Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Noyabr 2024 14:50

8 Noyabr Zəfərinin 8 mühüm faktoru

Elmdə belə bir mülahizə var ki, dövlətin dövlət olması üçün 5 əsas şərt, amil mövcuddur. Ən əsas şərtlərdən biri də məhz güclü, yüksək döyüş qabiliyyətinə malik ordunun olmasıdır. Güclü ordu hər dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəçisidir.
Tarixi prosesləri təhlil edən elm adamlarının qənaətinə görə, istənilən dövlətin və onun ordusunun qüdrətli olması və zəfər qazanması üçün vacib olan - xalqı arxasınca aparmağı bacaran liderin olması, ölkənin iqtisadi inkişafı, ən müasir silahların ordunun arsenalına daxil edilməsi və dövlətin hərbi sənaye kompleksi, müstəqil enerji qaynaqlarına sahib olmaq, kadr siyasəti və hərbi təhsil prosesi, müstəqil diplomatiyanın uğurla fəaliyyət göstərməsi, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti və bütün sadaladığımız proseslərin icrasını uğurla təmin etmək üçün lazım olan zaman da daxil olmaqla əsas 8 faktor mövcuddur. Bu faktorlar tarixi, hərbi-siyasi dönəmlərdə xalqın taleyində həlledici rol oynayır.  
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz son iki yüz ilin ən möhtəşəm 8 Noyabr Zəfərini təmin edən də məhz haqqında danışacağımız  bu 8 faktorun ölkəmizdə uğurla reallaşmasıdır.
İstənilən dövlətin iqtisadi qüdrəti onun hərbi qüdrətinin aynasıdır. Ölkəmizdə son illərdə həyata keçirilən ordu quruculuğunun təhlili göstərir ki, dövlətimizin təmin etdiyi dayanıqlı iqtisadi inkişaf sayəsində həyata keçirdiyimiz hərbi islahatlar müsbət nəticə vermişdir.  
Bu proseslərdə əsas faktor olaraq ölkəmizin iqtisadi inkişafını göstərmək istərdik. Dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən nail olmağa çalışdığı ən əsas vəzifələrdən biri də məhz xarici müdaxilələrə uğurla tab gətirə biləcək ölkə iqtisadiyyatının inkişaf etdirilməsidir. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü müstəqil iqtisadi siyasətin uğur gətirməsi, iqtisadi qüdrətimizin bu qədər artması qeyd etdiyimiz fikirlərin ən doğru sübutudur. Danılmaz faktdır ki, bu uğurlu, düzgün iqtisadi siyasətin nəticəsidir ki, ölkəmizdə bütün strateji, eləcə də hərbi əməliyyatlar zamanı lazım olan ehtiyatlar tam həcmdə təmin edilmişdir. Bu gün də bu ehtiyatların fasiləsiz təmin edilməsinə imkan verən iqtisadi potensialımızın mövcudluğu yalnız qürur doğuran məqamdır. Tam səmimiyyətlə demək olar ki, milli valyutamızın dünyada baş verən maliyyə böhranlarının təsirindən məharətlə çıxarılması və yüksək alıcılıq qabiliyyətinin qorunması, iqtisadi böhranlardan, inflyasiya proseslərindən cüzi faizli ziyanla yan ötməsi də düzgün hesablanmış iqtisadi siyasətin göstəricisidir.
Külli miqdarda karbohidrogen ehtiyatlarına malik olmağımıza baxmayaraq qeyri-neft sektorunun davamlı inkişafı, kənd təsərrüfatının müxtəlif sahələrində məhsuldarlığın artırılması, bərpaolunan enerji qaynaqlarının yaradılması istiqamətində həyata keçirilən uğurlu dövlət proqramları və beynəlxalq layihələr yuxarıda qeyd etdiklərimizin əyani təsdiqidir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada irəliləyişə nail olunmasın. Vətənimizin hər bölgəsində vüsət alan bərpa-quruculuq işləri də fəxrlə qeyd edilə biləcək iqtisadi amillərdəndir.
Böyük istehsal sahələrinin mövcudluğu, idxaldan asılı olmamaq, yerli məhsullar istehsal etməklə ölkə əhalisinin tələbatlarının tam həcmdə ödənilməsi, hətta yüksək keyfiyyət göstəricilərinə cavab verən məhsulların ixracı sayəsində külli miqdarda maliyyə gəlirlərinin əldə edilməsinin təmin olunması da dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin uğurudur. Bu dediklərimizə həyata keçirilən region, həmçinin dünya miqyaslı nəhəng iqtisadi layihələri və dövlətimizə göstərilən etimad və etibarın bəhrəsi olaraq sərmayə yatırımı həyata keçirən ölkələrin çoxluğunu da əlavə etsək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin uğuru barədə yetərincə aydın təsəvvür yaranır.
Bildiyimiz kimi, ölkəmizdə son 30 ildə ordu quruculuğu prosesi prioritet məsələ elan edilmişdir. Hərbi və təhlükəsizlik sahəsində həyata keçirilən islahatların uğur gətirməsi də məhz dövlətimizin iqtisadi qüdrətinin ən yüksək göstəricisidir.
Növbəti faktor ən müasir silahların ordunun arsenalına daxil edilməsini və yüksək keyfiyyətli silah və sursat istehsal edən hərbi sənaye kompleksinə malik olmağımızdır ki, bu da iqtisadi qüdrətimizin məhsuludur. Bu gün Azərbaycan Ordusunun ən qabaqcıl silah-texnika, hərbi avadanlıqlar, müasir texnologiyalarla təchiz edilməsini və sadalamadığımız digər nüansları nəzərə alsaq, deyə bilərik ki, bu, Ali Baş Komandanın ordu quruculuğu prosesinə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidirsə, digər tərəfdən isə bütün bunlar yalnız güclü iqtisadi imkanlara malik olan dövlətin həyata keçirə biləcəyi proseslərdir.
İslahatların ardıcıl həyata keçirilməsi, ordunun yüksək döyüş qabiliyyətinə nail olması, peşəkarlığın artırılması və yüksək tələblərə cavab verən mütəxəssislərin hazırlanmasının da ölkəmizin iqtisadi imkanlarından asılı olduğu real faktdır. Şəxsi heyətin döyüş qabiliyyətinin təmin edilməsi üçün genişmiqyaslı təlimlərin, intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi üçün lazım olan resursların da nə qədər böyük maliyyə vəsaiti hesabına başa gəldiyini də hərb elmindən az-çox anlayışı olan hər kəs bilir. Sadə dildə desək, təlim-tədrisə cəlb edilən hər bir texnika, istifadə edilən hər bir silah-sursat dövlətimizin hesabına alınıb.
Bununla yanaşı, hərbi qulluqçuların maddi rifahının, sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə pul təminatının mütəmadi olaraq artırılması, ərzaq-əşya və digər təminat növləri ilə yüksək səviyyədə təchiz edilməsi, ən müasir tələblərə cavab verən hərbi infrastrukturun demək olar ki, tamamilə yenidən inşa olunması da dövlətimizin hərbi sahəyə ayırdığı xərclər sayəsində mümkün olmuşdur. Bütün bunları təsəvvür etməyi bacarsaq, daha geniş şərhə ehtiyac yoxdur.
Növbəti mühüm faktor - ölkənin müstəqil enerji qaynaqlarına sahib olmasıdır. Son illər Azərbaycanda enerji hasil edən və xarici xammaldan asılı olmayan enerji kompleksinin yaradılması, ölkəmizin istehsal etdiyi karbohidrogen ehtiyatlarının dünya bazarına ixracı, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə edilməsi məqsədilə regionda ən böyük layihələrin həyata keçirilməsi də gələcək nəsillərə hesablanmış iqtisadi planlarımızın əsasını təşkil edir. Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizin müstəqil enerji siyasəti xalqımızın firavanlığına xidmət etməklə yanaşı, dövlətimizin maliyyə ehtiyatlarının artmasına da böyük təsir göstərir. Bunun sayəsində də dövlətimiz çətinliklərlə üzləşmədən ordu quruculuğu sahəsində nəzərdə tutulan hədəflərə doğru inamla addımlayır.
Daha bir faktor kimi kadr siyasətini, yəni, yüksək keyfiyyətli təlim və təhsil görmüş gənc nəslin yetişdirilməsini qeyd etmək olar. Bütün sahələrdə olduğu kimi, hərbi xidmətdə də peşəkar mütəxəssis hərbçilərin sayının daim artırılması xüsusi təyinatlı təhsil müəssisələrimizin qarşısında duran ən əsas vəzifədir. Son illər Prezident cənab İlham Əliyevin hərbi təhsil sahəsində islahatların həyata keçirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamları yada salmaqla dövlətimizin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyinin şahidi olarıq. Müdafiə Nazirliyi qarşısında duran əsas vəzifələrdən biri də məhz ordumuzun arsenalında olan ən müasir silah-texnikadan səmərəli və effektiv istifadə etməyi bacaran kadrların, müqaviləli hərbi qulluqçu kontingentinin və eyni zamanda, şəxsi heyətin hazırlanmasıdır. Bu məqsədlə hərbi xidmətə cəlbediciliyin artırılması istiqamətində də böyük işlər görülür, peşəkar hərbi qulluqçu olmaq istəyən gənclərin təşviqi ilə bağlı effektiv layihələr icra olunur. Amma ordu təkcə şəxsi heyətin sayı ilə deyil, yetərincə səfərbərlik ehtiyatları qaynaqlarının yaradılması ilə də güclüdür. Səfərbərlik ehtiyatlarının mütəmadi olaraq toplantılara və təlimlərə cəlb edilməsi, ordumuzda və bütövlükdə Silahlı Qüvvələrimizdə mövcud olan qabaqcıl texnikanın, müasir silahların, hərbi avadanlıqların onlara öyrədilməsi də böyük maliyyə vəsaiti tələb edir ki, dövlətimizin iqtisadi imkanları bu işin də öhdəsindən inamla gəlməyə imkan verir.
Dünya miqyaslı siyasətçilər dövləti idarə edən, xalqı arxasınca aparmağı bacaran liderin olmasını da istənilən sahədə uğur qazanmanın əsas amillərindən biri kimi həlledici faktor olaraq önə çəkirlər. Müstəqil daxili və xarici siyasət yürütməyə qadir olan dövlət başçısının, ordunu qətiyyətlə idarə etməyi bacaran, yüksək sərkərdəlik bacarığına malik Komandanın olması hər xalqın taleyində həlledici rol oynayır. Danılmaz faktdır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyi, sözündən dönməzliyi, uğurlu diplomatik gedişləri torpaqlarımızın Ermənistan silahlı birləşmələrinin 30 illik işğalından azad edilməsində misilsiz rol oynamışdır. Hər bir azərbaycanlı qürur hissi keçirir ki, dünyanın ən mötəbər təşkilatlarında, ən uca kürsülərdə xalqımızın haqq səsini çatdırmaqla, ədalətli mövqeyimizi inamla qorumaqla, verdiyi sözü daima tutmaqla cənab İlham Əliyev həm dünya miqyasında nüfuz qazanmış, həm də Azərbaycan xalqını dəmir yumruq kimi birləşdirməyə nail olmuşdur.
Hansı addımın nə vaxt atılacağı məqamı dəqiq təyin etməsi, dünyada və bölgədə, eləcə də ölkə daxilində baş verən bütün prosesləri düzgün qiymətləndirməyi bacarması və xalqın maraqlarını təmin edən uğurlu addımlar atması ona həm xalqın böyük inamının yaranmasına səbəb olmuş, həm də rəhbəri olduğu dövlətimizin nüfuzunun daima yüksəlməsini təmin etmişdir.
Uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası mehriban qonşu, etibarlı tərəfdaş, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan müasir, dünyəvi dövlət olaraq sayılıb seçilir, ona etimad göstərilir. Azərbaycan xalqı isə qəhrəmanlıq ənənələrinə sadiq, tarixi ədaləti bərpa edən, dayanıqlı sülh, əmin-amanlıq, təhlükəsiz, firavan həyat tərəfdarı, dövlətinin, ordusunun ətrafında bir yumruq olaraq birləşməyi və bu yumruğu Zəfər qazanmağı təmin edən dəmir yumruğa çevirməyi bacaran xalq olaraq tanınır.
Dövlətin yerləşdiyi bölgəyə və dünyaya baxışda müstəqil diplomatiyanın uğurla fəaliyyət göstərməsinin təmin edilməsi daha bir önəmli faktor olaraq səciyyələndirilir. Azərbaycan diplomatiyasının səmərəli fəaliyyəti sayəsində dövlətimizin dünyaya baxışının, yanaşmasının həm bölgədə, həm də dünya səviyyəsində qəbul edilməsi, diqqətdə saxlanılması və digər dövlətlərin Azərbaycanın ədalətli mövqeyi ilə hesablaşmasının təmin olunması da torpaqlarımızın işğaldan azad edilməsi məsələsində böyük rol oynamışdır. Bütün bunlar güclü, iradəli Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi uzaqgörənliyi, yüksək diplomatik savadı sayəsində mümkün olmuşdur.
Bu gün regionla bağlı elə bir proses yoxdur ki, orada dövlətimizin mövqeyi, sözü nəzərə alınmasın, qəbul olunmasın. Haqqında danışdığımız qələbələri isə ölkəni inkişafa aparmağa qadir olan və xalqın dəstəyinə nail olmuş siyasi hakimiyyət sistemi, uğurlu diplomatiya, xarici və daxili siyasət, qətiyyətli siyasi iradə, ölkənin və xalqın maraqlarının təmin olunmasına yönəlmiş mühüm siyasi gedişlər təmin etmişdir.  
Daha bir faktor dövlət üçün ən vacib sahələrdən biri olan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətidir. Heç bir xarici faktordan asılı olmayan, təhlükəsizliyimizin təmin olunması naminə peşəkarlıqla fəaliyyət göstərən, yalnız ölkənin maraqları üçün durmadan çalışan kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin ölkəmizdə mövcudluğu yüksək qürur hissi ilə qeyd edilməlidir. Müvafiq qurumlar öz xidmət sahələri ilə bağlı məqsədəuyğun hesab edilən məlumatları sənədli filmlər vasitəsilə ictimaiyyətə yetərincə təqdim etmişdir. Başqa məqamlara toxunmadan, qeyd edə bilərik ki, 44 günlük Vətən müharibəsi zamanı Qarabağ iqtisadi zonasında və Ermənistan ərazisində işğalçı düşmənin hərbi birləşmələrinin bizə təhdid ola biləcək elə bir hərbi obyekti, legitim hərbi hədəfi yox idi ki, onun koordinatları müəyyənləşdirilməsin. Həmçinin atəşkəs dövründə olduğu kimi, döyüş əməliyyatları getdiyi dövrlərdə də düşmənin heç bir hərəkəti, heç bir aktivliyi, yerdəyişməsi kəşfiyyat vasitələrimizin diqqətindən yayınmamışdır.
Son olaraq xüsusi qeyd etmək istərdik ki, bütün sadaladığımız proseslərin icrasını uğurla təmin etmək üçün lazım olan ən əsas faktor zamandır. Yuxarıda göstərilən aspektlərə, üstünlüklərə nail olmaq üçün tələb olan uzun müddətli sülh və hazırlıq dövrünün, vaxtın olması həlledici rol oynayır. Dövlətimizə və xalqımıza bu zamanı isə Ulu Öndərin dühası sayəsində nail olduğu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində qoruyub saxladığı atəşkəs rejimi verdi. Bu zaman kəsiyində dövlətimiz beynəlxalq hüququn və beynəlxalq təşkilatların bütün imkanlarından istifadə edərək məsələnin sülh, danışıqlar yolu ilə, qan tökmədən həllinə çalışdı. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti ən yüksək kürsülərdən dəfələrlə qeyd etdi ki, ərazi bütövlüyümüz heç vaxt danışıqlar mövzusu olmayacaq, bir qarış torpağımızın işğalda qalmasına, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcəkdir.
Atəşkəsin olduğu zaman çərçivəsində Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə ordu quruculuğu prosesində həyata keçirilən islahatlar, diqqət və qayğı sayəsində ordumuz torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs vəzifənin icrasına hazır və qadir oldu. Nəticəsi isə xalqın, dövlətin, ordunun birliyi, döyüşlərdə iştirak edənlərin canını-qanını əsirgəməməsi sayəsində qürurla qeyd etdiyimiz şanlı 8 Noyabr Zəfərimizdir, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və bütün ölkə ərazisində Konstitusiya quruluşunun tam bərpasıdır.

İsa İSMAYILOV,

ehtiyatda olan polkovnik-leytenant,

hərbi jurnalist Nadiyə QAFAROVA,

tərcüməçi, publisist,

Azərbaycan Yazıçılar Birliyinin üzvü