Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev: “Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək.”
Tarixi Zəfər salnaməsinin yazıldığı 44 günlük Vətən müharibəsindən artıq dörd il ötür. Bu tarixi gün ilə yanaşı, xalqımız 9 Noyabr - Dövlət Bayrağı Gününün sevincini də təntənə ilə yaşayır. Hər iki əlamətdar gün ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Ordusunda da böyük coşqu ilə qeyd olunur. İşğaldan azad olunmuş ərazilərimizdə Vətənimizi qoruyan, qəhrəmanlıq salnaməsini yazan igid oğullarımızın davamçıları xalqımızı hər iki bayram münasibətilə təbrik etdilər. Əminliklə bildirdilər ki, azad edilmiş ərazilərimizdə qürurla xidmət edir, Vətənimizin keşiyində inamla dayanır, müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi olan üçrəngli bayrağımızın daim əzəmətlə dalğalanması üçün döyüş növbətçiliyini yüksək səviyyədə aparırlar. Zəfər Günü ərəfəsində qəzetimizin əməkdaşları Vətən müdafiəçilərinin fikirlərini qələmə aldılar.
Əsgər Elyar Əliyev: Biz şanslı gənclərik. Şanslıyıq ona görə ki, güclü dövlətimiz, rəşadətli ordumuz, qədirbilən xalqımız var. Xidmətimizi də qürurla, sevgi ilə yerinə yetiririk. Vətən də, onu qorumaq da müqəddəsdir. Yüksək əhval-ruhiyyədə bu müqəddəs vəzifələrimizin öhdəsindən uğurla gəlirik. Vətənimizin keşiyində qətiyyətlə dayanmışıq. Səmimi və mehriban kollektivimiz var. Bizi, ən güclü silahdan daha təsirli olan Vətən sevgisi, vətənpərvərlik və müqəddəs amal birləşdirir. Bu ülvi hisslər döyüş hazırlığımızla tamamlanır və ərazi bütövlüyümüzü inamla qoruduğumuz kimi, Ali Baş Komandanın istənilən döyüş əmrini də uğurla yerinə yetirməyə hər an hazırıq. İki möhtəşəm bayramın abu-havasını yaşayırıq. Həm 8 Noyabr - Zəfər Günü, həm də 9 Noyabr - Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün unudulmaz tarixi günlərdəndir. Hər iki bayram münasibətilə Ali Baş Komandanımız başda olmaqla bütün xalqımızı, ailəmizi və digər bölmələrdə xidmət edən silahdaşlarımızı təbrik edirəm. Bu bayramları işğaldan azad edilmiş ərazilərimizdə qeyd etmək daha möhtəşəmdir. Bu xoşbəxt və qürurlu günləri bizə nəsib edən şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların əziz xatirəsi daim bizimlə yaşayır. Onların canı, qanı bahasına qazanılan müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz bu gün bizə əmanətdir. Biz də hərbçilərimizin, qəhrəman şəhidlərimizin xidmət yolunu, igidliyini, mətinliyini özümüzə nümunə bilir, xalqımızın və dövlətimizin güvəncinə layiq olmağa çalışırıq. Bayramlarımız mübarək, əziz xalqımız.
Əsgər Əli Musayev: Hər iki bayram bizim üçün müqəddəsdir və böyük tarixi əhəmiyyətə malikdir. Çünki bayrağımız dövlətimizin və müstəqilliyimizin rəmzidir. Bütün əlamətdar günlərdə, beynəlxalq tədbirlərdə və yarışlarda dövlətimizin uğurlarının simvolu kimi bayrağımız dalğalandırılır. Bayrağımız tarix boyu azadlığımız, ərazi bütövlüyümüz uğrunda haqq savaşına gedənlərin başlarının üstündə olub. Şəhid olanların nəşi də bayrağa bükülərək ailəsinə təhvil verilir. Şəhid atası bayrağımızı öpüb, alnına qoyaraq Vətən sağ olsun deyir. Bu gün şanlı bayrağımız tarixi Zəfərimizin simvolu kimi Qarabağımızın hər yerində dalğalanır. Üçrəngli bayrağımızın Qarabağımızda dalğalanması - bu müqəddəs amal uğrunda illərdir davam edən haqq savaşımızın Böyük Qələbə ilə tamamlanmasının məhz Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etməsi Vətənin, bayrağın, əzəli torpaqlarımız uğrunda döyüşməyin müqəddəslik olduğunun göstəricisidir. Vətənimiz də, bayrağımız da uğrunda can verənlərin bizə əmanətidir. Bu mirası biz də canımız bahasına qoruyub, gələcək nəsillərə ötürməliyik. Hər iki bayram münasibətilə başda şəhidlərimizin ailələri olmaqla, sağlamlığını itirən silahdaşlarımızı, 44 günlük Vətən müharibəsi və digər uğurlu döyüş əməliyyatlarında iştirak edən hər kəsi və bütün xalqımızı təbrik edirəm. Əmin olun ki, biz də qəhrəmanlıq salnaməsi yazanların davamçılarıyıq, Vətənimizi canımız bahasına qorumağa hazırıq.
Əsgər Rəhman Əlibəyov: "Vətənin keşiyəndə dayanan əsgər kimi qürurluyam" sözləri bizim şüarımızdır. Bu ifadə hər birimizin ruhuna hopub, xidmətimizin qayəsinə çevrilib. Ümumiyyətlə, hərbi forma geyinmək, Qalib Azərbaycan Ordusunun əsgəri adını daşımaq qürurludur. Döyüş növbətçiliyi aparan bölmədə xidmət etmək, torpaqlarımızın keşiyində dayanmaq isə ikiqat qürurludur. Biz belə yüksək döyüş ruhunda xidmətimizi uğurla davam etdiririk. Bütün təminatlarımız yüksək səviyyədə təşkil olunur. Rəhbərliyin, komandirlərimizin diqqət və qayğısını hər an hiss edirik.
Bayrağımızın müqəddəsliyindən və Zəfərimizin tarixi mahiyyətindən saatlarla danışmaq olar. Hər iki bayram bir-birilə sıx bağlıdır. İkinci Qarabağ müharibəsi başlayanda məktəbli idim. Özümüz məktəbdə olsaq da, ürəyimiz cəbhədə döyüşənlərin yanında idi. Əlimizdə bayraqlar küçələrdə, parklarda ordumuzun qələbə xəbərlərini böyük coşqu ilə qeyd edirdik. Həm də şəhidlərimizin dəfn mərasimlərində iştirak edirdik. Bir sözlə, həm sevincli, həm də kədərli anlarda bayrağımız həmişə yanımızda olurdu. Həmin günləri heç zaman unutmayacağıq. Artıq o günlərdən 4 il ötüb və bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə üçrəngli Dövlət Bayrağımız vüqarla dalğalanır. Bu, hər birimiz üçün qürur mənbəyidir. Bu tarixi günləri əzəli torpaqlarımızda qeyd etməyin sevinci də başqadır. Hər iki bayram münasibətilə xalqımızı təbrik edirəm. Qalib ordunun qürurlu və rəşadətli əsgəri kimi Vətənimizin keşiyindəyik. Yaşasın, tarixi Zəfərlərimizin memarı Müzəffər Ali Baş Komandan. Azərbaycan Bayrağı hər zaman yüksəklərdə dalğalanacaq!
Əsgər Kənan Abışov: Xalq şairimiz Bəxtiyar Vahabzadənin "Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim" misralarını xatırlayıram. Orta məktəbdə ən sevdiyim şeirlərdən idi. Şair digər misrada qeyd edir ki, tarix boyu zəfər gülləri bayraq işığında bitir. Bu misralardakı reallığı 4 ildir xalqımız bayram kimi qeyd edir. 44 günlük Vətən müharibəsində Böyük Qələbə qazandıq və bayrağımızın kölgəsində Vətən olan torpaqlarımızı işğaldan azad etdik. Bu müqəddəs yolda, haqq savaşımızda şəhid olan soydaşlarımızın ruhları qarşısında baş əyirik, Allahdan onlara rəhmət, sağlamlığını itirən döyüşçülərimizə şəfa diləyirik. Onlar öz igidlikləri, mübarizələri, rəşadətləri ilə biz gənclərə əsrlər boyu nümunə olacaq salnamə yazdılar. Biz fəxr edirik ki, belə qəhrəman xalqın nümayəndələriyik. Fəxr edirik ki, Azərbaycanlıyıq. Əziz xalqımız, cənab Prezidentimiz və şəhid ailələri, bayramınız mübarək. Zəfərin mübarək Azərbaycan, biz sənin keşiyində mətin dayanmışıq, lazım gələrsə canımızı belə verməyə hazırıq.
Əsgər Rahim Seyfullayev: Vətənimiz və bayrağımız hər birimiz üçün müqəddəsdir. Həm Vətənimiz, həm də bayrağımız uğrunda canımızı qurban verməyə hazırıq. Xidmət etdiyimiz bölmədə ikinci Qarabağ müharibəsinin və sonrakı əməliyyatların iştirakçıları var. Asudə vaxtlarda həmin günlərdən danışır, xatirələrini bölüşürlər. Döyüşlərin canlı şahidi olan komandirlərimizdən silahdaşlarımızın döyüş meydanında göstərdikləri igidliyi, şücaəti, fədakarlığı eşitdikcə bir daha azərbaycanlı olmağımızla qürur duyuruq. Onlarla bir sıralarda xidmət etmək, döyüş təcrübələrindən bəhrələnmək bizim üçün şərəfdir. Bu gün Zəfər Günü və Dövlət Bayrağı Günü bayramlarını qələbə ruhunda, təntənə ilə qeyd edirik. Hərbi xidmətə gəlməzdən əvvəl Zəfər Gününü qeyd etmişəm, lakin bu dəfəki tam fərqlidir. Bu bayramı hərbi hissədə, bu tarixi Zəfəri qazananlarla, həmin günlərin sevincini, ağrı-acısını döyüş meydanlarında yaşayanlarla bir arada qeyd etmək fərqli duyğular yaşadır. Onların hər biri biz gənclər üçün nümunədir. Həm xidmətdə, həm də xidmətdən sonrakı həyatımızda. Artıq 4 ildir ki, bütün bayramları qələbə ruhunda qeyd edirik. Cənab Ali Baş Komandanın Azərbaycan Ordusuna göstərdiyi yüksək diqqət və qayğı bizi daha da ruhlandırır. Cənab Prezidentə dərin minnətdarlığımızı bildirir, onun timsalında bütün xalqımızı əlamətdar bayramlar münasibətilə təbrik edirik. 44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbi qulluqçularımızı təbrik edir, onlara deyirik ki, biz vətənpərvərliyi, igidliyi və fədakarlığı sizdən öyrənirik.
Mahmud MÖHBALIYEV,
Elçin İMANOV "Azərbaycan Ordusu"