Uşaqlığımız torpaqlarımızın işğalda olduğu dövrə, yeniyetməliyimiz xalqımızın arzuladığı müharibəyə təsadüf etdi. İkinci Qarabağ müharibəsində orta məktəbdə oxuyurduq. Müharibəni biz də televiziyadan izləyirdik, müəllimlərimizin, valideynlərimizin müharibə haqqında dediklərini də maraqla, diqqətlə, heysiyyətlə dinləyirdik. Birinci Qarabağ müharibəsi əlili olan qonşumuzun dediyi kimi, bizim də ruhumuz döyüşənlərin yanında idi. Müharibənin ilk günü ordumuz düşmənin mühəndis-istehkam sədlərini dağıdaraq bir neçə kəndimizi işğaldan azad etmişdi. Həmin axşam televiziyadan eşitdiyimiz bir informasiya mənim də düşüncələrimə hopdu: artilleriyaçılarımız düşmənin dayaq və komanda məntəqələrini dağıdıblar. Səhər məktəbə daha tez getmişdim. Məktəbin qarşısında tarix müəllimimizlə rastlaşmışdım. Nəyə sevindiyimi də dedim, gələcəkdə artilleriyaçı olmaq istəyimi də bildirmişdim. Müəllimimiz əlini çiynimə qoymuşdu: Niyyətin hara, mənzilin də ora. Niyyətim üçün daha yaxşı oxudum...
Hərbi xidmətdə tarix müəllimimizlə söhbətimi komandirimə də dedim. Məni diqqətlə dinlədi, istəyimi bəyəndi. Onu da dedi ki, sənin ixtisas kimi seçdiyin artilleriya İkinci Qarabağ müharibəsində döyüşən ordu hissələrimizə gərəkli atəş dəstəyi verirdi, neçə-neçə strateji yüksəkliyin, yaşayış məntəqəsinin işğaldan azad edilməsində, sonda tarixi Zəfərin qazanılmasında böyük rolu olub. Artilleriyaçılarımız görünməyən hədəflərə görürmüş kimi dəqiq atəş zərbələri endirdilər. Qürurlanmışdım. Hərbi xidmətin başlanğıcında zabitlərimizdən artilleriya qurğularının quruluşunu da öyrənmişik, istismarını da, təlimlərdə döyüş şəraitində tətbiqini də. Artilleriya qurğularının istismar xüsusiyyətlərini mükəmməl öyrəndiyimiz üçün təlimlərdə qarşıya qoyulan tapşırıqları uğurla icra edə bilirik. İstər tuşlayıcı kimi, istərsə də atıcı kimi komandirlərim mənim də biliyimdən razıdırlar...
Hələ hərbi xidmətə başlamamışdan əvvəl ordumuzun tarixində artilleriyanın rolu haqqında xeyli məlumatımız var idi. Tam artilleriya generalları Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin adı ilə bağlı olan Azərbaycan artilleriyası bizim də hərbi xidmətdə tərcümeyi-halımız oldu. İndi mən də, əsgər yoldaşlarım da Azərbaycan Ordusunun əsgəri adı ilə necə qürurlanırıqsa, artilleriyaçı əsgər adı ilə də elə qürurlanırıq.
Zabitlərimizin əksəriyyəti İkinci Qarabağ müharibəsinin iştirakçısıdırlar. Onların döyüş təəssüratları da bizim artilleriyaçı kimi püxtələşməyimizdə mühüm rol oynayıb. Cəbrayılın Soltanlı kəndi uğrunda gedən döyüşlərdə artilleriyaçılarımızın atəş dəstəyi qələbəni tezləşdirib, düşmən Soltanlıdan çıxmağa məcbur olub. Sonralar zabitlərimiz dedilər ki, bu əməliyyat istər Cəbrayıl, istərsə də digər istiqamətlərdə gedən döyüşlərdə döyüşənlərin həm döyüş əzminə, həm də qələbə ruhuna böyük təsir göstərmişdi...
Biz Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş əsgərlərin davamçılarıyıq. Biz də artilleriyanın döyüş imkanlarını daha mükəmməl öyrənirik ki, Vətənimizin ərazi bütövlüyünü inamla qoruyaq, əbədi edək...
Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər heç zaman unudulmayacaq. Vətən müharibəsi döyüşləri zaman-zaman yeniyetmələrin də, çağırışçıların da, gənclərin də Vətənə sevgisinin mahiyyəti olacaq.
Əsgər
Allahverdi FƏRƏCOV
"N" hərbi hissəsi
Qalib Azərbaycan Ordusunun əsgəri olmaqdan hər gənc kimi mən də qürurluyam. Hərbi xidmət ana Vətənimizə olan övladlıq borcumuzdur. Bu şərəfli borcun, müqəddəs vəzifələrin öhdəsindən gəlmək, rəşadətli ordumuza layiqli əsgər olmaq hər birimizin arzusudur.
Bu gün Vətən müharibəsindən sonra yaradılan komando hərbi hissəsində xidmət etməkdən qürur duyuram. Bizim hazırlığımız maksimum diqqət, fədakarlıq və ən əsası Vətənə sədaqət tələb edir. Hər günümüz ölkəmizin suverenliyi və ərazi bütövlüyü, xalqımızın firavan yaşaması düşüncəsi ilə başlayır.
Təbii ki, komando olmaq üçün təkcə fiziki gücə sahib olmaq kifayət deyil. Ağıl, əzmkarlıq və daim öz üzərində işləmək vacib amillərdəndir.
Hər birimiz bilirik ki, çətin anlarda bir-birimizə arxalana bilərik. Biz təkcə nizamnamə ilə deyil, həm də qarşılıqlı hörmətlə bir-birinə bağlı bir komanda kimi fəaliyyət göstərməliyik. Yoldaşlarımızla yan-yana dayandığımız zaman anlayırıq ki, bir yerdə olduğumuz müddətdə zəfər hər zaman bizimlədir.
Mənim üçün hərbi xidmət təkcə vəzifə deyil, həm də dərin sevgi hissidir. Vətən bizim qürurumuz, tariximiz, torpağımızdır. Mən də silahdaşlarım kimi müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda istənilən döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hər an hazıram.
Hər birimiz bilirik ki, Azərbaycan Ordusunda xidmət etmək şərəf, məsuliyyət və Vətənin müdafiəsinə töhfə verməkdir. Hər gün istənilən çağırışa hazır olduğumuzu sübut edirik. Biz sülhün keşiyində durduğumuz müddətdə xalqımız arxayın ola bilər.
Hərbi xidmətin müqəddəsliyi, bizə aşıladığı müsbət keyfiyyətlər haqqında çox danışmaq olar. Çünki hərbi xidmət böyük bir həyat məktəbidir. Sözlərimi aşağıdakı misralarla tamamlayıram:
Mən Vətən torpağının sipəriyəm,
Şahin baxışlı dağların zirehiyəm.
Mən əsgərəm, Azərbaycan əsgəriyəm,
Xalqımızın qürur mənbəyiyəm.
Bu torpağın hər qarışına and içdim,
Vətənə xidməti özümə yol seçdim!
Əsgər gücü Vətən eşqindən doğular,
Qorxmaz ordu hər zaman Zəfər çalar!
Əsgər
İbrahim ƏLİYEV
"N" hərbi hissəsi
Vətənimizin coğrafiyası çox zəngin, təbiəti əsrarəngiz gözəlliklərlə doludur. Azərbaycanda hər fəsil özünəməxsus gözəllikləri ilə insanı heyran edir. Sıldırım qayalar, yamyaşıl meşə zolaqları ana təbiətin Vətənimizə bəxş etdiyi nadir incilərdəndir. Yerüstü, yeraltı sərvətlərimiz, zümrüd bulaqlarımız, başıqarlı dağlarımız, çaylarımız, dünyanı heyrətə salan Xəzər dənizimiz var. Vətənimizin hər qarış torpağı bərəkətlidir. Təbiətimizə sevgi Vətənimizə, torpağımıza sevgidir. Çünki kiçik yaşlarımızdan ayaq açıb üzərində gəzdiyimiz Ana torpaq bizi özünə bağlayıb, onu qorumağa, uğrunda döyüşməyə səsləyib. Torpağa, Vətənə sevgimiz 30 ilə yaxın işğalı sonlandırdı. Dağlarımız, meşələrimiz, bulaqlarımız, çaylarımız, bir sözlə, ana təbiətimiz düşmən əsarətindən azad olundu. Ermənilərin yandırıb külə çevirdiyi barlı-bərəkətli torpaqlarımızda bu gün taxıl zəmilərimiz boy atır, müxtəlif ağaclar əkilir, ucsuz-bucaqsız yaşıllıq zolaqları salınır. Bu gün Qubadlının, Laçının, Kəlbəcərin başıqarlı dağlarında xidmət edən rəşadətli ordumuzun bölmələri Vətənimizin keşiyində əzmlə, qürurla dayanıb. Mən və xidmət yoldaşlarım mavi Xəzərin sahilində yerləşən Hərbi Dəniz Qüvvələrində doğma Vətənimizə sədaqətlə xidmət edir, onun keşiyini çəkirik. Azərbaycan Ordusu Vətənimizin quruda, havada və suda müdafiəçisi, müstəqilliyimizin və ərazi bütövlüyümüzün təminatçısıdır. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Vətənimizin keşiyində dayanmaq insana bir başqa qürurlu anlar yaşadır. O qürurverici anları yaşayanlardan biri də mənəm. Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusu olaraq, mavi sularda Vətənimizin keşiyini çəkirəm. Yaşasın qalib ordumuz, yaşasın Xəzərin sahilində ucalıqda, daima zirvələrdə dalğalanan üçrəngli müqəddəs bayrağımız!
Əsgər
Vəfadar RÜSTƏMZADƏ
"N" hərbi hissəsi
Vətən üçün əsgər olmaqdan qürur duyuram. Çünki qoynunda böyüdüyüm bu Vətən bizə ata-babalarımızdan miras qalıb. Onlar da zamanında Vətənin müsəlləh əsgəri, döyüşçüsü olublar. Son 30 ildə mənfur düşmənlə apardığımız müharibədə Vətənimizin minlərlə mərd, igid oğul və qızları canlarından keçdi, bir qismi döyüşlərdə yaralanaraq sağlamlığını itirdi. Onlar Vətənimizin ərazi bütövlüyünə qarşı yönəlmiş düşmənin niyyətini, arzusunu ürəyində qoya bildilər. Bu gün biz də ata-babalarımızın yolunu şərəflə, qürurla davam etdiririk.
Hazırda döyüş növbəsində dayanmışam. Burada xidmət etmək mənim üçün ikiqat qürurvericidir. Fasiləsiz döyüş növbətçiliyi aparırıq. Qarşımızda, çox da uzaq olmayan məsafədə Ermənistan ordusunun bölmələri yerləşir. Onları bir an belə nəzarətsiz qoymuruq. İkinci Qarabağ müharibəsindən sonra düşmən tam məğlub oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuz qələbə qazandı. Müharibə gedən ərəfədə mən orta məktəbdə oxuyurdum. Cəbhədən qələbə xəbərləri eşidəndə sevincimdən yerə-göyə sığmırdım. Könüllü döyüşə getmək istəyirdim. Ön cəbhədə döyüşən əsgər qardaşlarımızın yanında olmaq, onlarla çiyin-çiyinə döyüşmək arzusunda olsam da, yaşım buna imkan vermirdi.
Artıq qalib ordunun əsgəriyəm. Silahdaşlarımla tez-tez bu mövzuda həmsöhbət oluram. Onlar da sayıqlıqlarını bir an belə itirmirlər. Yaxşı bilirik ki, məkrli düşmən istənilən an öz pis niyyətini həyata keçirə bilər. Biz bunun qarşısını qətiyyətlə alacağıq. Komandirlərimizin bizə aşıladıqları bilik və bacarıqlar sayəsində döyüş hazırlığımızı yüksək səviyyədə saxlayırıq. Hər birimiz üzərimizə düşən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirik.
Bölməmizdə təminat da yüksək səviyyədədir. Bu cür qayğı bizi daha yaxşı xidmət etməyə sövq edir. Silahdaşlarımın hər biri Vətənimizin ayrı-ayrı bölgəsindəndir. Biz burada bir-birimizi tanımışıq. Çox mehriban, səmimi davranışlarımız onu deməyə əsas verir ki, hərbi xidmətdən sonra da dostluğumuzu davam etdirəcəyik. Atam da hərbi xidmətdə olub. Onun da çoxlu əsgər yoldaşları var. Atam onlarla bağlı xatirələrini mənə danışıb.
Düşmənlə üzbəüz xidmət etməkdən qürur duyuram. Burada xidmət etmək gələcək həyatımda daha mətin və mübariz olmağıma zəmin yaradır. Hərbi xidmətdən sonra da çalışacağım istənilən sahədə Vətənimizin müsəlləh əsgəri olacağam!
Əsgər
Məhəmməd AĞAYEV
"N" hərbi hissəsi