Mən anayam. Bu adın müqəddəsliyini anamın öyüdlərindən, nəsihətlərindən dərk etmişəm. Onun hər öyüdünü, hər nəsihətini yaddaşımda saxlamışam. O illərdə Ermənistanın ölkəmizə qarşı apardığı müharibə qızların, anaların ürəyini daşlaşdırmadı, Vətənə sevgisini, ordusuna sevgisini, əsgərinə sevgisini daha da artırdı. Biz də qələbələrə görə sevinirdik, şəhidlərə görə qəhərlənirdik. Biz də inanırdıq ki, ordumuz torpaqlarımızı işğaldan azad edəcək. O günü biz də səbirsizliklə gözləyirdik...
Kəndimizin yolları ötən müharibədə də çox qadalar görmüşdü, analar yüzlərlə şəhidin qarşısına bu yollarla yüyürərdilər. Vətən müharibəsində bu yollar döyüşə gedənlərə uğur yolu oldu, dönüşlərində - Zəfər yolu....
Noyabrın 9-da dan yeri söküləndən yola çıxmışdıq. Döyüşdən qayıdanlarımızı qardaş əvəzi, oğul əvəzi bağrımıza basmaq üçün.
Mən də bir ana kimi doğma yurdundan qaçqın düşən anaların sıxıntılarını öz sıxıntılarım bilirdim. Ermənilərin törətdiyi vəhşilikləri hamı kimi mən də unutmurdum, indi də unutmamışam.
Sonralar oğul bildiyim əsgərlərimizə xidmət etməyi özümə borc bildim. İşləmək məqsədilə hərbi hissəyə müraciət etdik. İstəyimi yerinə yetirdilər. Əlimdən dərzilik gəlirdi, mülki həyatda dərziliyin sirlərinə bələd idim. Məni hərbi hissəyə dərzi götürdülər. 5 ildi işləyirəm. Həm də işimi sevə-sevə işləyirəm. Zabitlər də, əsgərlər də işimdən razıdırlar. Bu razılığa görə öz işimdən özüm də razıyam. Əsgərlərimizin sökülən, yırtılan paltarlarını tikirəm, gen olan paltarlarını təlimata uyğun şəkildə əyinlərinə uyğunlaşdırıram. Bəzən müraciət edənə ana məsləhətləri də verirəm. Onlar məsləhətimi eşidirlər, onda mən də şükranlıqla əsgərlərin nizami yerişinə baxıram. Əsgərlərin hamısını səliqəli görəndə elə sevinirəm ki, elə bilirəm bu sayda oğlum belə səliqəli, belə qıvraq geyinir...
Mənim də oğlum hərbi qulluqçudur. Bununla da qürurlanıram. İnanıram ki, mənim oğluma da xidmət etdiyi hərbi hissədə belə xidmət edirlər, belə qayğı göstərirlər.
Vətən müharibəsindən sonra ordumuz daha da gücləndi, yeni hərbi hissələr tikilib istifadəyə verildi. Bu da qalib ordumuza, qalib hərbi qulluqçularımıza dövlət qayğısıdır. Onlar daha rahat, daha yüksək məişət şəraitinə malik olan hərbi hissələrdə xidmət edirlər. Mən də belə bir hərbi hissədə işləyirəm. Hər səhər işə gələndə gözucu əsgərlərimizə baxıram. Ondan sonra arxayınlıqla iş otağıma gedirəm.
Mənə müraciət edən olanda da sevinirəm - ona ana qayğısı göstərəcəyimə görə, müraciət edilməyəndə də - əsgərlərimizin səliqəli geyindiyinə görə...
Vətən müharibəsi vaxtı buradan döyüşlərə gedən maşınları, döyüş maşınlarını, döyüşçüləri, "Təcili yardım"ları görəndə ürəyim çəkilsə də, onları ana sevgisi ilə uğurlayırdım. İnanırdım ki, qalib gələcəklər, əsgər kimi getdikləri yolla qalib döyüşçü kimi qayıdacaqlar. Kəndimizin bütün anaları mənim kimi düşünürdülər...
Hərbi hissəmizdə hamı etiraf edir ki, səliqəli geyim əsgərin yaraşığıdı...
Zeynəb ƏHMƏDOVA
“N” hərbi hissəsi,
foto
Namiq PƏNAHOVUNDUR