Azərbaycan bəşəri dövlət kimi dünyəvi proseslərdən kənarda qalmır, daha qlobal məsələlərdə təşəbbüskar da olur ki, bu da dünyanı düşündürən problemlərin həlli baxımından əhəmiyyətli olur. 2023-cü ilin 25 dekabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması haqqında Sərəncam imzaladı. Bu Sərəncam vətəndaşlıq məsuliyyəti ilə, digər dövlətlərdə böyük ehtiramlarla qarşılandı. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun, Naxçıvanın yaşıl enerji zonası elan edilməsi də bu baxımdan əhəmiyyətlidir.
Azərbaycanda noyabr ayında yüksək məsuliyyətli, genişmiqyaslı bir tədbir də keçiriləcək - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29). Dünya miqyaslı prosesin yaratdığı narahatlığın həllinə yönəldilmiş bu beynəlxalq konfrans ərəfəsində Azərbaycanda genişmiqyaslı ağacəkmə aksiyası keçirilir. Bu aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədi daşıyır.
Hər aksiyanın məqsədi olur. Bu tədbirin başlıca məqsədi ağac əkməklə məhdudlaşmır, aksiya həm də respublikamızda ekoloji tarazlığın möhkəmləndirilməsində iştirak etmək, ətraf mühiti daha etibarlı vasitələrlə qorumaq, Azərbaycanda keçirilən və keçiriləcək ekoloji yönümlü tədbirlərin iştirakçısı olmaq, mütəxəssislərin dediyi kimi, ekoloji maarifləndirmə vasitəsi ilə gənclərin və yeniyetmələrin düşüncələrində yaşıl dünyanın modelini yaratmaq, bu modelin gerçəkliyə çevrilməsini tezləşdirmək və s. bu kimi gərəkli niyyətlərdir.
"Yaşıl dünya naminə həmrəylik ili" devizi altında keçirilən ağacəkmə aksiyası respublika miqyaslı tədbir olduğu üçün bütün rayonları əhatələyib. Bəşəri niyyətli bu tədbirdə respublikamızın bütün vətəndaşları fəal iştirak edirlər. Bu aksiya Ağcabədidə də fəallıqla keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə "N" hərbi hissəsinin hərbi qulluqçuları da iştirak ediblər. Onlar bu məqsədlə müəyyənləşdirilmiş ərazidə ağaclar əkiblər.
Rəşid HÜSEYNOV,
foto
Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"