Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2024 20:20

Milli dirçəlişdən milli tərəqqiyə gedən tarixi yol

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü ölkəmizin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Bu tarixi günün mənəvi əsasları isə ötən əsrin 60-cı illərinin sonlarından Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdən başlayıb. Ulu Öndərin siyasi uzaqgörənliyi və müdrikliyi ilə müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu. Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, Ümummilli Lider milli-mənəvi dəyərlərə, elmin, mədəniyyətin dirçəlişinə xüsusi önəm verdi.
1988-ci ildən başlayan xalqımızın milli istiqlal mübarizəsi Azərbaycan dövlətçilik tarixində yeni səhifələr açdı. Həmin ilin noyabrın 17-də Azadlıq meydanında o zamankı SSRİ Mərkəzi Komitəsi rəhbərliyinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə, ermənilərin tarixi ərazilərimizdə törətdiyi vəhşiliklər, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, azərbaycanlıların öz dədə-baba yurd yerlərindən kütləvi şəkildə deportasiya edilməsinə etiraz əlaməti olaraq, ilk etiraz səsi qaldırıldı. Respublikamızın bütün şəhər və rayonlarını bürüyən bu səs bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı azad olmağa layiqdir və öz istiqlaliyyəti uğrunda başladığı yoldan dönməzdir.
1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələrin mövcud vəziyyəti qiymətləndirə bilməməsinə və səriştəsizliyinə görə 1990-cı ildə 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Ölkəmizin o çətin, ağır vaxtlarında Ulu Öndər Heydər Əliyev xalqımızın istiqlal ruhunu ölməyə qoymadı. 1990-cı il noyabrın 17-də Ümummilli Liderin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirilən ilk sessiyasında muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Müzakirələrdən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun əsası qoyuldu.
Bütün həyatı boyu müqəddəs amala - azərbaycançılıq məfkurəsinin inkişafına sadiq qalan, xalqın və Vətənin istiqlalı uğrunda ömrünü şamtək əridən Dahi Rəhbər Heydər Əliyev 1991-ci ilin martında  Azərbaycan SSRİ Ali Sovetinin iclasında gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edərək deyirdi: "Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır".
Xalqın təkidli tələbi və istəyi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ona etimad göstərənlərin ümidlərini doğrultdu. Ümummilli Lider müdrikcəsinə dövrün irəli sürdüyü tələbləri ölkəmizdə ardıcıl şəkildə həyata keçirdi və Azərbaycanda yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Ölkəmizdə iqtisadi sabitlik təmin edildi, tənəzzülə uğramanın qarşısı alındı. Sonrakı dövrlərdə isə vətəndaşlarımızın sosial durumunun yaxşılaşdırılması ilə yanaşı, dövlət quruculuğu, o cümlədən ordu quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, dövlətimizin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində ölkəmiz böyük uğurlar qazandı, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevrildi. Ali Baş Komandanın bütün istiqamətlərdə olduğu kimi, ordu quruculuğunda da apardığı islahatlar nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşməndən azad edərək tarixi ədaləti bərpa etdi. Müdrik lider və yenilməz sərkərdə ətrafında bir yumruq kimi birləşən xalqımız bir daha dünyaya göstərdi ki, onun iradəsini heç bir qüvvə sındıra bilməz.
Ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində isə dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi. Bununla da Azərbaycan öz yeni tarixinin yeni dövrünə qədəm qoydu.
Bu gün Azərbaycan regionda sülhün və sabitliyin təminatçısı, dünya dövlətləri üçün etibarlı tərəfdaşdır.
Qürurverici haldır ki, xalqımız Milli Dirçəliş Gününü artıq 5 ildir ki, Qələbə ovqatı ilə qeyd edir. Dövlət-ordu-xalq birliyindən güc alan ölkəmizin gələcəkdə də böyük Zəfərlər qazanacağına inanırıq.

"Azərbaycan Ordusu"