Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq münasibətləri qədim tarixi köklərə malikdir. Bunun əsasını, ilk növbədə, tarixi və etnik köklərə bağlılıq təşkil edir. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamlarından qaynaqlanan təmələ sahib olan ölkələrimizin əlaqələri getdikcə daha da möhkəmlənməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiqliyi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının mənəvi bağlılığında da özünü büruzə verir. Hazırkı dövrdə respublikamızın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsi dövlətimizin başçısının həyata keçirdiyi xarici siyasətin mühüm tərkib hissələrindəndir.
Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən iki qardaş ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi, bir sözlə, bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. Azərbaycan və Türkiyə arasındakı tarixi bağlar və strateji əməkdaşlıq dünya ölkələri üçün bir model olaraq öyrəniləcək dərəcədə inkişaf edib. Hər iki ölkənin ortaq tarixi, mədəniyyəti və dini kökləri də bu əməkdaşlığın təməlində dayanır. Bu əməkdaşlıq regionda sülh və sabitliyin təmin olunması baxımından əhəmiyyətli olduğu kimi, dünya miqyasında da nümunə olaraq qəbul edilir. Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığın təməli Azərbaycan Demokratik Respublikasının dövrünə gedib çıxır. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu və bu iki qardaş ölkə arasında siyasi, iqtisadi və hərbi əlaqələrin inkişafı üçün təməl yaratdı.
Türkiyə ilə Azərbaycanın hərbi əməkdaşlığı, xüsusən də, təlim və tədris sahələrində daha genişdir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrindəki müasir tədris proqramları və təlim sistemləri əsasında təhsil almış, bu da ordunun güclənməsinə və beynəlxalq standartlara uyğunlaşmasına kömək etmişdir. Bu təlim və tədris prosesi həm də Azərbaycan Ordusunun peşəkarlığının artırılmasında və onun NATO standartlarına uyğunlaşmasında əhəmiyyətli rol oynayır. Azərbaycan və Türkiyə arasında həyata keçirilən birgə hərbi təlimlər bu əməkdaşlığın ən bariz nümunələrindən biridir. Hər iki ölkə mütəmadi olaraq birgə hərbi təlimlər keçirir ki, bu da həm orduların qarşılıqlı fəaliyyəti üçün vacibdir, həm də əməliyyatların effektivliyini artırır.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yalnız iki ölkə arasında münasibətləri möhkəmləndirməklə məhdudlaşmır, eyni zamanda, regional sabitliyin təmin olunmasına da xidmət edir. Bu əməkdaşlıq Qafqaz və Yaxın Şərq regionlarında təhlükəsizliyin və stabilliyin qorunması üçün əhəmiyyətli bir amil kimi çıxış edir. Hər iki ölkənin regional məsələlərdə birgə hərəkət etməsi və koordinasiyalı fəaliyyəti digər regional güclərə və beynəlxalq faktorlara da təsir göstərir. Bu əməkdaşlıq beynəlxalq miqyasda da yüksək dəyər qazanıb. NATO çərçivəsində Türkiyənin təcrübəsi və Azərbaycanın strateji mövqeyi iki ölkənin birgə fəaliyyətini dünya ölkələri üçün maraqlı bir model halına gətirir. Azərbaycan-Türkiyə münasibətlərini, xüsusən də, hərbi əməkdaşlıq sahəsindəki uğurlu nümunələr, digər ölkələr üçün regional təhlükəsizlik və hərbi modernləşmə prosesində istifadə oluna biləcək təcrübələr təqdim edir.
Şübhəsiz ki, ölkələrimiz arasında mövcud olan hərbi əməkdaşlıq gələcəkdə daha da inkişaf edərək genişlənəcəkdir. Xüsusilə müdafiə sənayesi və texnoloji yeniliklər sahəsində planlaşdırılan birgə layihələr Azərbaycan Ordusunun modernləşdirilməsi və gücləndirilməsi ilə yanaşı, Türkiyənin də müdafiə sənayesindəki mövqeyini möhkəmləndirməyə kömək edəcək.
Bu əməkdaşlıq modelinin dünya ölkələri tərəfindən təqdir edilməsi regional güclər arasında münaqişələrin qarşısını almaq və sülhü təmin etmək üçün mühüm bir addım ola bilər. İki qardaş ölkə arasında olan münasibətlər sadəcə hərbi sahədə deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə də bir-birinə dəstək olan iki dövlətin necə uğurlu əməkdaşlıq qura biləcəyini göstərir.
Azərbaycan və Türkiyə arasında əməkdaşlıq dünya ölkələri üçün örnək olacaq səviyyədədir. Bu modelin əsasını qarşılıqlı hörmət, ortaq maraqlar və tarixi bağlar təşkil edir.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"