Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Noyabr 2024 14:50

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

Suallar:

1. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir.

2. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və azərbaycançılıq məfkurəsi.


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir


Dünyanın siyasi səhnəsində dövlətlərin uzunömürlü olması, ilk növbədə, onun ərazisində yaşayan bütün xalqları öz ətrafında birləşdirməyi bacaran və möhkəm təməllər üzərində qurulan siyasi ideologiyasının olmasından asılıdır. Hələ min illər əvvəl Azərbaycan amili bu ərazidə yaşayan bütün xalqlar üçün birləşdirici bir məfhuma çevrilmişdir.
Tarixi dönəmlərdə bu ideyanın inkişaf etdirilməsinə zərurət getdikcə daha da gücləndirildi. Bunun ən tarixi nümunəsi XX əsrin əvvəllərində gerçəkləşdirildi. Belə ki, 1918-ci ildə qurulan və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideologiyası daha da inkişaf etdirildi. Təsadüfi deyil ki, azərbaycançılıq ideologiyası həm də birləşdirici bir məfhum hesab olunur. Bu da ondan irəli gəlir ki, azərbaycançılıq ideyası ətrafında, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkədəki bütün insanlar birləşirlər. Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılıq ideyasını birləşdirici, vəhdət yaradıcı bir ideya kimi qəbul edirlər. Azərbaycançılıq ideyasının fundamental əsaslarından birini də məhz bu faktor təşkil edir.
Əslində, azərbaycançılıq ideologiyasının çox qədim tarixi kökləri vardır. Tarixin qədim dövrlərindən başlamış müasir günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapmışdır. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınmış və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil etmişdir. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya təkmilləşdirilərək tarixi zərurət forması əldə etdi.
XX əsrin 80-ci illərinin sonlarında Azərbaycanda başlayan milli-azadlıq mücadiləsi və bu müstəvidə yaşadığımız faciələr həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsi və onların imkanlarından istifadə edilməsini taleyüklü bir məsələ kimi ortaya çıxardı. Bu məsuliyyətli və taleyüklü məsələnin həllini öz üzərinə götürən görkəmli dövlət xadimi Heydər Əliyev qısa müddətdə tarixiliklə müasirliyin tam vəhdətinə nail oldu. O, bu müstəvidə dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin, Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev azərbaycançılıq ideologiyasını Azərbaycan dövlətinin ana xətlərindən birinə çevirərkən, ilk növbədə, tarix boyu əldə edilmiş zəngin təcrübədən məharətlə və uzaqgörən bir strateq kimi istifadə etdi. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgə yaşayışının tarixi təcrübəsidir.
Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər tərəfdən, Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunun təsdiqidir. Odur ki, azərbaycançılığı realist milli inkişaf modeli olaraq qəbul edən Azərbaycan türk dövlətləri arasında səmimi və qarşılıqlı faydalı tərəfdaşlığın olduğunu daim nümayiş etdirir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların dağınıq halda yaşamaması, onların diaspor fəaliyyəti göstərməsi üçün milli həmrəyliyin vacib olduğunu bildirirdi. O, həm də yaxşı dərk edirdi ki, milli həmrəyliyin möhkəmlənməsi üçün azərbaycançılıq ideologiyası zəruridir. Məhz bu ideologiyanın təbliği nəticəsində Azərbaycanı hansı səbəbdən tərk etmələrindən asılı olmayaraq xaricdə yaşayan soydaşlarımız arasında milli həmrəylik yarandı və onlar ümummilli maraqlar naminə birlikdə fəaliyyət göstərməyə başladılar. Bunun nəticəsində də soydaşlarımız arasında azərbaycançılıq ideologiyası milli həmrəyliyin konsepsiyasına çevrildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xarici dövlətlərə ilk səfərlərindən başlayaraq getdiyi hər bir ölkədə yaşayan həmvətənlərimizlə oradakı azərbaycanlı icmasının böyük və ya kiçikliyindən asılı olmayaraq görüşlər keçirir, onların problemləri, qayğıları ilə maraqlanır, tövsiyələrini verirdi. Azərbaycan diasporunun yeni mərhələdə inkişaf tezislərini də məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həmin görüş və çıxışlarda söylədiyi fikirlər, müddəalar təşkil etmişdir. Özü də bu hər zaman şüarçılıqdan uzaq reallığı əks etdirən, zərurətdən doğan fikir və müddəalar olub. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında azərbaycançılığın, öz milli mənsubiyyətin, milli-mənəvi dəyərlərin qorunub saxlanması haqqında demişdir: "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq ideologiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur. Azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Bu ideologiya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik əlamətlər əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər olmuşdur. Bunu onun Dünya Azərbaycanlılarının Qurultayındakı nitqi də sübut edir. Ulu Öndər Heydər Əliyev qurultaydakı çıxışında demişdir: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi, həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik".

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

 

Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.Ulu Öndər Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycan dövlətidir. Müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir.Hələ sovet dövründə respublika rəhbəri işləyərkən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənəviyyat, təhsil, mədəniyyət, əxlaq, milli adət-ənənələrin qorunması və inkişafı sahəsində gördüyü işlər müstəqil dövlətimizin yaradılması ilə nəticələndi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır. Bu ideologiya ölkəmizdə yaşayan xalqları bir amal uğrunda birləşdirir: Hamımızın Vətəni Azərbaycandır və biz müstəqil dövlətimizi qoruyub inkişaf etdirməliyik. Hələ 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası qəbul edilərkən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət dili Azərbaycan dili kimi təsdiq olundu. Eyni zamanda, o dövrdə iqtisadiyyatı, sənayeni inkişaf etdirməklə, bu sahədə güclü baza yaratmaqla, bütün sahələr üzrə peşəkar milli kadrlar yetişdirməklə Ulu Öndər Heydər Əliyev müstəqilliyin əsasını qoymuşdu.Ulu Öndər yorulmadan Azərbaycanın hər bir guşəsinə səfər edir, inkişafla maraqlanır, insanların həyat tərzi ilə tanış olurdu. Bununla da o, Azərbaycan vətəndaşını daha yaxından tanıyaraq, onların ənənələrini, mənəvi dəyərlərini və digər milli keyfiyyətlərini ümumiləşdirərək bu ideologiyanın əsasını qoydu. Təbii ki, bunların hamısı Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı.Qüdrətli şəxsiyyət Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni - azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər idi. Bu tarixi sənədlər artıq yeni əsrin və üçüncü minilliyin əvvəllərində ana dili uğrunda mübarizənin dövlət səviyyəsində milli müstəqillik uğrunda mübarizənin - azərbaycançılığın tərkib hissəsi kimi əks etdirən dövlət proqramları - böyük strategiyanın təməl faktları idi.  
Ulu Öndər Heydər Əliyevin xalqımız üçün qoyduğu zəngin və əvəzsiz irs ölkəmizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən fundamental bir fəaliyyət proqramıdır. Bu çoxcəhətli, zəngin fəaliyyət proqramının ən mühüm qollarından birini, heç şübhəsiz, ordu quruculuğu təşkil edir. Bu istiqamətdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev fəaliyyətinin qlobal miqyası Azərbaycanın bugünkü reallıqları ilə yanaşı, həm də keçmişinin və gələcəyinin prizmasından əzəmətli görünür. Belə ki, hələ sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik edən Ulu Öndərimizin ordu quruculuğu, xüsusilə də, hərbi təhsil sisteminin təməlini qoymaq istiqamətində həyata keçirdiyi tədbirlər bu gün öz tarixi təsdiqini tapmaqdadır. O vaxtlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və təkidi ilə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbin yaradılması, ölkənin ali hərbi məktəblərinə göndərilən azərbaycanlı gənclərin sayının artırılması, onların qəbulunda konkret güzəştlərin tətbiqi respublikamızın gələcəyinə hesablanmış uzaqgörən siyasətin nəticəsi idi.Müstəqillik illərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsində müstəsna əhəmiyyət kəsb etdi. Ötən zaman göstərdi ki, müstəqillik yolumuz Ulu Öndər Heydər Əliyevin parlaq zəkasının, onun Azərbaycan torpağına, insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ulu Öndərin ideyaları əsasında inkişaf edir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizdə inkişafın, sabitliyin və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması xalqımıza müstəsna xidmətlər göstərmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə verdiyi yüksək qiymətin bariz nümunəsidir.

 

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi