Tovuzda anadan olub. Uşaqlığı da, yeniyetməliyi də Tovuzda keçib. Müharibənin nə olduğunu o da televiziyadan izləyib, müəllimlərinin söhbətlərindən, atasının, qohumlarının xatirələrindən eşidib. Hər izlədiyi, eşitdiyi, gördüyü onda cavabsız təəccüblər yaradıb: Niyə? Əmisi Əsəd Eminov zabit idi, Nahid onunla söhbətləşməyi sevirdi, ürəyindən keçən sualları ona ünvanlayırdı. Həmişə də sonda bir sualı olurdu: Torpaqlarımız işğaldan nə vaxt azad olunacaq? O vaxtlar baş leytenant olan əmisi əlini Nahidin çiyninə qoyardı, toxdaqlı səslə, "Ali Baş Komandan əmr verəndə döyüşlər başlayacaq, güclü ordumuz düşməni məğlub edəcək, torpaqlarımız işğaldan qurtaracaq..." - deyərdi. Onda Nahid tələsik həmyaşıdlarının yanına qaçardı - sevincini bölüşməyə...
Həkim olmağı qərara almışdı. Ata-anası da, müəllimləri də inanırdılar ki, Nahid istəyinə çatacaq: yaxşı oxuyurdu, vaxtının qədrini bilirdi, seçdiyi peşəyə sevgisi vardı. Onuncu sinifdə oxuyanda 2016-cı ilin aprelində düşmən təxribatlarının qarşısını alan ordu hissələrimiz döyüşü davam etdirmişdi. Dörd gün müddətində Lələtəpə, Bayraqtəpə kimi əlverişli yüksəkliklər də daxil olmaqla, 2000 hektardan çox ərazinin işğaldan azad edilməsi gənc Nahidin də düşüncələrində bir tərpəniş yaratmışdı, hərbçi olmağa qərar vermişdi. Tay-tuşları "Sən ki, həkim olmaq istəyirdin? Fikrindən döndünmü?" - soruşanda qətiyyətlə deyərdi ki, həm həkim olacam, həm də hərbçi. Yəni, hərbi həkim. Nahidin bu istəyinə hamıdan çox əmisi sevinmişdi.
2017-ci ildə Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə daxil oldu. Auditoriyalar, mühazirələr, seminarlar, sonralar xəstəxanalarda təcrübi dərslər tələbə Nahid Eminovun düşüncələrində hələ nizama düzülməmiş xəyalların başlanğıcına dönərdi. O xəyallarda hərbi mundirlilər vardı, səhər düzülüşləri vardı, müayinələr vardı, əsgərlərlə səmimi ünsiyyət vardı - hərbi xidmət vardı. Bir dəfə tələbə yoldaşlarından biri soruşmuşdu ki, həkim olmağa tələsirsən, yoxsa hərbçi olmağa? Nahid gülümsünmüşdü, "Bunlar indi bir-birindən ayrılmaz duyğulardı, mən ikisinə eyni vaxtda çatacam. O günə tələsirəm..." - demişdi. Nahidin dediklərini yoldaşları da bəyənmişdi, kurs rəisi də.
"İkinci Qarabağ müharibəsi başlayanda tələbə idik. Biz də döyüşlərə getmək üçün müraciət etdik, müharibəni tibb işçisi kimi xidmət etməyə niyyətli olduğumuzu dedik. Aparmadılar. Ancaq dərslərdən sonra hospitala gedər, yaralılara baş çəkərdik, qısa müddət də olsa yaralılarla söhbətləşər, onların döyüş əzminin, qələbə ruhunun ortağı olardıq...", - Nahid Eminov Vətən müharibəsində hərbi tibb fakültəsinin tələbələrinin müharibəni necə yaşadıqları haqqında belə dedi...
Universiteti 2023-cü ildə bitirdi. Leytenant Nahid Eminov qoşunlarda xidmətə göndərildi. Məntəqə həkimi kimi xidmətin səhərisi gün müraciət edən əsgəri müayinə edirdi. Bir qədər həyəcanlı idi. Onun keçirdiyi hissləri duyan əsgər də həyəcanlanmışdı. Sorğulu baxışları gənc həkimə dikilmişdi. Nahid bu baxışların məhrəmliyində qətiyyətlə demişdi ki, ciddi bir şey yoxdu, yüngül dərəcəli soyuqlamısan. Həyəcanım həkim olaraq ilk pasientimi müayinə etməyimdəndi. Gülümsünmüşdülər. Nahid həmin əsgərlə indi də əlaqə saxlayır, dostdurlar...
Leytenant Nahid Eminov dedi ki, mən tibb məntəqəsində kabinetdə dayanmağı sevmirəm, asudə vaxtlarda əsgərlərlə söhbətləşməyi də özümə borc bilirəm. Həm həkimlik borcu, həm də vətəndaşlıq borcu kimi. Bu söhbətlər mahiyyəti baxımından maarifləndirici profilaktik söhbətlərdi, onları qabaqlayıcı tədbirlərlə bağlı təlimatlandırma da adlandıra bilərik...
Hərbi hissənin tibb xidməti rəisi leytenant Nurəli Qasımlı leytenant Nahid Eminovun nümunəvi zabit olduğunu dedi, müraciət edən hərbi qulluqçuları müayinə etdikdən sonra onlarla vətənpərvərlik mövzularında söhbətlər etdiyini, bu söhbətlərin mahiyyətini ictimai-siyasi dərsin davamı kimi apardığını bildirdi...
Leytenant Nahid Eminov həkimdir, zabitdir. Azərbaycan Ordusunun zabiti olmasıyla da qürurlanır, hərbçilərin sağlamlığının əsgəri olmasıyla da...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR