Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Noyabr 2024 14:50

“Qələbələrimiz ordumuzun gücünün, əzminin və vətənpərvərlik ruhumuzun təzahürüdür”

Azərbaycan Ordusu ölkəmizin müstəqilliyinin və suverenliyinin qarantıdır. Ordu quruculuğu ölkəmizin hərtərəfli inkişafının rəmzi, güc və əzmimizin təcəssümüdür. Ölkəmizdə ordu quruculuğu sahəsində ciddi islahatlar həyata keçirilib, böyük uğurlar əldə edilib. Bu gün də ordumuz müasir texnologiyaların və yeni hərbi strategiyaların tətbiqi ilə inkişafdadır. Xidmətdə olan hər bir hərbçi öz üzərinə düşən məsuliyyəti dərk edir, daim bilik və bacarıqlarının artırılması istiqamətində çalışır. Vətənə xidmət edən hərbi qulluqçular vətənpərvərlik ruhunda xidmət edirlər. Şanlı ordumuzun qazandığı zəfərlərdə, əldə olunan nailiyyətlərdə onların müstəsna rolu vardır. "N" hərbi hissəsində kapitan Ayəddin Muradovla tanış olduq.
Zabit A.Muradov Tovuz rayonunun Aşağıqışlaq kəndində doğulub. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) "motoatıcı" ixtisası üzrə təhsil alıb, "leytenant" hərbi rütbəsinə layiq görülüb. Müvafiq kursu bitirdikdən sonra taqım komandiri kimi xidmətə başlayıb.
"Özümü heç vaxt başqa bir sahədə təsəvvür etməmişəm", - deyən zabit hərbçi olmağa necə qərar verdiyindən danışdı. "Tovuz rayonu düşmənlə sərhəd rayonlarımızdan biridir. Müharibə dövründə atəşkəsin tez-tez pozulmasının şahidi olurduq. Uşaqlığım atəş səslərini eşitməklə keçib. Hər zaman silah səsləri eşidəndə səngərdə xidmət edən hərbçilərimizi düşünürdüm. O zamandan qərara almışdım ki, böyüyəndə hərbçi olacaq, Vətənimizin müdafiəsində dayanacağam. Bu məqsədlə oxudum və çalışdım. Məktəbi bitirdikdən sonra qərarım qəti idi. Hərbi məktəbə müraciət etdim və qəbul oldum. İstər təhsil aldığım, istərsə də xidmətdə olduğum dövrdə mən də daim işğalda olan torpaqlarımızı düşünmüşəm. Çox sevinirəm ki, torpaqlarımız işğaldan azad olunub və bu günü görmək mənə də nəsib olub".
Söhbət əsnasında öyrəndim ki, zabit xidmət dövründə bir necə döyüş əməliyyatlarında iştirak edib. O, Günnüt əməliyyatının, 44 günlük Vətən müharibəsinin və Qarabağ iqtisadi rayonunda keçirilən antiterror əməliyyatının iştirakçısıdır.
"Qazandığımız zəfərlər bizim üçün böyük bir qürur mənbəyidir. Bu zəfərlər ordumuzun gücünün və əzminin sübutu, həm də vətənpərvərlik ruhumuzun təzahürüdür. Bir ağac kökləri ilə torpağa necə bağlanırsa, biz də bu qələbələrimizlə növbəti zəfərlərimizin köklərini möhkəmləndirdik. Bu qələbələrimizlə düşmənin hərbi potensialını zəiflətdik və ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına nail olduq. Böyük fədakarlıq və igidlik nümunələri göstərdik. Qürurluyuq ki, Vətən torpaqlarının azadlığı və suverenliyi uğrunda mübarizəni tarixi Zəfərlə başa vurduq", - zabit belə dedi.
Bu gün ordumuzda peşəkar, savadlı və vətənpərvər zabitlərimiz yetəri qədərdir. Dövlətinə və xalqına sədaqətli, mərd, cəsur Azərbaycan gəncliyini gördükcə qürur hissi keçirməmək mümkün deyil.

Oruc MUSTAFAYEV

"Azərbaycan Ordusu"