Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2024 11:42

“Fiziki hazırlıq güclü ordu üçün əsas şərtdir”

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə bütün sahələrdə olduğu kimi idman səhəsində də kökündən dəyişikliklər oldu. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet məsələlərindən birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu.
Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı idmançıları daim yeni qələbələrə səsləyir.
Heç şübhəsiz, hərbi xidmət dövründə də ən önəmli məqamlardan biri şəxsi heyətin sağlamlığıdır. "İdman sağlamlıqdır!" devizi altında idmanla məşğul olmaq hərbi qulluqçularımızın fiziki dözümlülüyünü və hazırlığını gücləndirir, onların hərbi tapşırıqları daha yüksək səviyyədə yerinə yetirməsinə imkan verir. Hərbi hissələrdə keçirilən fiziki hazırlıq dərsləri və yarışlar şəxsi heyətin döyüş qabiliyyətini artırır, onları fiziki və mənəvi cəhətdən möhkəmləndirir.
"N" hərbi hissəsində əsgərlər məşğələ rəhbərinin nəzarəti altında idmanla məşğul olurdular. Onlar çalışmanın şərtlərinə uyğun idman hərəkətlərini nizamla yerinə yetirirdilər. Şəxsi heyətin hərəkətləri böyük həvəslə və sinxron şəkildə icra etməsi göz oxşayırdı. Məşğələ rəhbəri Arif Niftəliyev orduda idmana ayrılan diqqətin əsgərlərin hazırlığında nə qədər vacib olduğunu və bu sahədə tətbiq olunan məşğələlərin şəxsi heyətin dözümlülüyünü və çevikliyini artırdığını vurğuladı: "Bizim əsas məqsədimiz orduda fiziki hazırlığın yüksək səviyyədə olmasını təmin etməkdir. İdman məşğələləri əsgərlərə fiziki güc qazandırmaqla yanaşı, onların ruh yüksəkliyini, gücünü artırır. Biz burada əsgərlərimizin həm sağlam, həm də intizamlı olmasını təmin edirik".
Şəmkir rayonundan olan əsgər Hüseyn Allahverdiyev sərbəst güləş üzrə birinci dərəcəli idmançıdır. Hərbi xidmət dövründə də fiziki hazırlığını yüksək səviyyədə qoruyub saxlayır. Hüseyn ordudakı idman məşqlərinin əhəmiyyətini vurğulayaraq bildirdi: "İdman mənim üçün yalnız fiziki hazırlıq deyil, həm də mənəvi güc mənbəyidir. İdmanla məşğul olmaq həm özümə, həm də xidmət yoldaşlarıma daha dözümlü, fiziki cəhətdən daha güclü olmaq üçün əlavə motivasiya verir. Fiziki hazırlıq məşqləri həm də verilən tapşırıqları daha yüksək səviyyədə icra etməyə imkan yaradır".
Bakı Slavyan Universitetinin məzunu, 2019-cu ildə keçirilən yeniyetmələr arasında şəhər çempionatının qalibi əsgər Böyükağa Qasımov qeyd etdi ki, hərbi hissədə keçirilən idman məşqləri şəxsi heyətin komandada birlik ruhunu artırır: "Burada hər kəs bir-birini dəstəkləyir, hərəkətləri düzgün yerinə yetirmək üçün onlar arasında həmrəylik yaranır. Vətənimizi qorumaq üçün fiziki hazırlığımızın vacibliyini başa düşürük və keçdiyimiz məşqlər bu missiyamızı daha güclü şəkildə yerinə yetirməyimizə yardım edir".
Boks üzrə 1-ci dərəcəli idmançı əsgər Habil Məmmədov bildirdi ki, 2020-ci ildə 51 kq çəki dərəcəsində Avropa ikincisi olub. "Hərbi xidmətdə idmanın əhəmiyyətini bir daha dərk edirəm. Boks mənə dözümlülük, səbir və özünəinam kimi xüsusiyyətləri qazandırıb. Orduda da bu bacarıqlarımı daha da inkişaf etdirirəm. Hər gün keçdiyimiz idman məşqləri döyüş ruhumuzu yüksəldir".
Əsgər Nüsrət Fərəcli də uşaq yaşlarından idmana maraq göstərən, hərbi xidmət dövründə də bu vərdişini davam etdirən əsgərlərimizdəndir. O, orduda idmana verilən önəmdən və bunun əsgərlər üçün nə qədər faydalı olduğundan söz açdı: "Orduda idmana bu qədər diqqətin ayrılması bizim üçün həm sağlamlıq, həm də böyük dəstəkdir. Hər gün keçirilən fiziki məşqlər dözümlülüyümüzü artırır, gücümüzü və çevikliyimizi inkişaf etdirir. Bu məşqlər sayəsində hərbi tapşırıqları daha yaxşı yerinə yetirir, özümüzə olan inamı artırırıq. İdmanın mənə qazandırdığı dözümlülük və iradə hərbi xidmətim dövründə daha da möhkəmlənir".
Heç şübhəsiz, hərbi xidmət zamanı əsgərlərin əldə etdiyi fiziki və mənəvi güc onların gələcəkdə daha da böyük uğurlar qazanmasına imkan verəcək.

Eltun MƏMMƏDOV,

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"