Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2024 20:02

“O vaxtdan hərbçi olmağı qərara almışdım”

Vətən vətənpərvər oğullara görə Vətəndir. Vətən deyəndə ilk yadımıza düşən onun ərazi bütövlüyü olur. Vətənimizin ərazi bütövlüyünə qarşı erməni işğalı 30 ilə qədər davam etsə də, Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi.
Yadellilərin doğma torpaqlarımıza zaman-zaman hücumları olub. Ötən əsrin əvvəllərindən isə Ermənistan havadarlarının siyasi və hərbi dəstəyi ilə Azərbaycanın ərazilərinə qarşı işğalçılıq siyasəti yürütdü. Mənfur qonşularımız Qarabağımıza göz dikdilər. Müharibənin ilk illərində məlum səbəblərdən məğlubiyyətimiz qaçılmaz oldu. Lakin xalqın gələcəyə olan inamı itmədi. Düşmənin işğal etdiyi əraziləri gec-tez azad etmək üçün mübarizədən bir addım belə geri durmadı. Xalqla dövlətin sarsılmaz birliyi bunu özlüyündə bir daha ehtiva etdi. 27 sentyabr 2020-ci ildə başlanan əks-hücum əməliyyatı 30 ilə yaxın davam etmiş erməni işğalının sonunun başlanğıcı idi. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin döyüş əməliyyatlarına rəhbərlik etməsi xalqda qələbəyə böyük ümid yaratdı. Qısa müddətdə ordumuzun bölmələri düşmənin möhkəmləndirilmiş mühəndis-istehkam xəttini yarıb əks-hücumu davam etdirdi. Bu döyüşlərə minlərlə döyüşçümüz cəlb olunmuşdu. Onların arasında ayrı-ayrı cəbhələrdə döyüşən ata və oğullar da var idi. İlham və oğlu Muraz kimi.
Baş çavuş İlham Cabbarov ucaboy, qaraşın, səmimi birisidir. Zabit Ramin Muradov dedi ki, İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcər uğrunda gedən döyüşlərdə fəal iştirak edib. “Oğlu Muraz həmin vaxt əsgər olub. Muraz isə xidmət etdiyi hərbi hissənin tərkibində Cəbrayıl və Füzuli istiqamətində döyüşüb. Onun cəsur döyüşçü olduğunu silahdaşları da söyləyirlər. Lakin Cəbrayıl şəhərinin ətrafında gedən döyüşlərdə Muraz düşmən gülləsindən yayına bilməyib, şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra  3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib”.
Zabit baş çavuş İlham Cabbarov haqqında qeyd etdi ki, o, hazırda hamam-camaşırxana rəisi vəzifəsində xidmətini davam etdirir. Onun xidmətə necə məsuliyyətlə yanaşdığını şəxsi intizamında da görmək olur. Şəxsi heyətin vaxtlı-vaxtında yuyunması, yataq ağlarının və geyimlərinin yuyulub ütülənməsi və bu sahədə hər hansı bir nöqsanın olmaması baş çavuşun xidmətə düzgün yanaşmasından irəli gəlir.
İlham Cabbarov Daşkəsən rayonunun Zağalı kəndində doğulub boya-başa çatıb. O, müddətli həqiqi hərbi xidmətini cəbhə bölgəsində, düşmənlə təmas xəttində keçirib. Onun doğulduğu rayon da döyüş bölgəsində yerləşirdi. Birinci Qarabağ müharibəsinin odu-alovu bu yerlərdən də yan keçməyib. İlham həmin illəri belə xatırlayır: - Orta məktəbdə oxuyurdum. Qonşu Kəlbəcər rayonunu ermənilər işğal edəndən sonra bizim də kəndlərimizi atəşə tutdular. Əhali həyəcan, təşviş içində idi. Buna baxmayaraq, yenə onlar evlərini tərk etmədilər. Ermənilər kəndlərimizi tez-tez artilleriya atəşinə məruz qoyurdular. O zaman hərbi xidmətə yaşım çatmadığı üçün könüllü döyüşə də göndərmirdilər. O vaxtdan hərbçi olacağıma qərar vermişdim. Heç vaxt naümid olmamışam, torpaqlarımızın azad ediləcəyi günü həmişə gözləyirdim.  Müharibə başlayanda mən Kəlbəcər istiqamətində, oğlum Muraz isə cəbhənin digər istiqamətində döyüşürdü. Komandirləri və döyüşçü yoldaşları onun necə bacarıqlı, vətənpərvər döyüşçü olduğunu deyirdilər. Şəhidlərin sayəsində bu gün Vətənimizin ərazi bütövlüyü bərpa olunub.
Şəhid atası baş çavuş İlham Cabbarov dedi ki, hamam-camaşırxanada əsgərlər üçün dərzi, ütü, bərbər xidmətləri də göstərilir. “Burada ən müasir avadanlıqlar quraşdırılıb. Bacarıqlı, öz işinə ürəkdən bağlı olan operatorlarımız var. Onlar camaşırxanadakı ən yeni avadanlıqlardan düzgün istifadə etməklə hərbi hissədə şəxsi heyətin geyim və yataq ləvazimatlarının vaxtlı-vaxtında yuyulmasını təmin edirlər”.
Baş çavuş İlham Cabbarovun rəhbərlik etdiyi hamam-camaşırxanada çalışan kollektivin işgüzarlığı və bacarıqları ilə komandanlığın rəğbətini qazandığı hiss olunurdu.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"