Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar sayəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da yüksək inkişaf nümunələrinə hər addımda rast gəlirik. Bu gün dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində regionda öz sözünü demiş, müasir silah və texnika ilə təmin olunmuş, dünyanın ən güclü orduları sırasında 29-cu yerdə qərarlaşmış qüdrətli Azərbaycan Ordusu formalaşıb. Həmin ordu ki, Vətən müharibəsində və Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatında qarşıya qoyulmuş tapşırıqları uğurla icra edərək ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyini tam bərpa etdi.
Rəşadətli ordumuzun şücaəti nəticəsində bu gün işğaldan azad edilmiş əzəli torpaqlarımızda artıq infrastruktur layihələri, tikinti-quruculuq işləri həyata keçirilir. Hərbçilərimizin qəhrəmanlığı, şəhidlərimizin canı-qanı bahasına azad olunmuş yurd yerlərimizə həyat yenidən qayıdır. Lakin müharibənin bitməsinə baxmayaraq ərazi bütövlüyümüzün və suverenliyimizin qarantı olan Azərbaycan Ordusu gücünü, peşəkarlıq səviyyəsini və döyüş hazırlığını durmadan artırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında dediyi kimi: "Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik".
Ordumuzun bütün bölmələri kimi, tank bölmələrinin şəxsi heyəti də öz bilik və bacarığını, texnikadan istifadəetmə vərdişini durmadan təkmilləşdirir.
"N" hərbi hissəsində baş leytenant Nahid Hüseynov ilə həmsöhbət olduq. Əslən Cəlilabad rayonundan olan zabit 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirərək "N" hərbi hissəsində xidmətə başlayıb. O, həm 44 günlük Vətən müharibəsində, həm də ötən ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatında iştirak edib.
“Necə oldu ki, hərbçi olmaq qərarına gəldin?” sualına zabit cavabında dedi ki, ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər, torpaqlarımızın işğalda olması, xalqımızın müharibə ilə bağlı ağrılı-acılı xatirələri onun peşə seçiminə təsir edib. "Seçdiyim peşədən hər zaman qürur duymuşam. Çünki biz müqəddəs vəzifə yerinə yetirən Vətənin qoruyucularıyıq. Hərbçi olmaq qürurludur, tankçı olmaq şərəfdir".
Hərbi qulluqçumuz komandiri olduğu bölmənin müharibənin başa çatmasına baxmayaraq bu gün də öz bilik və bacarığını artırdığını, təhkim olunan texnikanın sirlərinə dərindən yiyələndiyini qeyd etdi. "Bilirik ki, döyüşdə əsas texnikalardan biri də tankdır. Tank bölmələri düşmənin müdafiə xəttini yararaq yüksək templə hücum etmək, güclü müdafiə mövqeyi qurma və qətiyyətli əks-hücum əməliyyatı həyata keçirmə imkanlarına malik olmağa böyük dəstəkdir. İştirakçısı olduğum Vətən müharibəsində və antiterror əməliyyatında bunun canlı şahidi oldum. Mütəmadi olaraq keçirilən dərs, məşğələ və təlimlərdə qazandığımız təcrübə sayəsində komandanlıq tərəfindən qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəldik, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü tam bərpa etdik. Bu gün tarixi ədalətin bərpa edilməsində bir övlad, bir vətəndaş, bir hərbçi kimi iştirak etdiyimə görə fəxr edirəm", - deyə zabit bildirdi.
Digər həmsöhbətlərim Elvin Hüseynov və Elmir Qandayev bildirdilər ki, döyüşdə uğur qazanmaq üçün hər bir tankçı hərbi texnikanın sirlərini mükəmməl bilməli, onu həmişə döyüşə hazır vəziyyətdə saxlamalı, texniki vəziyyətini daima yoxlamalı, hər an çıxışa hazır olub-olmadığını diqqətlə nəzərdən keçirməlidir. Onlar qeyd etdilər ki, döyüş hazırlığı dərslərində, taktiki məşğələlərdə, təlimlərdə iştirak edərək təcrübələrini təkmilləşdirir, peşəkarlıqlarını artırırlar. "Məşğələlərdə silahlarla atəşaparma qaydalarını, hədəflərin müşahidəsi və məsafələrin təyin edilməsini, maskalanma, mühəndis maneələrinin dəf edilməsi, eləcə də digər fəaliyyətlər üzrə çalışmaları yerinə yetirərək praktiki vərdişlərimizi gündən-günə təkmilləşdiririk".
Tankçılarımızla söhbətdən xoş təəssüratlarla ayrıldıq. Əminik ki, "dəmir atlı" cəngavərlərimiz bundan sonra da qarşıya qoyulan bütün tapşırıqları iştirakçısı olduqları döyüş əməliyyatlarında olduğu kimi uğurla yerinə yetirmək əzmindədirlər.
Elçin İMANOV
"Azərbaycan Ordusu"