərdə yaralanmasına baxmayaraq şəxsi heyətə ruhdan düşməməyi tapşırığını verib. Hərbi hospitalda müalicə olunan zabit Elvin Əsgərov qələbə sevincini də orada yaşayıb.
"Hərbi xidmət yalnız döyüşmək demək deyil, bu, eyni zamanda, bir xalqın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini qorumaq deməkdir", - Elvin Əsgərov dedi. "Hər bir xalqın öz dəyərləri olur. Dəyərlər bizim kim olduğumuzu və nəyə inandığımızı göstərir. Vətənimizin hər bir qarış torpağı xalqımızın keçmişini, bu gününü və gələcəyini özündə cəmləşdirir. Hər birimizin mənəvi borcu Vətənimizi qorumaq, gələcək nəsillərə azad və suveren torpaqlarımızı miras qoymaqdır. 44 günlük Vətən müharibəsi zamanı da hər kəs vahid amal uğrunda döyüşdü. 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad etmək uğrunda Ali Baş Komandanın əks-hücum əmri ilə döyüş meydanına atıldıq. İllərdir gözlədiyimiz bu əmri hər bir hərbi qulluqçu böyük ruh yüksəkliyi ilə icra etdi. Döyüş meydanında qazandığımız qələbələr yalnız silah gücü ilə deyil, həm də hərbi qulluqçularımızın igidliyi sayəsində oldu. Bizim üçün hər bir uğur xalqımızın dəstəyinə və dualarına bağlıdır. Vətən müharibəsi zamanı hər an xalqımızın hərbçilərə olan inam və sevgisini hiss edirdik".
Zabitin fikirləri onun Vətənə olan sevgisini və hərbi xidmətə olan bağlılığını aydın şəkildə göstərir. Öyrəndim ki, Elvin Əsgərov döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə müxtəlif medallara layiq görülüb. Gənc zabit kimi igid oğullarımızın döyüş yolu Azərbaycan Ordusunun gücünün və vətənpərvərliyinin bariz nümunəsidir.

Oruc MUSTAFAYEV

"Azərbaycan Ordusu"