Azərbaycan Ordusunda hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi, onların peşəkarlığının artırılması daim rəhbərliyin diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, ordumuz gündən-günə güclənir. Bu günlərdə "U.S. News and World Report" jurnalında dərc olunan ən güclü orduların reytinqi cədvəlinə əsasən, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında 29-cu yerdədir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbələr, hərbi arsenalımızın yenilənməsi, daha müasir tələblərə cavab verən silah-sursatın alınması, eləcə də ordumuzun peşəkar hərbçilər ilə komplektləşdirilməsi Azərbaycan Ordusunu güclülər sırasına yüksəldən səbəblərdən biridir. Hərbçilərimiz mütəmadi olaraq ölkə daxilində və xaricdə keçirilən müxtəlif təlim və kurslara cəlb edilirlər. Bu da öz növbəsində onların peşəkar hərbçi kimi formalaşmasına kömək edir.
Azərbaycan Ordusunu ölkə xaricində layiqli təmsil edən hərbçilərimizdən biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Zaur Məmmədovdur. Çin Xalq Respublikasının Xiaogan şəhərində təşkil olunan "Jumpmaster and pathfinder (Paraşütlə atılma və yönləndirmə)" kursunu müvəffəqiyyətlə bitirib.
"Bu kurs mənə yalnız fiziki cəhətdən güclənmək deyil, eyni zamanda, komanda işi və strateji düşüncə bacarıqlarımı inkişaf etdirmək imkanı da verdi", - deyən baş çavuş Z.Məmmədov söhbətə başladı. "Çin Xalq Respublikasının Xiaogan şəhərində yerləşən Çin Paraşütçü Təlim Mərkəzində "Jumpmaster and pathfinder" kursu dünyanın ən qabaqcıl paraşütçü təlim proqramlarından biridir. Kursda iştirakçılara paraşütlə atılma əməliyyatlarında rəhbərlik etmə, hava ilə atılan yüklərin düzgün yerə yönləndirilməsi və axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsi üzrə təlim keçirilir. Kursda iştirak edərək praktik atlamalar, kiçik yüklərin hava ilə atılması və yer-hava komanda və yönləndirmə mövzularında biliklərimizi, paraşüt atlamalarının koordinasiyası və müvafiq ərazilərdə təhlükəsiz əməliyyatlar aparma bacarıqlarımızı inkişaf etdirdik".
Söhbət əsnasında öyrəndim ki, bu, baş çavuş Z.Məmmədovun xaricdə iştirak etdiyi ilk kurs deyil. Bundan əvvəl o, Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən "Paraşüt təməl kursu"nu da ikinciliklə bitirib. "Məlumdur ki, dünyada bütün sahələrdə olduğu kimi, hərbi sahə də gündən-günə yenilənir və yeni tələblər meydana çıxır. Mütəmadi olaraq yeni silah və texnikalar ordumuzun arsenalına əlavə edilir. Hərbi əməkdaşlıq çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən təlimlərdə iştirak edən şəxsi heyət müasir dövrün tələblərinə uyğun olaraq yeni hərbi biliklərə yiyələnirlər. Çin Xalq Respublikasında keçirilən bu kurs da digər ölkələrin hərbi təcrübəsindən yararlanmağımız, həmçinin 44 günlük Vətən müharibəsi zamanı qazanılan təcrübənin iştirakçı ölkələrin hərbçiləri ilə bölüşməyimiz üçün mühüm vasitə oldu. Burada Qazaxıstan, Tacikistan, Misir, Nigeriya və digər ölkələrin hərbçiləri ilə qarşılıqlı əlaqədə müxtəlif epizodlardan ibarət tapşırıqların icrasında iştirak etdik. Uğurlarımız bundan sonra da davam edəcək. Üçrəngli bayrağımızı bundan sonra da qürurla dalğalandırmaqla komandanlığın və xalqımızın bizə olan etimadını layiqincə doğruldacağıq", - deyə baş çavuş Z.Məmmədov bildirdi.
Sonda hərbçimizi kursu müvəffəqiyyətlə bitirməsi münasibətilə təbrik edib, ona gələcək xidmətində uğurlar arzuladıq.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"