Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2024 20:02

“Vətən candan şirindir”

Vətən sevgisi insanın ruhuna hopan, onu yaşadan müqəddəslikdir. Vətənpərvərlik yalnız doğulduğun torpağı sevmək deyil, lazım olduqda onun üçün hər cür fədakarlıq etməkdir. Mayor Elvin Həşimov da ömrünü bu şərəfli missiyaya, Vətən torpaqlarını qorumağa həsr edib. Gənc yaşlarından hərb sənətini həyat yolu seçən zabit iradəsi və əzmi ilə zabit peşəsini həm də bir şərəf və məsuliyyət kimi qəbul edib.
1986-cı il oktyabrın 17-də Göyçayda dünyaya göz açan Elvin Həşimovun seçdiyi yol çətin, lakin qürurludur. Bu, həm də məsuliyyətli yoldur. Onun döyüşlərdə göstərdiyi igidliklər həm xarakterinin, həm də təhsil illərində qazandığı bilik və bacarıqlarının nəticəsiydi. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) aldığı təhsil onu püxtələşdirmişdi. 2016-cı ilin Aprel döyüşlərində də iştirak etdi, Vətən müharibəsində də. O, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcərin azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçısı oldu. Mayor Elvin Həşimov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Mayor E.Həşimov hərbi xidməti haqqında dedi: "Mənim üçün hərbi xidmət sadəcə bir peşə deyil, həyatımın ayrılmaz hissəsidir. Vətənə xidmət etmək uşaqlıqdan arzuladığım və sonradan şərəflə icra etdiyim peşə oldu. Biz hərbçilər üçün Vətən sevgisi həm də əməldə sübut edilməli olan bir amaldır. Bu yolda yaşanan hər bir çətinlik mənim üçün qürurdur".
Mayor Elvin Həşimov Vətən müharibəsindən də danışdı: "O döyüşlər mənim və silahdaşlarımın yaddaşından silinməyəcək. 44 günlük Vətən müharibəsi işğalda qalmış torpaqlarımızın azadlığının nişanəsi idi. Hər döyüşdə xalqımızın və tariximizin bizə verdiyi məsuliyyəti hiss edirdik. Vətən yolunda yaşamaq da, şəhid olmaq da  şərəfdir. Bu torpaqların uğrunda döyüşmək hər birimizin ən müqəddəs borcudur. Fəxr edirəm ki, Vətənə xidmət edirəm. Torpaqlarımızın azad olunması və suverenliyimizin tam bərpa olunması bizim üçün ən böyük mükafatdır".
Vətən müharibəsində zəfərlər qazanan mayor Elvin Həşimov kimi hərbi qulluqçuların sayəsində ölkəmizin hərbi qüdrəti güclənir, Vətənimizdə sülh və əmin-amanlıq təmin edilir. Əminliklə deyə bilirik ki, Azərbaycan bayrağı hər zaman bütün ərazilərimizdə daim əzəmətlə dalğalanacaqdır.

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"