- İşğaldan azad edilmiş torpaqlarımızda xidmət etmək qürurvericidir, - çavuş Anar Həsənov dedi. Ağdam rayonu ermənilər tərəfindən işğal ediləndə Anarın 11 yaşı vardı. Birinci Qarabağ müharibəsi illəri onun yaddaşında ağrı-acıları ilə qalıb. Erməni vandalizmi işğal etdikləri bütün yaşayış məskənlərini viran etdikləri kimi, Anargilin də evlərini yerlə bərabər edib. Minlərlə soydaşımız kimi, Anargilin də ailəsi illərlə zəhmət çəkib ərsəyə gətirdiyi ev-eşiyi tərk edərək çadırlarda yaşamağa məcbur qalıb. Elə həmin günlərdən evlərinə tezliklə qayıdacaqlarına ümidləri heç vaxt itməyib. Amma onların doğma yurdlarına qayıdacaqları gün 28 ildən sonra gerçəkləşdi.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Anar Həsənov on ildən artıqdır ki, sürücü vəzifəsində xidmət edir. Bacarıqlı və təcrübəli sürücü olduğu üçün hərbi hissədə hər kəs onu tanıyır. Kapitan Əmrah Nəsibli dedi ki, çavuş A.Həsənova hərbi nəqliyyat vasitəsi həvalə olunub. “Anar həm bacarıqlı sürücü kimi, həm də ona təhkim edilən avtomobili daim saz, işlək vəziyyətdə saxladığı üçün komandanlığın da rəğbətini qazanıb”.
Çavuş Həsənovla hərbi hissənin avtomobil parkında görüşdük. Həmişə olduğu kimi, səfərə çıxmazdan əvvəl avtomobilin sazlığını yoxlayır, nasazlığını aradan qaldırırdı. Sürücü dedi: - Hələ kiçik yaşlarımdan avtomobilə böyük həvəsim olub. Atam da sürücü olub. İdarə etməyi də, avtomobilə vaxtlı-vaxtında texniki qulluq göstərməyi də atam öyrədib. Avtomobildə xırda bir nasazlıq səni yolda qoya bilər. Buna görə də həmişə idarə etdiyim maşını yola çıxmazdan əvvəl ciddi yoxlayıram. Sazlığına tam əmin olandan sonra yola düşürəm. Avtomobil parkında sürücü yoldaşlarım da var, onlara da həmişə idarə etdikləri texnikalara lazımi qulluq göstərmələrini məsləhət görürəm və bir çox hallarda avtomobillərin təmirində də onlara köməklik edirəm.
“Erməni işğalında qalmış torpaqlarımızı azad etmək üçün ön cəbhənin təminatı yüksək səviyyədə olmalı, bunun üçün də arxa cəbhə daha operativ fəaliyyət göstərməli idi. Burada biz sürücülərin üzərinə də məsuliyyət düşürdü. Döyüşlər zamanı olduğu kimi, həmişə çalışıram ki, verilən tapşırıqları vaxtında icra edim. Bu gün işğaldan azad edilmiş ərazilərdə xidmətimi davam etdirməkdən qürur duyuram”, - deyə Anar Həsənov bildirdi.
Döyüş əməliyyatlarında iştirakına gəlincə, Anar həm Aprel döyüşlərində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror əməliyyatında iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Ağdamın azad olunmasına görə" medalı ilə də təltif olunub.
Çavuş A.Həsənov həm də əsgər atasıdır. Oğlu Ayxan hazırda ordu sıralarında hərbi xidmətini uğurla davam etdirir. O da atası kimi Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirəcəyini qarşısına məqsəd qoyub.
Anar yol vərəqəsini götürüb avtomobilin sazlığını nəzərdən keçirərək park növbətçisinin və texniki nəzarət məntəqəsi rəisinin razılığından sonra yola düşdü. Bu onun gündəlik həyat fəaliyyətidir. Xidməti vəzifəsini vaxtında, dəqiq yerinə yetirmək onun başlıca vəzifəsidir. O, avtomobil parkından çıxmağa tələsir. Çünki onu gündəlik həyat fəaliyyətini təmin edən tapşırıqların icrası gözləyirdi...
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"