2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq hərb tariximizə ən şanlı səhifə kimi daxil olan Vətən müharibəsi başladı. 44 gün davam edən savaşda Azərbaycan əsgəri gücünü bütün dünyaya nümayiş etdirdi.
Böyük Qələbəni Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin düzgün strategiyası, güclü iradəsi, hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, milli ruhu və sarsılmaz xalq-iqtidar birliyi şərtləndirdi. Nəticə etibarilə müstəqil Azərbaycan dövləti Şanlı Qələbə qazanmaqla yanaşı, həm pozulmuş olan tarixi ədaləti, həm də öz ərazi bütövlüyünü bərpa etdi.
Babək Əliyev də döyüş əmri verilən andan düşmənlə mübarizəyə qatılmış və döyüş meydanında əsl igidlik göstərib. Öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələn gənc zabit komandanlıq tərəfindən ona verilən əmr və tapşırıqları vaxtında yerinə yetirməklə peşəkar bir hərbçi olduğunu sübut edib.
Babək Əsgər oğlu Əliyev 1997-ci il oktyabrın 1-də Culfa rayonunun Ləkətağ kəndində anadan olub. Uşaq yaşlarından hərbçi peşəsinə marağı olan Babək 2013-cü ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2016-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. Burada oxuduğu illərdə hərbin sirlərinə daha dərindən yiyələnib. 2020-ci ildə hərbi təhsilini başa vurduqdan sonra "leytenant" rütbəsi ilə "N" hərbi hissəsində xidmətə başlayıb.
2020-ci ilin 27 sentyabrında - 44 günlük Vətən müharibəsində leytenant Babək Əliyev də düşmənə qarşı əks-hücum əməliyyatlarında yaxından iştirak edib və torpaqlarımızın işğaldan azad olunmasında igidlik və şücaət nümunələri göstərib. Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edən Babək tabeliyində olan əsgərləri ilə birlikdə mənfur düşmənin canlı qüvvəsini məhv edib.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Kəlbəcər rayonu ərazisində Vətənə xidmətini davam etdirən leytenant Babək Əliyev 2022-ci ilin avqustun əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatında bir sıra strateji əhəmiyyətli yüksəkliklərin nəzarətə götürülməsində fəallıq göstərib.
Qeyd edək ki, "Qisas" əməliyyatı çərçivəsində düşmənin bir neçə döyüş mövqeyi dağıdılmış, Azərbaycan ərazisində yerləşən qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilmiş, həmçinin hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları sıradan çıxarılmışdı.
"Qisas" əməliyyatından sonra bölmələrimiz tərəfindən nəzarətə götürülmüş ərazilərdə mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işlərinə başlanıldı. 5 avqust 2022-ci ildə Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində leytenant Babək Əliyev şəhidlik zirvəsinə ucaldı.
Bir gün sonra avqustun 6-da Naxçıvan Beynəlxalq Hava Limanında izdihamla qarşılanan şəhidimiz "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə doğulduğu Ləkətağ kəndində torpağa tapşırıldı.
Şəhid leytenant Babək Əliyev şəhadətindən iki gün əvvəl "Qisas" əməliyyatı zamanı növbəti dəfə düşmən üzərində qazanılan şanlı zəfərlə şəhidlərimizin qisasının alınmasının sevincini valideynləri ilə bölüşmüşdü. Şəhidimizin atası Əsgər Əliyev o anları belə xatırlayır: "Döyüşlərin getdiyini bilmirdim. Babəklə telefonda danışanda dedi ki, ata, şəhidlərimizin qanı yerdə qalmayıb, onların qisasını, intiqamını döyüş meydanında bir daha aldıq, düşməni məhv etdik. Babək çox şeyi deməzdi. Ancaq bu dəfə elə sevincli idi ki, hisslərini bölüşürdü. Danışığımız uzun çəkmədi. Eşidirdim ki, onu çağırırlar. Sağollaşdıq. Sonrası gün televiziyadan eşitdik ki, ordumuz "Qisas" əməliyyatı keçirib. O anda Babəklə qürur duydum. Bu gün də qürur duyuram. O, üç bacının bir qardaşı, mənim tək oğlum idi. Ancaq o, bu gün bütün Azərbaycan xalqının övladıdır. Allah bütün şəhidlərimizə rəhmət etsin!"
Bəli, əziz şəhid atası, Vətənimiz uğrunda canından keçən igidlər bizim canımızdan bir parçadırlar. Onların hər biri bütöv Azərbaycanın övladıdır. Şəhid valideyni olmaq böyük şərəfdir. Şəhidlər heç bir zaman ölməyəcəklər. Onlar daim xalqımızın qəlbində yaşayacaqlar.
Bəbək kimi igid, mərd övladların şücaəti nəticəsində bu gün Vətən müharibəsi haqqında qürurla, fəxrlə danışırıq. Şəhidimizin atasının da dediyi kimi, şəhidlər həmişə hörmətlə xatırlanacaqlar. Şəhidlik məqamına ucalan ölməz oğullarımız dünya var olduqca yaddaşlarda əbədi yaşayacaqlar.
Nuray NƏZƏROVA
Bakı şəhəri