Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2024 11:42

Vətən sevgisinin işığı

İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi ilə nəticələndi. Bu müharibə son yüz ilin tarixi müharibələrindən biri oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionda status-kvonu saxlamağa çalışan, sülh danışıqlarından yayınan Ermənistana müharibəyə qədər xatırlatmışdı ki, Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz. Bu xəbərdarlıq Ermənistanın xarici siyasətində dünyəvi dəyişiklik yaratmalı və onu işğalçılıqdan çəkindirməli idi. Belə olmadı. Havadarlarından siyasi və hərbi dəstək alan Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycan ərazilərinə müxtəlif miqyaslı hücumlarını davam etdirirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların, təxribatların qarşısını qətiyyətlə alırdı. Bəzən döyüşlərdə şəhidlərimiz də olurdu.
2020-ci il sentyabrın 27-də irimiqyaslı təxribatlar törətmək məqsədilə Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinə yenə hücuma keçdi, hücumun qarşısı yenə qətiyyətlə alındı. Ali Baş Komandanın döyüş əmri ilə ordu hissələrimiz əks-hücuma keçdi. Bu əmr xalqımızın gözlədiyi əmr idi. Vətən müharibəsi başladı. Döyüşən ordumuz düşmənin yaratdığı mühəndis-istehkam sədlərini dağıtdı, döyüşə-döyüşə irəlilədi. Müharibənin ilk günü bir neçə yaşayış məntəqəsi işğaldan azad edildi. Bu qələbələr ilkin qələbələr idi. Ordumuz döyüşə-döyüşə daha böyük qələbələr qazanırdı.
Onda mən Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsinin tələbəsi idim. Tələbə yoldaşlarımla döyüşlərə getməyi qərara aldıq. Dedilər ki, tələbələri aparmırıq. Müharibəni televiziyadan izləyirdik. Azərbaycan Respublikası Prezidentinin xalqa müraciətləri bizim də gündəlik cəbhə xəbərlərimizi ümumiləşdirirdi.
Oktyabrın əvvəllərində biz dərsdən çıxan vaxtlarda universitetə yaxın məhəllələrin birinə şəhid gətirmişdilər. Qrup yoldaşlarımızla tanımadığımız şəhidin dəfnində iştirak etdik. Onda bir daha əmin olduq ki, Vətən üçün yaşanılan ömür əbədiyyət ömrüdü.
Ordumuz qətiyyətlə, mərdliklə döyüşürdü. Döyüş azca səngiyəndə döyüşçü Xudayar Yusifzadənin oxuduğu mahnı eşidənlərin hamısının könlünə yatmışdı. Bir neçə gündən sonra igid döyüşçünün şəhid olması hamını qəhərləndirdi. Müharibə həm ağrılarıyla, həm də qüruruyla yaddaşlarda qalırdı...
Noyabrın 8-də Şuşa işğaldan azad edildi, noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, torpaqlarımız işğaldan azad edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Anım Günü təsis edildi. Mən də, əsgər yoldaşlarım da şəhidlərimizi ehtiramla yad edirik. Anım Günü gələcək nəsillər üçün Vətəni necə sevməyin işığına dönəcək...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dedikləri bizim də düşüncələrimizə hopub: "Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib".


Fərid HƏSƏNOV

"N" hərbi hissəsi,

foto

Namiq PƏNAHOVUNDUR