Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2024 20:20

“Qələbəmi atama və bütün şəhidlərimizə həsr edirəm”

44 günlük Vətən müharibəsində şəhid olan Hüseyinov Elbrus Nadir oğlunun 8 yaşlı qızı Dərya Hüseynova Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kiçik yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 24 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan taekvondoçusu Dərya Hüseynova doğulduğu Göygöl rayonunda coşqu ilə qarşılanıb.
Dərya daha sonra yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidi olan atası Elbrus Hüseyinovun məzarını ziyarət edərək atasının istəyi ilə idmana gəldiyini və Avropa çempionatında qazandığı qələbəni atasının timsalında bütün şəhidlərimizə həsr etdiyini bildirib.
Qeyd edək ki, Elbrus Nadir oğlu Hüseyinov 4 mart 1991-ci ildə Göygöl rayonunun Çaykənd kəndində anadan olub. 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayınadək "N" hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Əsgəri xidmətini başa vurduqdan sonra Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatlarında iştirak edən Elbrus 17 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Elbrus Nadir oğlu Hüseyinov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

"Azərbaycan Ordusu"