Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2024 11:53

Bayrağımız - milli varlığımız, qürur mənbəyimiz

Elə bir Vətənini sevən insan tapılmaz ki, o mənsub olduğu dövlətin bayrağını görüb qəlbində qürur hissi keçirməsin. Hər bir azərbaycanlının da qürur yeridir, müstəqil dövlətimizin rəmzi olan üçrəngli bayrağımız.
Bayraq ucalıqdır, milli heysiyyatdır, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikasının Konstitusiya Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir. 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi və bununla da Şərqdə ilk demokratik dövlətin əsası qoyuldu. Bu uzun sürən bir mübarizənin məntiqi sonluğu - əsl qələbə idi. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə demokratik islahatlara başladı. Azərbaycanın üçrəngli bayrağı, gerbi, dövlət himni qəbul olundu. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərara əsasən, Azərbaycan bayrağı qırmızı materialdan, üzərində ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi hazırlanmalı idi. Qırmızı rəng qanlar bahasına alınmış Azadlığın, Hürriyyətin anlamı idi. Bu qərar qəbul edilərkən Azərbaycan Xalq Cümhuriyyəti Gəncə şəhərində yerləşirdi. Cümhuriyyət Bakıda fəaliyyətə başlayandan az sonra isə hökümətin bayraq haqqında ikinci qərarı qəbul edildi. 9 noyabr 1918-ci il tarixli "Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları" qovluğunda Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi və qəbul olunmuş qərar yer alıb: "Qərara alındı - yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq - milli bayraq hesab edilsin".
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız da endirildi. Bir də 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti Dövlət Bayrağı haqqında qanun qəbul edərkən, üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət Bayrağı status verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.
Ulu Öndərin ölkəmizin müasir inkişafı ilə bağlı irəli sürdüyü prinsiplər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun şəkildə yüksək dinamizmlə yerinə yetirilir. Azərbaycançılıq məfkurəsinin ardıcıl siyasi xətt kimi qorunmasına da xüsusi həssaslıqla yanaşır. Bu məfkurəni müasir şəraitdə daha da  inkişaf etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında tarixi sərəncamlar imzaladı. Xalqımız hər il noyabrın 9-da Dövlət Bayrağı Gününü təntənəli qeyd edir. 2007-ci il dekabrın 30-da paytaxtın Bayıl qəsəbəsində dənizdən bir qədər aralıdakı təpəlikdə dövlətimizin başçısı cənab İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyuldu.
Vaxtilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılışında söylədiyi nitq ölkəmizin uğurlu inkişafını özündə əks etdirirdi. Belə bir nadir  bayraq meydanının yaradılmasını sözün tam mənasında, bizim milli qürurumuz, Azərbaycanın hərtərəfli tərəqqisinin sübutu, təsdiqi kimi dəyərləndirən dövlət başçısı vurğulayırdı: "Dövlət Bayrağı Meydanı ölkəmizin mədəniyyət və siyasi mərkəzinə çevriləcək, bura baş çəkən hər kəs Azərbaycanın nəyə qadir olduğunun dərk edəcəkdir".
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun düşmən üzərində parlaq qələbəsiylə başa çatdı. 30 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələrinin işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Müzəffər Ali Baş Komandan Azərbaycanın Dövlət Bayrağını düşmən işğalından azad edilmiş şəhər və rayonlarında ucaltdı. Bu gün Dövlət Bayrağımız işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla, əzəmətlə dalğalanır.

Bayraqları bayraq edən üstündəki qandır,

Torpaq, uğrunda ölən varsa, Vətəndir!

Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, müstəqillik və azadlığın dərin hislərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan  bayrağımız uğrunda canlarını qurban verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizi bu müqəddəs bayraq altında birliyə, həmrəyliyə, Vətənimizin müdafiəsində əzmlə dayanmağa və onu yadelli işğalçılardan qorumağa səsləyir.  

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"