Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Noyabr 2024 14:50

“Mən də qalib ordunun zabitiyəm”

1994-cü ildə Nardaranda anadan olub. Muğamlarımızın ecazkarlığını uşaqlığından dərk eləyib - möcüzəsiz möcüzələr dünyası onun da duyumunu incələşdirib, düşüncələrində meh əsdirib, kəlmələrini gözəlləşdirib. Nardaranda muğam gecələrinin sehrinə hərdən o da düşərdi. Hərdən uşaqlığın qılığına düşərdilər, onlar da toyxanalarda qol qaldırıb oynayardılar. Hərəkətlər ritmin axarına qarışanda, musiqinin coşqusu çəkingənliyi üstələyəndə Ayaz da dünyanın sabahlarına düşəcək işığı ömür yolunun işığı bilərdi; rəqsə sevgisi belə yaranardı. Ayazın bu sevgisi belə püxtələşirdi, belə dönməzləşirdi.
Ayaz Əli-Paşa oğlu Rzayev belə yeniyetmələşib. "İncəsənətə sevgi də, ədəbiyyata sevgi də bəşərə sevginin başlanğıcıdı" - hansı elm adamındansa eşitdiyi bu kəlam Ayazın da düşüncələrinə hopmuşdu; rəqsi sevmişdi, rəqslərimizin incəliyinə vurulmuşdu, rəqslərimizin ifadə etdiyi mətləbləri o da daha dərindən mənimsəməyə qərarlıydı - Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasında "rəqqaslıq" ixtisası üzrə təhsil alıb. Əməkdar artist Kamil Dadaşovun rəqslərinin heyranıydı Ayaz. Onun hərəkətlərinin plastikasına baxdıqca baxmaq istəyirdi. "İgidlər” rəqsi Ayazın da rəqqaslıq manifestiydi sanki....
Neçə-neçə tədbirdə onu da alqışlamışdılar, o da yüzlərlə gözəl rəqsi ilə könül xoşluğu vermişdi. "Ayaz, sənin rəqslərini əsl rəqqas rəqsi kimi izləyirəm, dostumun rəqsi kimi yox. İzləyirəm və qürurlanıram ki, biz dostuq...", - ona belə deyərdim. Gülümsünərdi. "Mən də sənin rəsmlərinə belə baxıram və sonda sən düşünən kimi düşünürəm...", - deyərdi...
Məktəbi bitirdik...
Ayaz Rzayev, nəhayət, hərbi xidmətə çağırıldı. O da digər əsgər yoldaşları kimi deyirdi ki, Vətən gözdü, biz kirpik, gözümüzün keşiyini çəkirik...
Hərbi xidmətdən sonra 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edildi. Ayaz Rzayev də döyüşlərə qatıldı... Ordumuz ədalətli müharibədə mövqe qələbələri qazanırdı, döyüşə-döyüşə Böyük Qələbəyə yaxınlaşırdı. Əsgər Ayaz Rzayev Kəlbəcər istiqamətində döyüşürdü. “Döyüşdə ilk gülləni atdığım anı heç zaman unutmayacam. Düşmənə nifrətim barmaqlarıma axırdı. Döyüşün sonunda qələbənin verdiyi ovqatı könlümüzə sıxdıq...”, - Ayaz tarixi Zəfərdən sonra belə deyirdi.
2023-cü ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu bitirən Ayaz Rzayev xidmətini “leytenant” rütbəsində davam etdirir.
2023-cü ilin sentyabrından sonra deyirdi ki, antiterror əməliyyatında da iştirak etdik. “Sırxavənd istiqamətində döyüşdük. Yaralandım. Üzümdə qəlpə qalıb. Döyüşdə düşmənə nifrətimi də atdığım sonuncu gülləyə büküb atmışdım...", - Ayazın qürurunu öz qürurumuz, öz qürurumuzu ordumuzun qüruru bildik...
Leytenant Ayaz Rzayev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.
Ayaz Rzayev qürurla deyir ki, mən qalib ordunun zabitiyəm!..

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"